Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda dövlət müəssisələrində çalışanların həyatın yaşam sığortasına qoşulması yeni ildən dayandırıla bilər.
"APA-Economics"in əldə etdiyi məlumata görə, həyat sığorta şirkətləri artıq bununla bağlı sığortalı müştərilərinə bildiriş göndərir. Bildirilir ki, yeni ildən artıq dövlət müəssisələrində çalışanlar həyatın yaşam sığortasına qoşula bilməyəcək. Bununla bağlı müvafiq qanunvericilik layihəsinə dəyişiklik ediləcək.
Buna səbəb isə sözügedən sığorta növünə yaranan marağın sosial sığorta yığımlarına təsir etməsidir. Vergilər Məcəlləsinə əsasən işçilər əməkhaqlarının 50%-nə qədər hissəsini həyatın yaşam sığortasına yönəldərək 3 il müddətinə ödənilən əlavə gəlirlə yanaşı, vergi və sosial sığorta ödənişlərini də geri qazana bilirlər. Bu addım həyat sığortasının stimullaşdırılması üçün atılmışdı və öz nəticəsini verdi. Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar 390 milyon manat təşkil etdiyi halda, bu ilin eyni dövründə bu rəqəm 460 milyon manata çatıb. Yəni, son bir ildə bu sığorta növü yığımlar 70 milyon manat artıb. Orta hesabla hər ay bu sığorta növü üzrə 50-80 milyon manat sığorta yığımı əldə edilir. Artım dinamikasının yüksək olması Dövlət Sosial Müdafiə Fondunun yığımlarına mənfi təsir edir.
Hazırda dövlət sektorunda çalışanların 50% civarında olduğunu nəzərə alsaq, bu addım Fonda daxil olan vəsaitlərin həcmini artıra bilər.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ