İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbrayılda minaya düşən sürücü baş prokurordan kömək istəyir - FOTOLAR

Ermənilər tərəfindən Azərbaycan ərazisində basdırılan minaların sayı 1 milyondan çoxdur. Bu məlumat 2024-cü ilin əvvəlində Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada yer alıb. 2020-ci ildən bu yana ermənilərin Qarabağ ərazisində basdırdıqları minalarda 300-dən çox Azərbaycan vətəndaşı ya həlak olub, ya da yaralanıb.

Azərbaycan vətəndaşı Raqif Nuriyevin idarə etdiyi yük maşını bu il iyunun 20-də Cəbrayıl rayonunun Horovlu kəndində tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində Raqif Nuriyev bir ayağını itirib, yük maşını isə tamamilə yararsız hala düşüb.

Musavat.com-a müraciət edən Raqif Nuriyev deyib ki, hadisə nəticəsində həm ayağını itirib, həm də kreditlə aldığı yük maşını tamamilə yararsız hala düşüb.

Deyir ki, 5 aydır maşın özü olmasa da, ailə borc edib, krediti ödəmək məcburiyyətindədir. Raqif Nuriyev taxıl biçini mövsümündə maşını ilə məhsul daşımaqla ailəsini dolandırıb. Elə hadisə vaxtı Cəbrayıla getməsinin səbəbi də bu olub.

WhatsApp Image 2024-11-27 at 17.37.48 (1).jpeg (54 KB)

Raqif Nuriyev bildirir ki, əlində Cəbrayıl rayonunun Horovlu kəndində taxıl əkilən ərazilərin minalardan tam təmizlənməsi barədə Minatəmizləmə Agentliyinin (ANAMA) sertifikatı var.

O da həmin sənədə güvənərək, taxılı daşımaq barədə sifarişi qəbul edib və Cəbrayıla gedib:

“Orada Vüqar müəllimə məxsus hektarlarla taxıl sahələri var. Fərhad müəllim də biçilən taxılı alan adamdır. Mən isə sadəcə, sürücüyəm. Dövlət orqanının verdiyi sertifikata inanmışam ki, oralar minadan təmizlənib, ona görə getmişəm. 2 gün də orada işləmişəm. 3-cü gün maşınla tank əleyhinə minaya düşmüşəm”.

1991-ci il təvəllüdlü Raqif Nuriyev Füzuli rayonunda xəstəxanaya çatdırılıb, orada sol ayağı amputasiya edilib. Sonra Bakıya - Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib: “Bakıda xəstəxanada da 1 ay yatdım. Çünki sümüklərim qırıq-qırıq idi. Ayağım topuqdan 20 santimetr yuxarı kəsildi. Üstəlik mil də qoydular. İndi də yataqdayam. Arabir evin içində gəzirəm. Harasa gedəndə də ancaq kimlərinsə köməyilə... Köməyə möhtac olub qaldım”.

Daxili İşlər naziri Vilayət Eyvazov Gəncədə vətəndaşlarla görüşəndə Raqif Nuriyev də onun qəbuluna gedib.

WhatsApp Image 2024-11-27 at 17.37.48.jpeg (89 KB)

Deyir ki, nazir onunla görüşüb, şikayətinin araşdırılacağına söz verib. Bir neçə gün sonra nazirlikdən ona zəng gəlib: “Dediyi kimi də oldu. Nazirlikdən zəng gəldi ki, qardaş, sizin işiniz polisdə deyil, prokurorluqdadır. Sonra eşitdim ki, prokurorluq da mənim işimlə bağlı araşdırmanı dayandırıb. Əvvəl heç olmasa, zəng eləyəndə müstəntiq cavab verib, “yaxşı olacaq” deyirdi. İndi telefonlarıma cavab da verilmir. Özləri də görürlər ki, yaman günə qalmışam”.

Raqif Nuriyev deyir ki, başına gələn mina müsibəti həyatını alt-üst edib: “Taxılını daşıdığı Vüqar müəllimlə Fərhad müəllimin təsiri ilə mənə belə münasibət sərgilənir. Ona görə daha mənim başıma gələnlər, dəyən ziyan prokurorluğu maraqlandırmır”.
Raqif Nuriyev baş prokuror Kamran Əliyevə müraciət edərək üzləşdiyi qanunsuzluğun qarşısının alınmasını xahiş edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR