İnsanlara hürriyət, millətlərə istiqlal!

Çalxalandıqca Gürcüstan nehrə kimi... – “Əcəl zəngi” həm də Ermənistan üçün çalınır

Gürcüstandakı son parlament seçkilərinin saxtalaşdırıldığı bəhanəsi ilə onun nəticələrini tanımayan Avropa Parlamenti (AP) şübhəsiz ki, növbəti böyük haqsızlığa yol verib. Əlbəttə ki, hamımızın yaxşı tanıdığı, bu fitnə-fəsad yuvası sırf siyasi maraqları əsas götürərək, belə qərar çıxarıb.

Halbuki seçkilərin nəticələrinə inzibati resursların təsiri uzağı 2-3% arası ola, ya olmaya. O da bütün normal dövlətlərdəki azad seçkilərə xasdır. Daha absurdu isə odur ki, ATƏT və onun müşahidə missiyası 26 oktyabr seçkilərinin nəticələrini tanıyıb. Avropa Parlamenti isə burdan-bira ATƏT-i də vecinə almır...

İndi əgər Avroparlament Gürcüstanın yeni parlamentini legitim hesab etmirsə, aydındır ki, dekabrın 14-də həmin parlamentin seçəcəyi prezidenti də qanuni saymayacaq. Bu isə prezidentdən çox Qərbin (Fransanın) casusu rolunu oynayan prezident Salome Zurabişvilini daha aqressiv mövqe tutmağa və müxalifəti qızışdırmağa sövq edəcək.

Onsuz da Zuravbişvili səlahiyyətlərinin bitdiyi gün - dekabrın 29-da öz vəzifəsindən getməyəcəyini bəyan edib.

Üstəgəl, Avropa Parlamentinin növbəti təxribatçı qərarı ölkədə vətəndaş qarşıdurması riskini bir az da artıracaq, əgər o vaxtadək hökumət vəziyyəti tam nəzarət altına almazsa təbii ki...

Hələliksə hakimiyyət qanunlar çərçivəsində gərəkəni edir və situasiyanın “qırmızı xətti” keçməsinə imkan vermir. Güc strukturları, özəlliklə polis və ordu hakimiyyətin yanında olduqca, ölüm-itim olmadıqca nümayişlərin iqtidar üçün böyük qorxusu olmayacaq.

Ancaq şəksizdir ki, Qərb ona sərf etməyən hökuməti zorakı yolla dəyişmək üçün pul-parasını əsirgəməyəcək. Daha bir səbəbə: ABŞ və Avropa İttifaqı Güney Qafqazda Azərbaycanın ardınca daha bir ölkənin müstəqil siyasət yürütrməsindən qorxur.

O halda region tamamən əldən çıxacaq, “blokada” durumuna düşəcək Ermənistanın qərbyönlü siyasətinin heç bir anlamı qalmayacaq. Çünki Ermənistanın Avropaya, dünya okeanına çıxışı qonşu Gürcüstan, Türkiyə və Azərbaycanladır...

Gürcüstan isə yəqin ki, hələ bir neçə gün çalxalanacaq. Şair demişkən, “çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”. İndi qonşu Gürcüstan da.

Ümid edək ki, qürurlu və mühafizəkar gürcü cəmiyyətinin əksəriyyəti milli-mənəvi dəyərləri qarın psixologiyasının fövqündə tutacaq. Onu manqurta çevirmək istəyən dairələrin gerçək niyyətini vaxtında anlayacaq, imtahandan üzüağ çıxacaq.

Bunu da tarix üçün yazaq ki, hətta təkrar seçkilərə gedilsə belə, müxalifət nəticəsini yaxşılaşdıra bilməyəcək. Əksinə, hazırda baş verənlər onun əleyhinə işləyə bilər. Çünki indi heç vaxt olmadığı qədər “yağ” da, “ayran” da daha aydın görünür...

Gürcüstanda yaşananlar Ermənistana da dərs olmalıdır. Söhbət Aİ-yə üzvlüklə bağlı illüziyalardan və bu illüziyalar üzərində Azərbaycana qarşı təhlükəli revanşist palanlar qurmaqdan gedir.

“Heç kim bizi Avropa İttifaqına (Aİ) dəvət eləmir, yaxın gələcəkdə bu quruma üzvlüyümüzlə bağlı perspektiv yoxdur”.

Erməni politoloq Vahe Ovannisyanın sözləridir. Onun qənaətincə, Ermənistanda Aİ-yə üzvlük üçün nəzərdə tutulan referendum əsassız və heç bir rasional hesablamaya malik olmayan təşəbbüsdür.

“Aİ-yə üzvlüklə bağlı mümkün referendum süni və sıfır perspektivli prosesdir. BRICS-ə üzvlük isə real ola bilər. Ermənistanın əsas iqtisadi tərəfdaşı olan Rusiya da BRICS üzvüdür. Həmçinin Ermənistanın birbaşa quru yolu olan qonşuları İran, Azərbaycan və Türkiyədir. Heç kim bizi Aİ-yə dəvət eləmir və bizi orada gözləmir. Yaxın gələcəkdə Aİ ilə quru marşrutu perspektivimiz yoxdur”, - Ovannisyan bildirib...

Yəni ki, arada xəritəyə baxın, cənab haylar. Ermənistanın dövlət kimi mövcudluğu və inkişafı nə uzaq Aİ-dən asılıdır, nə də okeanın o tayındakı ABŞ-dan. Hər şeydən öncə, birbaşa qonşularla əlaqələri normallaşdırmadan asılıdır. Yolu, şərtləri məlum. Xarici güclərin (Rusiyanın) əlində marionet olmağın Ermənistana neçəyə başa gəldiyi bəlli. Dərs olmadımı? Bir ağanı o birinə dəyişməyin nə fərqi?

Hələ gec deyil...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR