İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buz” sındı: Ermənistanla delimitasiya danışıqları başlayır - əsas gözlənti

Avqustun axırında Moskvada Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyaların nümayəndələrinin iclası keçiriləcək. Bu barədə “Sputnik Ermənistan”a Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib. “Hazırda məsələlərin ayrıca gündəliyi müəyyən edilməyib”, - ofisdən bildiriblər.

Erməni radikalları isə növbəti dəfə revanşa cəhd etməkdədirlər. Belə ki, Ermənistan müxalifət təşkilatı olan Müqavimət Hərəkatı sentyabrın 2-də mitinq keçirəcək. “Yeni Müsavat” Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni parlamentin üzvü İşxan Saqatelyan deyib. O əlavə edib ki, Müqavimət Hərəkatı mübarizəni tam tərkibdə davam etdirəcək. Saqatelyan iddia edib ki, İrəvanda keçirilən mitinqlə paralel Xankəndidə və diaspor da aksiya təşkil edəcək. Liderlərin Moskva görüşü və işçi qruplarının bir araya gəlməsi ərəfəsində erməni revanşçıların yenidən baş qaldırmaq cəhdi növbəti oyunun tərkib hissəsidir. Adətən Ermənistan belə manevrlərdən yararlanmaqla prosesi uzatmağa cəhd edir. Nikol Paşinyansa ölkədəki “etiraz”ları bəhanə edib sülh anlaşmasını imzalamaqdan yayınır.

Bu arada Rusiyanın İrəvandakı səfirliyinin müşaviri-səfiri Maksim Seleznyov bəyan edib ki, yeni yol istifadəyə verilənə qədər Rusiya sülhməramlıları mövcud Laçın dəhlizindən bir santimetr belə tərpənməyəcək. “Past” nəşri yazır ki, lakin Ermənistan tərəfi alternativ yol çəkməsə də avqustun 25-dən dəhlizin bağlana biləcəyi ilə bağlı məlumatlar yayılıb. “Rusiya tərəfdən yol ilə bağlı konkret dəqiqləşdirmələr olacaq. Rusiya tərəfi buna qədər bizə aydınlıq gətirəcək və biz sabah daha dəqiq biləcəyik ki, yol üçün konkret gün təyin olunub, ya yox, çünki indiyədək Rusiya tərəfi konkret gün təyin etməyib. Əslində bu günə kimi kimin belə tarix və möhlət qoyduğu bizə sirdir. Bununla bağlı heç bir rəsmi sənəd yoxdur. Hər halda, bu yoldan istifadə olunmayacağına dair güclü şübhələr var”, - deyə nəşr bildirib.

Rusiya sülhməramlılarının dislokasiya yerini dəyişdiyi və Azərbaycanın Laçın şəhəri, ətraf kəndləri nəzarətə aldığı ərəfədə iki ölkə təmsilçilərinin bir araya gəlməsi diqqət çəkir.

Xatırladaq ki, iki ölkə baş nazirlərinin müavinləri arasında ilk və sonuncu görüş mayın 24-də sərhəddə baş tutmuşdu. Budəfəki danışıqlar raundundan nə gözlənilir? Heç olmasa, konkret gündəliyin və “Yol xəritəsi”nin müəyyən edilməsi istiqamətində ciddi irəliləyiş mümkünmü? Bundan əlavə, sərhəd müzakirələrinin Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına hansı təsirləri ola bilər?

Rusiya tərəfi bəyan eləmişdi ki, delimitasiya müzakirələrinə başlamaq üçün Baş Qərargahda bütün müvafiq xəritələr var. Azərbaycan tərəfinin də mövqeyi bəlli. O zaman hansı xəritələr əsas götürüləcək? Bütün bu suallar çox aktualdır.

Bu məqamda xatırladaq ki, Azərbaycan Prezidenti dəfələrlə tarixi torpaqlarımızla bağlı həm beynəlxalq tədbirlərdə, həm xarici mediaya müsahibələrində, həm də xalqa müraciətində çox mühüm fikirlər söyləyib. Hətta baş nazir Nikol Paşinyanla debat zamanı da Prezident Əliyev İrəvan başda olmaqla, Ermənistanın mövcud olduğu ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu faktlarla bəyan edib. Prezident bu ilin yazında “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesi zamanı istifadə oluna biləcək xəritələrdən danışmışdı. “Bizim mövqeyimiz budur ki, sərhədlər müəyyənləşərkən tarix əsas götürüləcək. Biz təkcə bir xəritəyə yox, bir neçə xəritəyə konsentrasiya oluruq. 1918-ci ildə İrəvan Azərbaycanın tərkib hissəsi olub. 1920-ci ildə isə Zəngəzur Azərbaycanın tərkib ərazisi idi”, - deyə İlham Əliyev əlavə etmişdi.

“Azərbaycanın mövqeyi budur ki, sərhəd delimitasiyası üçün 1918-ci ildən başlayaraq, 1991-ci il, SSRİ-nin süqutuna qədər olan müddətdəki xəritələr əsas götürülsün”- Prezident bildirmişdi.

Bir neçə gün əvvəl dövlət başçımızın İsmayıllı səfəri zamanı Zəngəzurun da Azərbaycana aid olduğu 1918-20-ci il xəritəsini nümayiş etdirməsi isə xalqımızın ürəyindən xəbər verən hadisə oldu. Bir çoxları şübhə etmir ki, AXC-nin hüquqi varisi olan Azərbaycan Respublikası 1920-ci ildən başlayaraq qoparılmış ərazilərimizin də geri qaytarılması istiqamətində israrlı mövqe ortaya qoyacaq. Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışla bağlı prosesin başlaması da tarixi ədalətin bərpası istiqamətində növbəti addımdır. 

Uzeyir Ceferov ordudan ehtiyata buraxildi

Üzeyir Cəfərov: “Yalnız güclü diplomatik təzyiq, ordunun səyi nəticəsində bu yaramazları başa salmaq olar və bu, çox lazımdır”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında dedi ki, rəsmi İrəvan prosesi uzatmaq üçün manevrlər edir: “Siz iki ölkə rəsmilərinin sonuncu görüşünün tarixinə diqqət yetirsəniz, Ermənistanın bu danışıqlardan da vaxt udmaq və vaxt uzatmaq üçün gen-bol istifadə etdiyini görə bilərsiniz. May ayından bu günə sərhədlərlə bağlı Ermənistan hansı doğru və ya dürüst addımı atıb ki, biz indi ayın sonunda növbəti görüşdən nə isə gözləyək? Üstəlik də bir məsələni nəzərə almaq lazımdır: Ermənistan rəsmiləri açıq bəyan edirlər ki, Moskvadakı görüşün gündəliyi müəyyən edilməyib. Əcəba, bəlkə bir-birinə sadəcə salam verməyə və keyf-hal tutmağa yığışırlar?! Əslində hər bir görüş növbəti addımlar üçün bir zəmin hazırlamaq deməkdir. Ermənistan 2 il bundan öncə etməli olduğu çox işləri hələ yerinə yetirməyib. Biz isə sadəlöhvcəsinə bu ölkədən guya hansısa pozitiv və reallığa uyğun addımlar gözləyirik. Ermənistan heç vaxt sərbəst qərarlar verməyib. Gəlin özümüzü aldatmayaq ki, onlar yaxın zamanlarda sərhədlərlə bağlı daha hansısa qərara gələ bilərlər. Ağaları onlara nə məsləhət görsə, Paşinyan və komandası onu da icra etməklə bağlı görüntü yaradacaq. Məhz görüntü!”

Ü.Cəfərov bildirdi ki, 2020-ci ilin üçtərəfli razılaşmasında Ermənistan üzərinə götürdüyü öhdəliklərdən tam yarısını hələ də yerinə yetirməyib və yerinə yetirməkdə də həvəsli görünmür: “Deməli, ermənilər üçün onları ölkədən kənarda idarə edən idarə edən qüvvələr belə ”yol xəritəsi" cızıblar. 2 il müddətində bu ölkə sərhədlərlə bağlı 1-2 dəfə formal görüşlərə qatılaraq vaxt öldürüb, biz də bunlardan nəsə ağıllı addımlar gözləyirik. Olmayacaq! Yalnız güclü diplomatik təzyiq, ordunun səyi nəticəsində bu yaramazları başa salmaq olar və bu, çox lazımdır".

Delimitasiya və demarkasiya prosesində masada olacaq xəritələrə gəldikdə, polkovnik Cəfərov əminliklə bildirdi ki, istənilən xəritə Azərbaycanın xeyrinədir və çəkinmədən bu məsələnin də üstünə getmək olar: “Ermənilərin nə deməsindən, nə sayıqlamasından asılı olmayaraq, biz rahat sübut edə bilərik ki, onlar bu bölgəyə sonradan köçürülüblər və sərhədləri də necə olub və necə olmalıdır”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, biz delimitasiya və sülh danışıqlarına əvvəldən şübhə ilə yanaşmışıq: “İndi də hesab edirəm ki, ermənilər bu danışıqlarla vaxt uzatmağa çalışır. Amma onların artıq qaçmağa yerləri qalmayıb, həlqə hər tərəfdən daralıb. Onların Laçını tərk etmələri,  Naxçıvanla Azərbaycanın digər əraziləri arasında keçid məntəqələrinin yaradılmasına razılıq vermələri və sair məsələlər göstərir ki, qalib tərəfin haqlı tələblərini yerinə yetirməyə başlayıblar. Delimitasiya və demarkasiya üzrə İşçi Qrupun gözlənilən iclasında ermənilər artıq konkret məsələlərə münasibət bildirmək zorundadır. Ola bilər ki, ”yol xəritəsi" də ortada olsun. Hər halda Azərbaycan artıq “yol xəritəsi”ni təqdim etməlidir. “Yol xəritəsi”ndə vaxt məsələsi də yer almalıdır. Bu, ən vacib məsələdir".

Akif Nağı: “Rusiya Ukraynanı itirdi”

Akif Nağı: “Ermənilərin qarşısında konkret vaxt qoyulmalıdır”

A.Nağı hesab edir ki, ermənilərin qarşısında konkret vaxt qoyulmalıdır: “Yoxsa bu cür fasilələrlə iş çox uzana bilər. Son iclasdan 3 ay keçib. Bu cür üç aylıq intervalla nəticəyə nail olmaq mümkün deyil. Bir ara sülh danışıqları gündəmə gəlmişdi, sonra sanki yaddan çıxdı. Ola bilər ki, proses yenidən sürətlənsin. Amma bizim ”Xankəndi məsələsi" dediyimiz problem həllini tapmasa, proseslərin sürətlənməsindən danışmaq mümkün olmayacaq. Azərbaycan hakimiyyəti Xankəndidə bərqərar olduqdan sonra ermənilər digər məsələləri ləngidə bilməyəcək".

Partiya sədrinin sözlərinə görə, Rusiya xəritə məsələsi ilə işlərin gedişatını öz nəzarətində saxlamaq istəyir: “Azərbaycan rəhbərliyi xəritələrlə bağlı mövqeyini bildirib. Son olaraq, Prezident İlham Əliyev Azərbaycanın dünya tərəfindən vaxtilə tanınmış 1918-1920-ci il xəritəsini nümayiş etdirdi, bununla ərazi bütövlüyümüzlə bağlı hədəflərimizə də işarə etdi. Əminəm ki, Rusiya və Ermənistan Azərbaycanın öz hədəflərinə çatmasına mane ola bilməyəcəklər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR