İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün tarixi məhkəmə prosesi başlayır

Araik Arutyunyan da daxil, 15 erməninin işi üzrə 2548 epizoddan ibarət cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq; Ruben Vardanyana 42 maddə üzrə ittiham verilib 

Bu gün - yanvarın 17-də qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələrinin üzvlərinin cinayət işi üzrə ilk məhkəmə prosesi başlayır. Araik Arutyunyan da daxil, 15 erməninin işi üzrə 2548 epizoddan ibarət cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq. 

“Yeni Müsavat” qeyd edir ki, 2 may 2024-cü il tarixdə Azərbaycan baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Həbs edilənlər Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyedir.

Onlar Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər),  277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Həbs edilən şəxslərin hər birinin müdafiə, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. 

Bu gün qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” olmuş Ruben Vardanyanın cinayət işi üzrə də Bakı Hərbi Məhkəməsində  məhkəmə başlayır. 

Ruben Vardanyana Azərbaycan Cinayət Məcəlləsinin ümumilikdə 42 maddəsi ilə ittiham elan olunub. Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.

Belə ki, Rusiya vətəndaşı olmuş, hazırda Ermənistan vətəndaşı olan, Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Ruben Karlenoviç Vardanyan 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Ruben Vardanyanın işi üzrə vurulmuş ziyanın miqdarı açıqlanmasa da, bilinir ki, 30 illik erməni işğalı dövründə Azərbaycana müxtəlif hesablamalara görə, 400-800 milyarda qədər ziyan dəyib. Ruben Vardanyanın “dövlət naziri” olduğu dövrdə işğal altında olan Azərbaycan torpaqlarında faydalı qazıntıların talanması prosesi davam etdirilib. Onun rəhbərliyi altında ölkəmizə 100 milyarddan artıq ziyan vurulduğu haqda da iddialar var.

İstintaqın topladığı mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycanın Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə təqsirləndirilib.

Həmçinin ona həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib. İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR