Onlayn ictimai-siyasi qəzet
“Afrikada uğrunda mübarizə davam edir. Böyük dövlətlər Afrikanın müxtəlif ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışırlar. Bu sırada Çin ön plandadır”.
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edir ki, Pekin tarixən Afrika ölkələrinin müstəqillik hərəkatlarını, hərbi səylərini və idarəetmə strukturlarını dəstəkləyib:
“Pekin hazırda Afrika ölkələrinin məmurları üçün müxtəlif təlim və liderlik kursları həyata keçirir. Çin bu məqsədlə Afrika ölkələrində təlim kursları üçün binalar və yataqxanalar inşa edib. Misal üçün Çinin Tanzaniya məmurları üçün həyata keçirdiyi kurslar bəhrəsini verməyə başlayıb. Bu ölkədə mühüm vəzifə tutan məmurlar Çin kurslarının məzunlarıdır. Bu məzunlar mühüm vəzifələrə yiyələndikdən sonra Çinlə əlaqələrini kəsmirlər. Bununla Afrika ölkələrindəki elit təbəqənin Çinlə bağlılığı artır. Başqa sözlə Afrikada güclü Çin şəbəkəsi formalaşıb.
Çinin Afrikada mövqelərini gücləndirən amillərdən biri Pekinin həyata keçirdiyi “bir kəmər, bir yol” layihəsidir. Bu layihə Pekinə imkan verir ki, Afrikadakı təsirini artıra bilsin, təhlükəsizlik sahəsində də əməkdaşlıq genişlənib. Pekin Afrika ölkələrinə yönətldiyi sərmayə vasitəsilə bölgədə geoiqtisadi və geosiyasi mövqelərinin gücləndirməyə çalışır. Yatırımların əvəzini almaq və böyük gəlirlər əldə etmək Çini ilkin mərhələdə o qədər də maraqlandırmır. Pekin üçün əhəmiyyətli olan Afrika ölkələrini Çinin maliyyəsindən asılı vəziyyətə salmaqdır. Bu isə Pekinə Afrika ölkələrinin siyasi qərarlarına təsir etmək imkanı verəcək”.
Elxan Şahinoğlu bildirir ki, Afrika ölkələri Çinlə əməkdaşlıqda maraqlıdırlar, çünki bu dövlətlərin maliyyəyə ehtiyacları var. Fransa, ABŞ və ya Rusiya Afrika ölkələrində maraqlarını qorumağa çalışsalar da, bu dövlətlərə Çin qədər yatırım qoymurlar, şərtləri ağırdır:
“Ona görə Çin Afrika ölkələri üçün daha cəlbedicidir. Ancaq bu özündə riskləri də ehtiva edir. Afrika ölkələri Pekinlə iqtisadi zəmində əməkdaşlıqda maraqlı olsalar da, Çinin idarəetmə modelindən ehtiyat edirlər. Fransa və digər Qərb dövlətlərinin müstəmləkə siyasətlərindən qurtulan Afrika ölkələri başqa bir ölkənin müstəmləkəsi olmaq istəmirlər. Digər tərəfdən Afrika ölkələrində ideoloji təbliğat işləmir, hakimiyyət uğrunda mübarizə etnik qrupların qarşıdurması üzərində formalaşıb. Bu ölkələrdə iğtişaşlar məhz etnik zəmində baş verir. Bu amilin özü Çinin Afrika ölkələrinə öz ideologiyasını tətbiq etmək imkanlarını heçə endirir”,-deyə politoloq vurğulayıb.
Xalidə Gəray
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ