İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyran Rəhimova: "Haqqımda şayiə yayırdılar ki..."

Musavat.com bildirir ki, tanınmış aparıcı Ceyran Rəhimova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ceyran xanım, uzun illər AzTV-də "Sən bir nəğmə" verilişinin aparıcısı olmusunuz. Maraqlıdır ki, yenidən televiziyada fəaliyyət göstərməyi düşünürsünüzmü?

- Yeni mövsümdə veriliş aparıcısı kimi tamaşaçıların qarşısına çıxa bilərəm. Hər şey qismətdən asılıdır. Aparıcı kimi fəaliyyət göstərməyə hazırlaşırdım, bacım Mehriban dünyasını dəyişdi.

- Əksəriyyət televiziyalarımızın bugünki səviyyəsindən narazılıq edir. Peşəkar aparıcı kimi siz kanallarımızı necə dəyərləndirirsiniz?

- Əslində, demək olmaz ki, bu kanalda vəziyyət belədir, digərində daha yaxşıdır. Düzdür, hamının əziyyəti var, hər kəs zəhmət çəkir. Hər bir televiziya rəhbəri istəyər ki, kanalda yayımlanan verilişlər yüksək səviyyəli olsun, bütün televiziya tamaşaçıları proqramları izləsinlər. Sadəcə, müəyyən kanallarda bəzi verilişlər var ki, onları ələkdən keçirmək lazımdır. Mən istəmərəm ki, kiminsə zəhmətini yerə çırpım. Elə kanal var, tamaşaçılar məhz o verilişlərə baxırlar, həmin proqramın və aparıcının daimi izləyicisidir.

Bilirsiniz ki, zövqlər fərqlidir. Təbii, televiziyalar müəyyən kütlə üçün çalışmamalıdır, bütün təbəqələri nəzərə almalıdırlar. Ziyalımızın da, yaşlı və gənc nəslimizin də baxa biləcəyi verilişlər yayımlanmalıdı. Məni ən çox narahat edən məsələ aparıcıların, layihə rəhbərlərinin efirdən şou çıxarmaq məqsədilə istifadə etmələridir. Süni şou yaratmaq lazım deyil. Tamaşaçı bir aparıcının gülüşünün belə saxta olduğunu hiss edirsə, o şounun nə əhəmiyyəti olacaq?

Məsələn, mən bir tamaşaçı kimi süniliyi hiss edirəm. Bir verilişin aparıcısı, adını qeyd etməyəcəm, hər sözünün əvvəlində də, sonunda da gülür. Baxan düşünür ki, hansı sözə və niyə güldü?! Axı, ortada gülməli bir şey yoxdur... Adi gülüşün də mənasızlığı, yersizliyi tamaşaçıya dərhal çatır.

Verilişdə şou yaratmaq istəyirsənsə, ayrıca şou-proqram hazırla. Amma bütün verilişləri şouya çevirmək olmaz. Bəzi aparıcılara məəttəl qalıram ki, bunu necə bacarırlar?.. Mən şəxsən aparıcı kimi heç vaxt elə hərəkəti edə bilməmişəm. Tamaşaçı sünilliyi hiss edir. Görür ki, müəyyən səhnələr qeyri-peşəkarcasına qurulub.

- Bəs, hansı kanallarımızı izləyirsiniz?

- Sırf izlədiyim hansısa kanalımız yoxdur. Ancaq sosial mediada verilişlərdən qarşıma çıxan qısa süjetlərə baxıram. Televiziyalarımızda yayımlanan verilişlərimizi izləməyə nə zamanım, nə də səbrim var. Hansısa verilişimizi sona qədər izləyim... Xeyr, belə bir şey yoxdu.

- "Sən bir nəğmə"dən sonra fəaliyyətinizə fasilə verməyinizə rəğmən insanlar tərəfindən unudulmadınız və daim gündəmdə qaldınız.

- İnsanların məni unutmaması üçün xüsusi nələrsə etmədim. Amma doğrudur, bir aparıcı kimi yaddan çıxmadım.

- Siz həmçinin mətbuata, televiziyalara çıxmadınız, sosial şəbəkələrdən istifadə etmədiniz.

- Hər gün efirə çıxan aparıcılarımız var, düşünürlər ki, bir ay efirdə görünməsələr həyat dayanar. Mən bu məsələyə o qədər laqeyd yanaşmışam ki... Efirdən getsəm unudularam və sair düşünməmişəm. Özümü reklam etməklə məşğul olmamışam. Reklamla məşğul olum, gecə-gündüz işləyib pul qazanım kimi düşüncədə olmamışam.

Televiziya sahəsində çalışmaq çox çətin və məsuliyyətlidir. Ömür gedir, bir də ayılırsan ki, 50 yaşın var, həyatdan zövq almamısan. Mən həyatımı elə yaşamadım, amma, maşallah, indiki aparıcıların həyatlarının mərkəzində televiziya dayanır. Onlar özlərinə televiziyadan kənar həyat qura bilmirlər. Mən heç vaxt elə olmamışam. Bəlkə ona görə ki, əvvəldən televiziyada fəaliyyət göstərmək məqsədim olmayıb.

Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm. Televiziya sahəsinə təsadüfən gəlmişəm. İkinci ali təhsilim jurnalistika sahəsi ilə bağlı olub. Məşhurlaşım, tanınım, hamı məndən danışsın və sair fikrindən uzaq olmuşam. Günü bu gün də bu xüsusiyyətlərə can atmıram.

Sosial şəbəkədən istifadə məsələsinə gəlincə, buna heç kim mane olmayıb. Rəfiqəm, xalq artisti Nəzakət Teymurova birgə şəkillərimizi sosial media hesabında paylaşırdı. O, şəkillərimizi paylaşanda da demirdim ki, Nəzakət, paylaşma. Həmişə Nəzakətin qızı Nigar deyirdi ki, Ceyran xala, gəlin birlikdə şəkil çəkdirək.

Yəni qadağa olsaydı, bunu Nəzakət Teymurova hiss edər və fotolarımızı paylaşmazdı. Bir az əvvəl dediyim kimi qarşıma məqsəd qoymamışam ki, hamı məndən danışsın, reytinqli olum...

- AzTV-dən ayrılmağınıza səbəb nə oldu?

- Mən 23 yaşımdan 17 il televiziyada fəaliyyət göstərdim. AzTV-də beş-altı layihənin aparıcısı və müəllifi oldum. Müəllifi olduğum verilişlərə aparıcılıq etdim. Sonra AzTV-nin rəhbəri dəyişdi. Müəyyən şərtlər məni qane etmədi. Əslində, elə bir kaprizlərim də yox idi. Bir az özümü tükənmiş hiss etdim. Məzuniyyətə çıxdım, istirahət etmək xoşuma gəldi. Bunun üçün də televiziyadan uzaqlaşdım. (Gülür).

Təbii ki, televiziyadan uzaqlaşmağımdan ailəmin də xoşu gəldi və buna öyrəşdilər. Evdə fəaliyyətə başlayacağımı deyəndə qulaqlarını çəkdilər ki, Allah eləməsin, sən işə dönəsən...

- Televiziyadan uzaqlaşmağınızın şəxsi həyatınızla da əlaqəsi vardımı?

- Xeyr, əgər elə bir qadağa olsaydı, bu sahədə davam etməzdim. Ailə qurandan sonra da "Sən bir nəğmə" verilişində aparıcılıq etdim. Mənə 25-30 yaşımda qadağa qoyulmayıbsa, 40 yaşımda niyə qoyulmalıydı?..

Sadəcə televiziyadakı problemlər evimizin içində cərəyan edirdi və həyatımıza, istirahətimizə mane olmağa başlamışdı. O dönəmdə televiziyada böyük dəyişikliklər aparılırdı. Bu dəyişikliklər mənə istər-istəməz təsir edirdi. Beləliklə, dediyim kimi, məzuniyyətə çıxdım və daha geri dönmədim. Anam da dedi ki, qızım, evdə otur. Onun 82 yaşı var, əməkdar müəllimdir. Mənə televiziyaya qayıtmaq üçün təkan verən yox idi. Məsələn, indi dostlarım, ətrafım, media nümayəndələri, həyatımda müyyən hadisələr baş verdiyinə görə istəyirlər ki, işimə qayıdım.

Özümü tamamilə ailəmə həsr etdim. Bundan çox rahat idim. Amma itkilər insanın həyatında çox böyük boşluqlar yaradır. Son doqquz-on ayda iki doğma ailə üzvümü itirdim. Bacım Mehriban 2019-cu ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun özü də xəstəliyini bilirdi, həkim idi. Xaraktercə çox güclü insan idi. Son nəfəsinə qədər xəstəliklə bağlı gözündən bir damla yaş da düşmədi. Həyatımda yaşadığım itkilərimə görə yaxınlarım televiziyaya dönməyimi istəyirlər.

- Belə bir söz var, "gözəl qadınlar bəxtsiz olurlar". Bu ifadə ilə razısınızmı?

- "Gözəl qadınlar bəxtsiz olurlar" ifadəsi mənə yaddır. İstəyir qadın gözəl, istər də kifir olsun, Allah sənə hansı qisməti yazıbsa, onu yaşamağa məhkumsan. Onun gözəlliyə aidiyyəti yoxdur. Ola bilər, bəzi gözəl qadınlar daha yaxşı yaşamaq arzusunda olurlar, bu alınmayanda deyirlər ki, gözələm, ona görə bəxtim yoxdur.

İnsan öz həyatını gözəlləşdirməli, özünü xoşbəxt görməyi bacarmalıdır. Təbii, xoşbəxtlik əlimizdə deyil. Əlimizdə olanlara şükür etməliyik. Məgər mənim həyatımda əksikliklərim yoxdur?.. Əvvəla mən özümü gözəl hesab etmirəm. Çirkin qadın yoxdur, baxımsız qadın var. Mən qismətə inanan insanam.

- Duyğusal baxımından ən zəif anlarınız nə zaman olur?

- İndiyə qədər bütün çətinliklərin öhdəsindən Allahın köməyi ilə gəlmişəm. Heç vaxt gücsüz olmamışam. Güclü qadın ifadəsini də xoşlamıram. Qadın zərif və zəifdir. Amma həyat və düşüdüyümüz situasiyalar bizi möhkəmləndirir. Xaraktercə möhkəm olmaq məcburiyyətini qəbul edirik. Mən heç bir çətinliyin qarşısında aciz qalmadım, amma itkilərin qarşısında acizəm.

Həyatımın ən aciz günlərini yaşadım. Üsyan etmirəm, Allah özü bilən məsləhətdir. Heç vaxt kövrək insan olmamışam. Bacım uşaqları məni ağlayan görəndə şoka düşürdülər ki, Cina ağlayır. Onlar mənə xala yox, "Cina" deyirlər. Doğmalarımı itirdikdən sonra gözümün yaşı qurumur... (Kövrəlir). Görürəm ki, itki qarşısında hər bir insan acizdir.

- Haqqınızda yayılan hansı şayiə sizi təəccübləndirib?

- Əvvəla deyim ki, haqqımda yaxşı və pis şayiələr yayıblar. Yaxşı şayiədən başlayım...Deyiblər ki, Ceyranın iki oğlu var.

Bacım uşaqları hər zaman mənimlə olublar. Mən uşaq sevənəm, ətrafımda hamı bilir ki, kimin uşağı olur-olsun onları əzizləməliyəm. Orta məkətbi bitirdikdən sonra atam mənə avtomobil almışdı. Mən sükan arxasına oturan kimi uşaqlar mütləq o avtomobilə minməli idilər. Hamı elə bilirdi ki, rəhmətə gedən bacımın iki oğlu mənim övladlarımdırlar. Deyirdilər ki, Ceyran Rəhimovanın iki oğlu var, daim onlarla bir yerdədir.

Haqqımda ən ağır şayiə isə odur ki, deyiblər, Ceyran avtomobil qəzasına düşüb ölüb. O şayiə üç ilə yaxın davam elədi. "Sən bir nəğmə" verilişinin efirə gedən vaxtları idi. Hər dəfə efirə çıxanda deyirdilər ki, veriliş lent yazısıdır. Fikirləşirdim ki, hər həftə efirə çıxıram və bu şayiə sona çatacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR