İnsanlara hürriyət, millətlərə istiqlal!

Büdcəyə dəyişikliklər müzakirəyə təqdim edildi - detallar

Maliyyə naziri və parlamentin komitə sədri dəyişikliklərin hansı zərurətdən irəli gəldiyini açıqladılar; deputatlardan veteranların müavinəti və bölgələrdə iş yerləri ilə bağlı təkliflər

Mayın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirə olundu. Müzakirələrdə deputatlarla yanaşı, maliyyə naziri Samir Şərifov və digər hökumət nümayəndələri iştirak edirdi.

Komitə sədri Tahir Mirkişili iclasdakı çıxışında əvvəlcə 28 May - Müstəqillik Günü münasibətilə təbriklərini çatdırdı. Daha sonra qanun layihəsi barədə danışan komitə rəhbəri bildirdi ki, “Büdcə sistemi haqqında” Qanunun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması - onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib: “Qanun layihəsinə dair izahatda 2024-cü il ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin icrasının dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin əlavə daxilolmaları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün "Büdcə sistemi haqqında" Qanunun 23-cü maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsində  dövlət büdcəsinə yenidən baxılarkən, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməli sənədlər göstərilib. Bütün sənədlər təqdim edilib. İlkin proqnozlarda 2024-cü ildə qlobal iqtisadi artımın təxminən 2,1%-2,9% ətrafında olacağı gözlənilsə də, cari ildə dərc edilmiş hesabatlara əsasən bu göstəricinin təxminən 2,4%-3,2% ətrafında olacağı proqnozlaşdırılıb. Cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 38.2 mlrd. manat olmuş, iqtisadi artım tempi 4,3% təşkil edib. Artım tamamilə qeyri neft-qaz sektoru hesabına təmin edilmiş, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda (14.2 mlrd.) istehsal olunmuş əlavə dəyər 0,1% azalıb, qeyri neft-qaz sektorunda (24.2 mlrd.) isə 7,7% artıb. Neft-qaz sektorunun azalması isə qaz hasilatının artımı fonunda neft hasilatının 5,7% azalması ilə izah olunur". 

T.Mirkişili bildirdi ki, 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı ÜDM-in 121,3 mlrd. (118.3 mlrd) manatadək artırılması (3 mlrd) nəzərdə tutulur: “ÜDM-in nominal məbləğində nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri neft-qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda 3,0 mlrd. manatın 0,6 mlrd. manatının qeyri neft-qaz, 2,4 mlrd. manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Neft-qaz sektoru üzrə artım əsasən neftin qiymətinin yenidən baxılan "Büdcə zərfi"ndə 15,0 ABŞ dolları çox olmaqla, 75,0 ABŞ dolları hesablanması ilə əlaqəlidir". Komitə sədri dedi ki, 2023-cü il və cari ilin 4 ayı üzrə büdcə gəlirlərinin icra göstəricilərinin təhlilinə əsasən ilin sonuna işsizlikdən sığorta haqları üzrə mədaxillərin artımı gözlənilir: “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi zərurəti yaranıb".

T.Mirkişili dedi ki, bu ilin yanvar-aprel aylarında dünya bazarında “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 87,3 ABŞ dolları olub: “Bu və digər amilləri nəzərə alaraq neftin büdcə qiymətinin 60 ABŞ dollarından 75 ABŞ dollarına çatdırılması gözlənilir”.

Maliyyə naziri Samir Şərifov dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillərdən danışarkən aşağıdakı amilləri sadaladı:

Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması; 

Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi  üçün əlavə maliyyə təminatının yaradılması. 

Nazir qeyd edib ki, 2024-cü ilin ilk 4 ayında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft/qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıb. Cari ildə inflyasiya tempi azalmaqda davam etmiş, orta illik inflyasiya 0,7 faiz səviyyəsində qərarlaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-mart ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi real ifadədə 9,9 milyard ABŞ dolları təşkil etmişdir ki, bunun da 6,2 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 3,7 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşüb. Nəticədə xarici ticarət hesabında 2,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bununla yanaşı, 2024-cü ilin yanvar-aprel aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 ABŞ dollarına bərabər olub ki, bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 ABŞ dolları çoxdur.

S.Şərifov qeyd etdi ki, 2024-cü ilin yanvar-aprel ayları üzrə qeyd olunan göstəricilər dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib: “Belə ki, 2024-cü ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 12144,3 milyon manat proqnoza qarşı 13259,4 milyon manat və ya 109,2 faiz təşkil etmişdir ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1094,4 milyon manat və ya 9,0 faiz çoxdur. 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6867,4 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434,4 milyon manat və ya 6,8 faiz çoxdur. Dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil edib”. Nazirin sözlərinə görə, neftin bir barrelinin orta illik ixrac qiyməti 60,0 ABŞ dollarından 75,0 ABŞ dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70,0 ABŞ dolları fərz edilməklə, öncəki proqnoza  nəzərən 15,0 ABŞ dolları çox) yüksəldilib. 2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır. Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.

İlk dörd ay üzrə Azərbaycanda iqtisadi meyllərin təhlilinə əsaslanaraq Hesablama Palatası ilin sonunda neft sektoru üzrə ÜDM-in nominal məbləğinin dürüstləşmiş göstəricidən daha çox olacağı qənaətinə gəlib.

Bunu qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söylədi. Bildirdi ki, təqdim edilmiş məlumatların təhlili 2024-cü ilin dövlət büdcəsinin yenilənən layihəsində 2024-cü il üzrə icmal büdcəsinin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 24,5 % proqnozlaşdırıldığını göstərir ki, bu da müvafiq göstəricidən, yəni büdcə qaydası çərçivəsindən az da olsa, kənarlaşma olduğunu deməyə əsas verir: “Hədəfdən kənarlaşmaya bir neçə amil təsir edib. Bunlardan birincisi odur ki, yenidən baxılan layihə üzrə icmal büdcəsinin baza xərclərin artımı icmal büdcənin qeyri-neft gəlirlərinin artımını üstələyib. Maraqlı məqam odur ki, büdcənin faiz xərclərinin büdcədən azaldılması da büdcə qaydasına mənfi təsir göstərib. İkincisi odur ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də artım istiqamətində dəqiqləşmə çox cüzi olub”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Anar Kərimov bildirdi ki, bu ilin I rübündə Azərbaycanda sosial ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çox olub. Nazir müavini əlavə etdi ki, son 5 ildə ölkədə minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 66 %-ə, median əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti isə 31 %-ə çatıb.

Deputat Əli Məsimli bir sıra vacib məqamlara toxundu. Komitə sədrinin müavini bildirdi ki, əgər iqtisadi artımla bağlı proqnoz özünü doğrultmayacaqsa, onun əsasında hazırlanan dövlət büdcəsində dəqiqləşdirmələrə ehtiyac olacaq: “Bu məqamda sosial proseslərin tənzimləməsinə əlavə vəsaitlərin yönəldilməsinə ehtiyac var. Son 10 ildə Azərbaycanda minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 10 faiz bəndi artaraq 35%-ə çatıb, amma bu göstərici məqbul deyil. Bu rəqəmin 594 manat olması istiqamətində addımlar atılmalıdır”.

Ə.Məsimli bölgələrdən mərkəzə axının qarşısının alnması üçün də konkret təklif irəli sürdü. Onun sözlərinə görə, regionlarda yeni 700-800 manatlıq iş yerləri açılmalıdır ki, əhali Bakıya axışmasın: “Bununla Bakının tıxacını da aradan qaldıra bilərik. Rayonlarda 800 manat maaş alan Bakıya 1000 manat üçün gəlməz”.

Deputat Vahid Əhmədov əvvəlcə 2024-cü ilin dövlət büdcəsinə dəyişikliklərin müsbət tərəflərindən bəhs etdi. Millət vəkili təklif edilən dəyişikliklərin kifayət qədər müsbət dəyişikliklər olduğunu vurğulayaraq, plenar iclasın müzakirəsinə təqdim olunmasını məqbul saydı. V.Əhmədov müharibə veteranlarının aylıq təqaüdünün artırılması ilə bağlı məsələ qaldırdı: “Millət vəkillərinin hamısı müharibə veteranlarına verilən təqaüdlərin artırılmasını təklif edir. Ayıbdır, 80 manat çox aşağı məbləğdir. Belə inkişaf etmiş dövlət müharibə veteranına 80 manat verir. 80 manat gülünc məbləğdir. Bu məsələyə baxılmasını xahiş edirəm”.

Suallara cavabında nazir dedi ki, hazırda Azərbaycanda neft-qaz sektorunun gəlirlərdə payı 30% təşkil edir: “Neft-qaz hasilatı azalır və bunun nəticəsində neft-qaz sektorunun iqtisadiyyatda payının azalmasını, ortamüddətli dövrdə 22-25 %-ə enməsini proqnozlaşdırırıq”.

V.Gülməmmədov müzakirələr zamanı səslənən suallara reaksiyasında bildirdi ki, bu il əməkhaqqı fondu 23 milyard manata çatdırılacaq: “Bizim üçün Dövlət Sosial Müdafiə Fondunda əsas məsələ əməkhaqqı fondudur. Ötən ilin son göstəricisinə görə, əməkhaqqı fondu 21 milyard manatdan bir az artıqdır. Amma bu, kiçik rəqəmdir. Bu rəqəm ÜDM-də heç 18%-ə çatmır. Cari ildə bu məbləğin 22-23 milyard manata çatdırılması gözlənilir. Bizim üçün ən vacib məsələ əməkhaqqı fondunun ölkə üzrə daha böyük həcmli olmasıdır ki, DSMF o vəsaitdən qidalana bilsin”.

Palata sədri qeyd etdi ki, ilk dörd ay üzrə Azərbaycanda iqtisadi meyllərin təhlilinə əsaslanaraq Hesablama Palatası ilin sonunda neft sektoru üzrə ÜDM-in nominal məbləğinin dürüstləşmiş göstəricidən daha çox olacağı qənaətinə gəlib. V.Gülməmmədov onu da bildirdi ki, təqdim edilmiş məlumatların təhlili 2024-cü ilin dövlət büdcəsinin yenilənən layihəsində 2024-cü il üzrə icmal büdcəsinin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 24,5% proqnozlaşdırıldığını göstərir ki, bu da müvafiq göstəricidən, yəni büdcə qaydası çərçivəsindən az da olsa, kənarlaşma olduğunu deməyə əsas verir: “Hədəfdən kənarlaşmaya bir neçə amil təsir edib. Bunlardan birincisi odur ki, yenidən baxılan layihə üzrə icmal büdcəsinin baza xərclərinin artımı icmal büdcənin qeyri-neft gəlirlərinin artımını üstələyib. Maraqlı məqam odur ki, büdcənin faiz xərclərinin büdcədən azaldılması da büdcə qaydasına mənfi təsir göstərib. İkincisi odur ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də artım istiqamətində dəqiqləşmə çox cüzi olub”.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR