Onlayn ictimai-siyasi qəzet
Rusiyanın iki postsovet ölkəsində dövlət çevrilişi hazırladığı iddia olunur. Bunlardan biri Ukrayna, digəri Ermənistandır.
Hər iki iddia dövlət rəsmiləri tərəfindən səslənib. Yəni işin içində olan şəxslər müşahidə etdikləri prosesi, əldə etdikləri məxfi məlumatları toparlayıb belə bir qənaətə gəliblər.
Bu, təəccüblü, sensasional, inanılması mümkün olmayan məlumatlardırmı? Xeyr.
Bu, çoxdan gözlənilən, indiyə qədər nə əcəb həyata keçirilmədiyi təəccüb doğuran plandır.
Heç kəsə sirr deyil ki, Kremlin adı çəkilən ölkələrin hakimiyyət dairələri ilə münasibəti düşməncəsinədir.
Ukrayna ilə açıq və şiddətli müharibə aparan, 3 günə bitirəcəyi hərbi kampaniyanın uzanıb iki ilə çatmasından olduqca hiddətli olan Moskva situasiyadan çıxış yolunun Zelenskini devirmək və ya fizik cəhətdən məhv etmək olduğu fikrinə çoxdan gəlib.
Çünki Zelenski Kremldəkilərin düşüncəsinin əksinə olaraq həm “bərk qoz” çıxdı, həm də dotələbliyi ilə Qərb ölkələrini öz ətrafında birləşməyə vadar edərək ciddi koalisiya qurdu, güclü müqavimət təşkil etdi. Ukraynada bunu bacaracaq ikinci siyasi xadim yox idi və yoxdur. Ona görə də Kremldə düşüncə budur ki, Zelenski devrilsə, Ukraynanın müqaviməti sıfırlanacaq.
Baş nazir Nikol Paşinyan da Rusiya üçün eynilə arzuolunmaz şəxsdir. O, hakimiyyətə gəldiyi gündən Kremldə sevilmir, zaman-zaman dışlanır. Moskva ona dəfələrlə qulaqburması vermək istəyib, amma Paşinyan hər dəfə bədəninə yağ çəkmiş güləşçi kimi sürüşüb əldən çıxıb. Onun müqavimətinin ziyanını ölkəsi çəkib. Moskva Ermənistandakı daxili narazılığı körükləyərək, Paşinyanın hakimiyyətini laxlatmaq istəsə də, kürəyini Fransaya, ABŞ-a, bütövlükdə Qərb dairələrinə söykəyən Paşinyan siyasi təlatümlərdən qalib çıxıb.
Ancaq indi divarın qurtaran yeridir. Proses irəliləyərək elə bir yerə gəlib çatıb ki, bir azdan ya Rusiya Ermənistanı itirəcək, ya da Paşinyan hakimiyyətini itirməlidir.
Bəlkə də Rusiya Ermənisandakı hakimiyyət dəyişikliyində bu qədər maraqlı olmasaydı, prosesə təsir göstərmək üçün bu qədər səy göstərməsəydi, Ermənistan ictimaiyyəti silsiləvi hərbi məğlubiyyətləri, Qarabağın əllərindən çıxmasını Paşinyana bağışlamazdı. Ancaq hazırda ermənilərin əksəriyyəti Paşinyanı məhz Rusiyanın və 30 il boyunca xalqın başına oyun açmış “Qarabağ klanı”nın acığına dəstəkləyir.
5-6 il əvvəllə müqayisədə Rusiya artıq Ermənistanda “sevimli dost ölkə”, “sadiq müttəfiq”, “güclü himayədar” hesab edilmir. İndi ermənilər Rusiyadan söz açarkən mütləq “xəyanət” kəlməsi də işlədirlər.
Gələn informasiyalarda bildirilir ki, ruspərəst ermənilər Robert Köçəryanın oğlu Levon Köçəryanın ətrafında birləşərək yeni etiraz aksiyalarına başlamaq, sonucda hakimiyyətə onu gətirmək istəyirlər. L.Köçəryan noyabrın 6-da parlamentin deputatı mandatına yiyələnib.
O, Ermənistan ictimaiyyəti üçün yeni fiqurdur, ilk baxışdan “vurulmuş kadr” sayılan atasından fərqlidir. Ancaq Ermənistanda hər kəs bilir ki, Levon, necə deyərlər, “atasının başının dərisidir” və hakimiyyətə gələrsə, Robert Köçəryanın işini qaldığı yerdən davam etdirəcək.
Bu isə Ermənistana yeni qan-qadalar, müharibə, eskalasiya vəd edir. Erməni xalqının revanşist hissəsi istisna olmaqla, müharibədə ağır itkilər verən təbəqələri çətin ki, yeni hərbi avantüraya qol qoyası hakimiyyət komandasının iş başına gəlməsinə kömək etsin.
Bu baxımdan Rusiyanın Ermənistanda dövlət çevrilişi həyata keçirmək planı o qədər də asanlıqla həyata keçiriləsi bir iş deyil. Üstəlik, Qərb dairələri Paşinyanın ətrafında güclü komanda formalaşdırıb, ona hər cür dəstək və vədlər verir. Erməni xalqı ümidlidir ki, düşdüyü olduqca əlverişsiz və xoşagəlməz situasiyadan Qərbin köməyi ilə çıxa biləcək.
Ukraynaya gəlincə, bu ölkənin təhlükəsizlik orqanları, məxfi xidmətləri, kəşfiyyat strukturları tam olaraq Qərbin nəzarəti altındadır. Onlar Ukrayna dövlətinə, Zelenskinin həyatına və hakimiyyətinə təhlükə törədə biləcək bütün hücrələrdən xəbərdardırlar. İndiki halda Ukraynada da dövlət çevrilişi etmək asan deyil.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ