Onlayn ictimai-siyasi qəzet
“Hər il Sosial Müdafiə Fondu kifayət qədər ehtiyat saxlayır. Bu il də İşsizlikdən Sığorta Fondunda 56 milyon manata yaxın ehtiyat var, üç milyonu xərclənib, 53 milyonu qalıb. Bu qalığı saxlamaqda məqsədiniz nədir?!”
Bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcəyə dəyişikliyin müzakirəsi zamanı deyib. "Büdcə planlaşdırılıbsa, xərclənməlidir. Əhaliyə verilən 300 manatı artırın, 500-600 manat edin, artıq da qalmasın. Bunu eləmək istəmirsiniz, müharibə veteranlarına verilən 80 manatı qaldırın. Ayıbdır. Müharibə veteranına 80 manat vermək gülüncdür", - deyə parlamentari vurğulayıb.
Qeyd edək ki, maaşların və müavinətlərin artırılması ilə bağlı neçə vaxtdır ki, müzakirələr aparılır. Amma bu müzakirələrin hər hansı nəticə verdiyinin də şahidi olmamışıq. Bu istiqamətdə nə kimi işlər görülməlidir?
İqtisadçı-ekspert Natiq Cəfərli Musavat.com-a deputatın təklifi ilə bağlı bunları dedi: "Veteranlara 80 manat müavinətin verilməsi doğurdan da aşağı göstəricidir. Bu məbləğ bəlkə də müharibə veteranlarının heç nəqliyyat xərclərini sona qədər ödəmir. Amma onların müxtəlif istiqamətdə xərcləri də olur. Ən azından aldıqları vəsait kommunal xidmətlərə və digər sahələrə təsir etməlidir. Bildiyim qədər siyahıda olan veteranların sayı 180 mindir. 80 manatı iki dəfə artırsaq bu, dövlət büdcəsi üçün cəmi 7 il ərzində 350 -400 milyon manata başa gələcək. Bu da böyük vəsait deyil, iki dəfə artırmaq mümkündür. O ki qaldı işsizliklə bağlı məsələyə, burada anlaşılmazlıqlar çoxdur. Bunun işləmə mexanizmləri sadələşdirilməlidir. Sığortalı olmağın özü belə böyük işdir. Qeydiyyata durmalısan, sənədlər toplamalısan, bunlar elektronlaşmalıdır. Bu proses sürətləndirilməlidir, vətəndaşlar da bilgiləndirilməlidir. Vətəndaşların çoxunun belə bir mexanizmdən xəbərləri yoxdur. Ona görə hesab edirəm ki, Vahid müəllimin qaldırdığı məsələ çox aktualdır. Veteranların müavinətini iki dəfə artırmaq imkanı var. İşsizlikdən Sığorta Fondunun işi yığdığı vəsaiti vətəndaşlara xərcləməkdən ibarətdir. Bank deyil ki, vəsaiti bir neçə il özündə saxlasın. Topladığı vəsaiti işləyən vətəndaşlardan toplayır, maaşımızdan o fonda vəsait köçürürük. Ona görə köçürürük ki, kimsə işsiz qalanda bir həmrəylik nümayiş olunsun. Ona görə qalıq qalırsa, işsizliklə bağlı müavinətlərin artırılması mümkündür, həm də bunun mexanizmi sadələşdirilməlidir”.
Hüquq müdafiəçisi Sahib Məmmədov isə Musavat.com-a dedi ki, İşsizlikdən Sığorta Fondunun vəsaiti yalnız “İşsizlikdən sığorta haqqında” Qanunun məqsədləri üçün xərclənməlidir:"Düzdür onsuz da bu vəsaitin təyinatı xeyli dəyişdirilib və o cümlədən vəsaitin bir hissəsi “Haqqı ödənilən ictimai işlərin təşkili” üçün yönəldilir. Ötən il bu istiqamət üçün 4 225 000 manat, bu il üçün isə 5 000 000 manat nəzərdə tutulub. Əslində işsilikdən sığota fondunun vəsaitləri əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli işsiz şəxslər üçün nəzərdə tutulmalıdır. Amma 2018-ci ildə qüvvəyə minmiş qanuna əsasən o vəsait yalnız müəssənin bağlanması və ya ştataların ixtisarı halında işsiz qalmış şəxslərə təyin oluna bilərdi, o da o halda ki, həmin şəxs üçün müvafiq iş təklif oluna bilməsin.
Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi əsasında qanuna dəyişiklik edildi və oraya ixtisara düşən dövlət qulluqçuları və əmək müqaviləsinin müddəti başa çatanlar da əlavə edildi. Bununla belə digər hallarda işsiz qalanlara yönəldilə bilmir. Vahid müəllim qalıq vəsaiti haqqı ödənilən ictimai işlərə yönəldilməsini təklif edir. Mən isə əksinə əmək müqaviləsinə istənilən səbəbdən xitam verilənlərin bu vəsaitə iddia etmək hüququnun tanınmasının tərəfdarıyam. Çünki bütün işləyənlər hər ay əmək haqqının 0,5% qədərini bu fonda ödəyir və işəgötürən də hər işçi üçün onun əmək haqqının 0,5% həcmində vəsait ödəyir. İşçilərin hamısı sığorta ödədiyi halda yalnız iki halda əmək müqaviləsinə xitam verilərkən bu vəsait üçün müraciət edə bilirlər. Məncə bunu etmək lazımdır. Haqqı ödənilən ictimai işlərin təşkili isə müvəqqəti xarakterli tədbirdir. Bu da əslində bir növ işsilik müavinəti kimi bir şeydir.
Dövlət büdəcəsindən də xeyli vəsait bu məqsəd üçün ayrılır. Dövlət işsizliyin qarşısını almaq üçün bu müvəqqəti tədbirə əl atmalı olur".
Afaq MİRAYİQ,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ