Onlayn ictimai-siyasi qəzet
Seçkiyə qatılan partiya sədrləri danışdı: “Belələri prosesi kölgələyə bilməzlər...”
Bu il sentyabrın 1-nə təyin olunmuş seçkilərin imzatoplama kampaniyası hazırda davam edir. Tanınan, tanınmayan, şanslı, şanssız xeyli adam prosesə qoşulub. Maraqlıdır ki, hətta bir çoxları seçilmək üçün zərrə şansa malik olmadıqları və seçilməyəcəklərini bu başdan bildikləri halda, yenə də seçkiyə qatılıblar. Niyə bu addımı atıblar? Əksəriyyət bu qəbildən olanlar gənc də deyillər ki, deyəsən, özlərini tanıdıb arenaya çıxmaq istəyirlər. Əksəriyyəti deyilən kimi “qos-qoca”, saç-saqqal ağartmış, saç tökmüş adamlardır. Bəs niyə gedirlər? Tanınmış politoloqlarımızdan biri bu yöndə araşdırmalar apardığını deyib. “Hələ tam adlar açıqlamayacağam. İmza kampaniyası bitsin, görək kimlər qalır, kimlər gedir”. Politoloq əmindir ki, heç bir şansı olmayan, tanınmış, seçilməyəcəyini bu başdan bilən iddialılar ancaq həmin dairədəki varlı və keçərli namizədlərdən pul qoparmaq üçün seçkiyə qatılıblar.
Politoloq avqustun ilk on günlüyündə, yəni namizədlərin qeydiyyat mərhələsi bitəndən sonra araşdırmalarını ictimaiyyətə təqdim edəcəyini bildirib (mənbə: Bakı-xeber.com).
Müxtəlif seçki dairələrindən deputatlığa namizədliyi irəli sürülmüş partiya sədrlərinin gündəmə gətirilən məsələyə münasibətini, onların da dairəsində dələduz namizədlərin olub-olmadığını öyrənməyə çalışdıq.
Tural Abbaslı
AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, bu, bir az subyektiv məsələdir. Kim nə üçün seçkidə namizədliyini verir, kimin məqsədi nədir, onu həmin şəxslərin özləri dəqiq bilirlər: “Namizədliyini irəli sürənlərin içərisində hər cür insan olur. Seçilmək istədiyi üçün seçkiyə gedən də, ola bilsin alver eləmək istəyən də, təcrübə yığmaq istəyən də, özünü tanıtmaq istəyən də ola bilir. Nüfuzu olmayıb seçkiyə sırf varlı namizəddən pul qoparmaq üçün qatılanlar varsa, imkanlı namizəd niyə nüfuzu olmayana pul verməlidir ki? Burada bir məntiq də yoxdur. Odur ki, bu məsələlərin müzakirəsi yanlışdır. Dünyanın bütün ölkələrində əslində "feyk namizədlər" olur. Bu, həm də sübutu elə də asan olmayan bir məsələdir. Mən bu günə qədər xeyli seçkidə iştirak etmişəm. Şəxsən öz dairəmdə heç bir namizədə o cür yanaşmamışam. Əgər adam namizədliyini verirsə və imzalarını toplayıb qeydə alınırsa, qalanları onun şəxsi işidir".
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, adamlar seçkilərə müxtəlif niyyətlərlə qatılırlar: “On illərdir seçkilərdə iştirak edirik, hər şey görmüşük orada. Amma mən istərdim ki, seçkilərlə bağlı mənfi rəy formalaşmasın. Seçkidə cılız məqsədləri üçün iştirak etmək istəyənlər həmişə olub. Dələduzlar hər yerdə var, girəvə zəlilləri məqamdan istifadə eləyib nəsə qazanmağa çalışırlar, kiminsə gözünə girməyə çalışırlar. Seçkilərdə də belə adamlar olur. Eşitdiyimə görə, bəzi adamlar da seçkiyə ona görə qatılırlar ki, maddi imkanı yüksək olan namizədlərdən nəsə qoparsınlar. Seçkilərə bu şəkildə kölgə salınması düzgün deyil. Bir dairədən nə qədər sayda namizəd olsa da, bir nəfər seçiləcək. Mənim tanıdığım adamların içərisində təcrübə qazanmaq üçün seçkiyə qatılanlar daha çoxdur. Başa düşürlər ki, birinci yeri qazanmaq çətindir, rəqiblər güclüdür, ən azından təcrübə qazanmaq olar. Partiyalardan qoşulanlar isə ən azından partiyalarının ideologiyasını təbliğ etmək, tanıtmaq üçün seçkiyə qoşulurlar. Hər kəs təbii ki, deputat seçilmir”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə qeyd etdi ki, parlament seçkilərində müxtəlif vasitələrlə başqa namizədlərdən pul qoparmaq istəyənlər həmişə olub, indi də ola bilsin var: “Hətta sizin də tanıdığınız siyasi partiyalardakı bəzi adamların içərisində belələri az olmayıb. Konkret bu gün mənim namizədliyimi verdiyim seçki dairəsində o cür namizədlərin olub-olmadığı ilə maraqlanmamışam”.
Qeydə alınan namizədlərin sayı isə hər gün artır. İyulun 24-nə olan məlumata görə, 31 nəfərin namizədliyi qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, 1200-ə yaxın müraciət var. Onların çoxu artıq təsdiq olunub. 950-yə yaxın müşahidəçi qeydə alınıb. 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600-ə yaxın səlahiyyətli nümayəndəsi qeydə alınıb.
M.Pənahov həmçinin deyib kİ, ATƏT-in uzunmuddətli müşahidəçiləri seçkilərlə bağlı Azərbaycana gələcək. O qeyd edib ki, nümayəndə heyəti bu ayın sonunda Azərbaycanda olacaq.
Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan layihə reallaşdırılıb. Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.
Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı əsasında gerçəkləşdirilən layihə cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri günbəgün güclənən Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan geniş və hərtərəfli imkanların müzakirəsinə həsr olunub.
Məzahir Pənahov
Tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn müxtəlif layihələrin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, məlumatlılığının artırılması və fəallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda seçicilərin daha çoxu qadınlardır. O qeyd edib ki, 40 minə yaxın komissiya üzvünün də əksəriyyəti qadınlardır: “Biz səsvermə günü qadın seçicilərin aktivliyinə önəm veririk. Bu məsələdə qadınların rolu kişilərə nisbətdə daha yüksəkdi”.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində iyulun 24-dən etibarən regional seminar-müşavirələrə başlanılıb.
İlk tədbir iyulun 24-də MSK və DİN təmsilçilərinin də iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində təşkil olunub.
Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirələrdə ölkə üzrə bütün seçki dairələri dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirlərdə MSK-nın üzvləri, Komissiya Katibliyinin əməkdaşları və DİN-in müvafiq qurumlarının nümayəndələri tərəfindən Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri barədə təqdimatlar keçiriləcək, çıxışlar dinləniləcək və müzakirələr aparılacaq. Maarifləndirmə və məlumatlandırma xarakterli seminar-müşavirələr növbəti mərhələdə iyulun 25-də Gəncədə, iyulun 26-da Şəkidə, iyulun 29-da Şirvanda və iyulun 30-da Naxçıvanda keçiriləcək.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ