Onlayn ictimai-siyasi qəzet
“Çin yeddi aydır ki, İrəvana yeni səfir təyin etmir. Bu da Ermənistan-Çin münasibətləri tarixində tamamilə görünməmiş bir haldır”. Bunu erməni politoloq Suren Sərkisyan deyib.
“Bu, aydın diplomatik mesajdır: belə məsələlərdə heç bir təsadüf yoxdur. Əmin olun, Pekinin diplomatik arsenalında bu gün İrəvana göndərə biləcəyi yüzlərlə peşəkar var”, - o bildirib.
Politoloq bu vəziyyətə gətirib çıxaran üç əsas səbəbi açıqlayıb: “Ermənistanın "Bir kəmər, bir yol" meqalayihəsinə maraq göstərməməsi. Çin üçün bu, əsas təşəbbüsdür və Pekin ölkələri layihəni dəstəkləyənlərə və ona qarşı çıxanlara bölür. İrəvan faktiki olaraq dörd il əvvəl fəaliyyətini dayandırmış Dini Azadlıq Alyansının formal üzvü olaraq qalır, lakin bu faktın özü Pekin tərəfindən anti-Çin mövqeyinin təzahürü kimi qəbul edilir. İrəvan Tayvanın iqtisadiyyat nazirini qəbul edib ki, bu da Tayvan rəsmiləri ilə birbaşa təmaslardan yayınmaq öhdəliyini pozur. Çin üçün Tayvan məsələsi ən həssas məsələdir və o, burada “Vahid Çin” prinsipindən kənara çıxmağa imkan vermir".
Sərkisyan vurğulayıb ki, Çinin yanaşması tamamilə məntiqlidir və super dövlətin maraqlarına məhəl qoymamaq münasibətlərin daha da soyumasına gətirib çıxara bilər.
Xatırladaq ki, Çinin Ermənistandakı əvvəlki səfiri Fan Yun missiyasını iyulda başa vurub və o vaxtdan bu vəzifə boş qalıb.
Deyilənlərdə həqiqət payı nə qədərdir?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifovun fikrincə, Zəngəzur dəhlizinin Çin üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini biz artıq illərdir ki, deyirik: “Çin özünün məşhur "Bir kəmər, bir yol" layihəsinə 8 trilyon dollar vəsait xərcləmək qərarı veribsə və artıq bu layihə ilə bağlı 1 milyard dollardan çox vəsait xərcləyibsə, Ermənistan kimi bir cırtdan dövlətin belə nəhəngin planlarına qarşı çıxması mümkündürmü? Təbii ki, yox. Ermənistan anlamalıdır ki, bu gün tək Zəngəzur dəhlizi ilə bağlı məsələdə deyil, bütövlükdə odla oynayır. Bu dəhliz isə açılacaq, mütləq açılacaq və özü də bu ən qısa zaman kəsiyində baş verəcək. Ermənistan bir məqamı unutmamalıdır ki, dəhlizin açılması tək Şərqdəki böyük gücün - Çinin istəyi deyil, eyni zamanda ABŞ başda olmaqla, Qərbin aparıcı dövlətlərinin də istəyi və tələbidir. Nikol Paşinyan hakimiyyəti bu reallıqları nəzərə almadan dünyanın siyasi səhnəsində hər hansı bir uğur qazanacağına ümid etməsin.
Prezident İlham Əliyevin bu günlərdə Zəngəzur dəhlizi ilə bağlı qəti fikirlər söyləyərək - dəhliz mütləq açılacaq deməsi də sıradan bir məsələ deyil. Bu deyimin açması odur ki, ya Ermənistan dəhlizin açılmasına qərar verəcək, ya da bu məsələ bir başqa müstəvidə həll olunacaqdır".
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Azərbaycanın xarici siyasətinin uğurları kontekstində Çinin Ermənistanla münasibətlərinin gərginləşməsi və Zəngəzur dəhlizi məsələsində Azərbaycanın mövqeyinə uyğun davranışları diqqətəlayiqdir: “Çin üçün "Bir kəmər, bir yol" (Belt and Road Initiative, BRI) layihəsi strateji əhəmiyyət daşıyan bir təşəbbüsdür və bu layihədə Azərbaycan mühüm bir tranzit ölkəsi kimi ön plandadır. Azərbaycan coğrafi mövqeyi və logistik infrastrukturu ilə bu layihənin həyata keçirilməsində Çinə dəstək verə bilər. Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şərq-Qərb nəqliyyat dəhlizi kimi infrastruktur layihələri ilə Azərbaycan Çinin Avropa və Asiya arasında bağlantısını təmin edə bilər. Ermənistanın isə “Bir kəmər, bir yol” layihəsində passiv mövqeyi onun bu təşəbbüsdən kənarda qalmasına səbəb olub.
Çinin Ermənistana yeni səfir təyin etməməsi, Ermənistanın “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirak etməməsi və Tayvan məsələsindəki addımları ilə bağlı ola bilər. Ermənistanın bu layihəyə dəstək göstərməməsi və Tayvan məsələsində Çinin qırmızı xətlərini pozması Pekinin narazılığını artırıb. Bu vəziyyət Azərbaycanın maraqlarına uyğun bir nəticə olaraq qiymətləndirilə bilər, çünki Zəngəzur dəhlizinin açılması və Ermənistanın regional təşəbbüslərə inteqrasiya olunmaması Azərbaycanın mövqeyini gücləndirir.
Azərbaycanın Zəngəzur dəhlizi layihəsini reallaşdırmaq istiqamətindəki səyləri ölkənin regional əməkdaşlıq və iqtisadi əlaqələri genişləndirmək istəyinin bir göstəricisidir. Çin kimi güclü dövlətlərin Ermənistanın bu layihələrdə iştirakını passivləşdirməsi Azərbaycanın bu istiqamətdə uğurlarını artırır. Çinin Ermənistana diplomatik təzyiqləri dolayısıyla Azərbaycanın mövqeyini möhkəmləndirir və Zəngəzur dəhlizinin açılmasını daha əlçatan edir.
Ermənistan-Çin münasibətlərindəki soyuma Pekinin strateji maraqlarına uyğun olaraq verdiyi qərarlardan irəli gəlir və burada Azərbaycanın strateji mövqeyi önəmli rol oynayır. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə mühüm tərəfdaş olaraq öz mövqeyini gücləndirə və Ermənistanın layihədən kənarda qalması ilə diplomatik üstünlük qazana bilər. Bu proseslər Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və uğurlu bir xətt yürütməsinin təsdiqidir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ