İnsanlara hürriyət, millətlərə istiqlal!

Çətin işləri asan həll edən xidmətin 10 yaşı – “ASAN xidmət” məmnuniyyəti

2012-ci ilin iyul ayında ölkəmizdə indiyəcən analoqu olmayan yeni bir qurum - "ASAN xidmət" yaradılanda, demək olar ki, heç kəsin bu strukturun nə işlə məşğul olacağı necə fəaliyyət göstərəcəyi barədə anlayışı yox idi. Eləcə, yayılan informasiyalardan məlum olmuşdu ki, dövlət başçısı müvafiq sərəncam imzalayıb, yeni struktur birbaşa Prezidentə tabe olacaq.

Yeni qurumun adı beləydi: Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi. “ASAN xidmət” adı agentliyin ingiliscədəki abbreviaturasının ("Azerbaijan Service and Assessment Network") birləşməsindəm götürülmüşdü, amma vətəndaşlara göstərilən xidmətin mobilləşdirilməsinə, asanlaşmasına xidmət edəcəyi də nəzərə alınmış və belə bir kreativ ad seçilmişdi.

Hər yeni işdə, layihədə olduğu kimi, ilk başda “ASAN xidmət”in gələcək fəaliyyətinə skeptik yanaşanlar, ağız büzənlər də vardı.

663211.jpg (366 KB)

2012-ci ilin bu günü, yəni dekabrın 29-da Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı olanda yenə bir çoxları düşünürüdü ki, bu agentlikdə də qısa müddət ərzində postsovet ölkələrinin idarəetmə sisteminə xas olan süründürməçilik, xırda rüşvətxorluq, bürokratik əngəllər bərqərar olunacaq, hər şey bizə çoxdan tanış olan müstəviyə keçəcək.

Ancaq elə olmadı. Bir-birinin ardınca paytaxtda, Sumqayıtda, Gəncədə, daha sonra o biri rayonlarda açılan “ASAN xidmət” mərkəzləri vətəndaşlara indiyə qədər heç vaxt olmadığı səviyyədə hərtərəfli xidmət göstərməyə başladılar. İlk vaxtlardakı müştəri məmnuniyyəti heç vaxt azalmadı və bu gün də davam edir.

998754.jpg (340 KB)

Agentliyin rəhbərliyi, onlardan tələb olunduğu kimi, “ASAN xidmət”ə müraciət edən vətəndaşların irad və təkliflərini öyrənmək üçün mərkəzlərə çoxsaylı könüllülər qrupu cəlb etmişdi və onların müştərilər arasında keçirdikləri sorğuların nəticəsindən asılı olaraq xidmət növlərinin keyfiyyətini təkmilləşdirir, çeşidini artırırdılar.

Ayrıca mərkəzlərdə çalışan, təcrübə keçən, iş əsnasında fərqlənən könüllülərin bir hissəsi sonradan istər “ASAN xidmət”də, istərsə də digər dövlət strukturlarında işə qəbul edilirdilər. Bu, bir ilk idi və “ASAN xidmət” onlar üçün bir növ karyera tramplini rolunu oynayırdı. Hazırda hər mərkəzdə təxminən 100-ə yaxın könüllü çalışır və bu, xidmətin əmək kollektivlərinin miqyasından xəbər verir.

66553.jpg (448 KB)

Artıq ölkənin əksər rayonlarında "ASAN xidmət" mərkəzləri var və vətəndaşlar hansısa sənədlərini düzəltmək, hansısa xidmətlərdən yararlanmaq üçün uzun məsafələr qət etmək, günlərlə vaxti itirmək əziyyətindən qurtulublar. Çünki "ASAN" modelinin altı əsas prinsipi (operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq) vətəndaşların həyatını asanlaşdırmaq səciyyəsi daşıyır. Mərkəzlərdə dövlət xidmətləri əlaqələndirilmiş şəkildə fəaliyyət göstərdiyinə görə insanlar bir idarədən çıxıb digərinə qaçmırlar. Hər müşkül məsələ mərkəzin binasına daxil olduqdan sonra bəlli bir müddət ərzində həll edilir. Hazırda da "ASAN xidmət" mərkəzlərində vətəndaşlara daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur.

Bu cür mükəmməl xidmətlər təbii ki, ölkə daxilində vətəndaşlarımız arasında məmnunluq yaratdı, bu, öz növbəsində “ASAN xidmət”ə şöhrət gətirdi. Sonradan “ASAN xidmət” layihəsinin uğurları ölkəmizin hüdudlarından da kənarlara yayıldı və bir çox ölkələrdən Bakıya gələn səlahiyyətli qonaqlar bu təcrübəni öyrənərək öz ölkələrində tətbiq etmək təşəbbüsüylə çıxış etdilər. Hansı ölkə bu təcrübədən necə yararlandı, necə tətbiq etdi, bu, başqa və uzun söhbətin mövzusudur.

Asan xidmet 120414.jpg (43 KB)

Öz ölkəmizin "ASAN xidmət" isə 2015-ci ildə BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (ing. United Nations Public Service Award 2015) layiq görüldü. Həmin il Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqədə Azərbaycanı təmsil edən “ASAN xidmət” "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə qalib oldu.

Bu xidmət haqqında yayılan rəsmi məlumata görə, indiyə qədər "ASAN xidmət" mərkəzlərinə 52 milyondan çox müraciət edilib və vətəndaşlara göstərilən xidmətlərdən məmnunluq dərəcəsi 98–100% arasında dəyişib.

9988.jpg (87 KB)

Bundan başqa, agentliyin səyyar xidməti də fəaliyyət göstərir. 2013-cü ilin iyunun 1-dən etibarən "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Səyyar avtobuslar hər bölgədə təxminən iki həftə qalırlar. Hazırda xidmət göstərən səyyar avtobusların sayı 10-dur. İndiyə qədər səyyar "ASAN xidmət"ə 2 600 000 çox müraciət edilib. Bu da özlüyündə rekord göstəricidir.

Prezident İlham Əliyevin 2016-cı ilin mayında imzaladığı fərmanla "ASAN kommunal" mərkəzlərinin yaradılması da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb və qısa müddətdə əməli işlər görülüb. Bu gün "ASAN Kommunal" mərkəzlərində “Azəriqaz”, “Azərsu”, “Azərişıq” şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir.

1121.JPG (66 KB)

Bir sözlə, sovet bürokratizmindən, əski dönəmlərin süründürməçiliyindən, insanlardan “şirinlik” adlı xırda rüşvətlərin qoparılmasından operativ və mobil şəkildə xilas olmağın yolu məhz belə xidmət növünün yaradılması, “ASAN xidmət” layihəsinin həyata keçirilməsi idi.

Nə yaxşı ki, 10 il öncə belə bir islahat həyata keçirildi və ölkədə demək olar ki, hər kəs bu agentliyin xidmətindən yararlandı. Ən ümdəsi odur ki, “ASAN xidmət” mərkəzləri bu gün də öz işlərini 10 əvvəlki ilk iş günündə başladıqları kimi, eyni şəffaqlıq, operativlik, dürüstlük, əzmkarlıqla davam etdirirlər.

“Yeni Müsavat” Media Qrupuna daxil olan kollektivlərin əməkdaşları xalqımıza bütün çətin işlərin həllində xidmət edən “ASAN xidmət” əməkdaşlarını təbrik edir, onlara yeni-yeni uğurlar arzulayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR