İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün bələdiyyə seçkiləridir

Azərbaycan son 1 ildə üçüncü seçkisini keçirir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir. Artıq seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başa çatıb. Prosesin aparılmasına yanvarın 6-dan başlanıb və proses yanvarın 28-i saat 08:00-da dayandırılıb. Məlumat üçün bildirək ki, seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq. Seçkilərdə səs verəcək seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.

“Azərbaycanda 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvü seçiləcək”. APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, seçicilər 5 846 məntəqədə səs verəcəklər: “Ümumilikdə 118 seçki dairəsi hüdudları çərçivəsində 685 bələdiyyə var. 125 seçki dairəsindən 7-si tamamilə məcburi köçkün dairələridir ki, onlar bu seçkilərdə iştirak etmir”.

Məzahir Pənahov qeyd edib ki, 5734 məntəqə daimi, 112 məntəqə isə müvəqqətidir: “5846 məntəqədə seçicilərin səs verməsi üçün bütün addımlar atılıb. Seçkilərin keçirilməsinə məsul olan orqanlar işin öhdəsindən yüksək səviyyədə gəlib”.

M.Pənahov bu praktikanın özünü doğrultduğunu da diqqətə çatdırıb: “Beynəlxalq təşkilatlar da buna yüksək qiymət verib. Səsvermə prosesində pozuntuların olmaması üçün həmin qurumların çox böyük rolu var. Məsul olan tərəflər öz fəaliyyətini ancaq məcəllənin tələbinə uyğun qurmalıdır. Demokratik, şəffaf seçkilərin keçirilməsində atılacaq addımların ideala yaxın səviyyəsindəyik. Seçkilərin demokratik, şəffaf keçirilməsinin əsas tələbi müşahidəçilərin iştirakı və media nümayəndələrinə verilən sərbəstliklə ölçülür. Hər iki şərt Azərbaycanda təmin edilir. 18 yaşı tamam olan istənilən şəxs müraciət edəndə rədd cavabı almadan müşahidə apara bilər. Məhz bu seçkilərdə 70 625 nəfər yerli müşahidəçi olacaq. Azərbaycan yeganə ölkədir ki, media nümayəndələri heç bir quruma müraciət etmədən seçkini işıqlandıra bilər”.

Məzahir Pənahov Azərbaycanda bundan başqa vebkamera təcrübəsindən istifadə edildiyini və 1000 məntəqədə vebkameranın quraşdırıldığını xatırladıb: “Heç bir beynəlxalq müşahidə missiyası heç vaxt 1000 məntəqədə əvvəldən axıra müşahidə apara bilməz. Beynəlxalq müşahidəçilər olduğu məntəqələrdə də əvvəldən axıra müşahidə apara bilmirlər, fərqli məntəqələrdə olurlar” .

M.Pənahov deyib ki, 16 294 namizəddən 16 238 nəfərin namizədliyi qeydə alınıb. O bildirib ki, imza vərəqələrini qaytaranların 99,7%-i qeydə alınıb: “Bu, çox böyük rəqəmdir. Sonrakı proseslərdə bəziləri namizədliyini geri götürüb və yekunda 16 092 nəfər namizəd kimi qeydə alınıb və onların adı seçki bülletenlərinə daxil edilib. Namizədlərin yarıdan çoxu siyasi partiyaların nümayəndələridir. Seçki bülleteninə daxil olan namizədlərdən 8 424 nəfəri siyasi partiya nümayəndəsidir. Ümumilikdə qeydə alınanların 31%-dən çoxu qadınlardır. Bu, sevindirici haldır. Namizədlərin 82%-i isə ali təhsillidir. Eyni zamanda namizədlərin təxminən 41%-i 21-35 yaş aralığındadır”.

Kamran Bayramov: “Azərbaycan beynəlxalq layihələrdə ciddi tərəfdaşdır”

Kamran Bayramov

Deputat Kamran Bayramov “Yeni Müsavat”a bildirib ki, ötən seçkilərdə olduğu kimi, bu bələdiyyə seçkilərində də şəffaflığın, demokratik prinsiplərin təmin olunması üçün bütün zəruri addımlar atılıb: “Milli Məclisdə "Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında" Qanun qəbul edildikdən sonra 3000-ə qədər əhalisi olan yaşayış məntəqəsində 1 bələdiyyə olması qərara alınıb. Bununla da ölkədə bələdiyyələrin sayı təxminən iki dəfə azaldılıb. Mərkəzi Seçki Komissiyasının siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. Adları bülletenlərə salınan namizədlərin sayı isə bundan iki dəfədən çox - 16 mindən artıqdır. Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyanın 23-ü bələdiyyə seçkilərində öz namizədləri ilə fəal iştirak edir.  9 qeyri-hökumət təşkilatının təmsilçiləri həm namizəd, həm də müşahidəçi kimi qeydə alınıblar. Bələdiyyələrin sayının azaldılmasına və fəaliyyətinin daha da güclənməsinə xidmət edən qanunların qəbulu bələdiyyələrə inamı artırıb. Bələdiyyə seçkilərinə yüksək maraq həm də ondan irəli gəlir ki, insanlar öz ərazilərinin inkişafına diqqət ayrılmasını istəyirlər və bunda dövlətin dəstəyinə arxalanırlar. İnanırlar ki, irəli sürülən təşəbbüslər, təqdim olunan layihələr dövlət tərəfindən dəstəklənəcək".

Deputat diqqətə çatdırıb ki, ölkəmizin seçki praktikasında uzun illərdir müvəffəqiyyətlə tətbiq olunan vebkamera təcrübəsi seçki günü səsvermə məntəqələrində proseslərin gedişinin internet üzərindən hamı üçün açıq platformada tam şəkildə, arasıkəsilmədən, habelə real vaxt rejimində dünyanın istənilən yerindən və heç bir qeydiyyat tələb olunmadan müşahidə etmək imkanı yaradır: “Müxtəlif kateqoriyalı aşkarlıq institutlarının seçki prosesində rahat, asan iştirakı və sərbəst fəaliyyətləri üçün yaradılan hərtərəfli və geniş şərait baxımından Azərbaycan öncül ölkələrdən biridir. Mərkəzi Seçki Komissiyası vebkameraların səsvermə günü aşkarlığın və şəffaflığın təmin olunmasındakı müstəsna rolunu nəzərə alaraq, qarşıdan gələn bələdiyyə seçkilərində də 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində vebkamera quraşdırılmasına qərar verib və həmin məntəqələrin siyahısı rəsmi dərc olunub. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, müasir standartlara cavab verən və ən yüksək görüntü effektinə malik veb-kameralar vasitəsilə seçki məntəqəsindəki bütün prosesləri - səsverməni, səslərin sayılmasını və nəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edə bilərlər. Bütün görülən və həyata keçirilən işlər bələdiyyə seçkilərində yüksək seçici fəallığı olacağından xəbər verir. Bununla müstəqil Azərbaycan dünyaya hüquqi, demokratik dövlət quruculuğuna və azad, şəffaf seçki keçirmək ənənəsinə sadiq olduğunu bir daha nümayiş etdirəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

29 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR