Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın sədrlik etdiyi Asiya Parlament Assambleyasının ikigünlük plenar sessiyasında hansı məsələlər müzakirə ediləcək?
Bu gün Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) ikigünlük plenar sessiyası başlayır. “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləri arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. Görüşlərdə APA-nın bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək.
Qeyd edək ki, ötən il quruma sədrlik Türkiyədən Azərbaycana keçib. Asiya Parlament Assambleyası 2006-cı ildə Sülh naminə Asiya Parlamentləri Assosiasiyasının VII sessiyasının qərarı ilə yaradılıb. Təşkilatın hazırda 43 üzvü var. Azərbaycanla yanaşı, Əfqanıstan, Bəhreyn İndoneziya, İran, Yəmən, Qazaxıstan, Çin, Küveyt, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Səudiyyə Ərəbistan, Suriya, Türkiyə, Özbəkistan, Filippin kimi ölkələr də təmsil olunur. Azərbaycan Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.
Günay Ağamalı
Milli Məclisin Asiya Parlament Assambleyasının üzvü, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bu tədbiri ölkəmiz üçün olduqca mühüm hesab edir: “Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının plenar sessiyası ölkəmiz üçün beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Sessiya çərçivəsində aparılacaq müzakirələr, qəbul olunacaq qərarlar və imzalanacaq Bakı Bəyannaməsi Asiya ölkələri arasında çoxtərəfli əməkdaşlığı və parlamentlərarası dialoqu daha da gücləndirərək öz töhfəsini verəcək. Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyi dönəmində region dövlətləri arasında siyasi, iqtisadi, sosial və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yönündə yeni təşəbbüslərin reallaşdırılması gözləniləndir. Sessiya eyni zamanda parlament diplomatiyasının Asiya regionunda sülh, sabitlik və dayanıqlı inkişafa təkan vermək üçün mühüm platformadır. Ölkəmizin Asiya Parlament Assambleyasının plenar sessiyasına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada artan rolu, sülh və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi baxımından olduqca əhəmiyyətlidir”.
“Məlum olduğu kimi, Azərbaycan xarici siyasətində bütün ölkələr və təşkilatlarla bərabərhüquqlu və səmərəli əməkdaşlığa böyük önəm verir. Bu baxımdan Asiya regionu ölkələri və bu regionu təmsil edən qurumlarla əməkdaşlıq da diqqət mərkəzindədir”.
Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.
Deputat bildirib ki, ümumiyyətlə, Azərbaycan Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir: “Məhz bu baxımdan Asiya Parlament Assambleyası (APA) ilə əməkdaşlıq, daha doğrusu, bu qurum daxilində atılan addımlar da təqdir edilir. Məlumat üçün bildirim ki, Azərbaycan hazırda Asiya Parlament Assambleyasına sədrlik edir. Elə bu gün assambleyanın ölkəmizin sədrliyi ilə Bakıda işinə başlayacaq və "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr olunmuş ikigünlük plenar sessiyası da bu baxımdan mühüm əhəmiyyət kəsb edir".
Deputat deyib ki, bu gün beynəlxalq aləmdə beynəlxalq təşkilatlara rəhbərlik etmək baxımından bir Azərbaycan nümunəsi var: “Əminəm ki, Azərbaycanın elə APA-ya sədrliyi də bu qurum daxilində yeniliklər və mühüm qərarlar baxımından tarixdə qalacaq. Nəzərə alsaq ki, Bakı sessiyasında 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir, o zaman bu tədbirin necə mühüm önəm daşıdığını söyləyə bilərik. Hazırda qlobal arenada maraqlı proseslər baş verir. Bu baxımdan Asiya regionu da diqqət mərkəzindədir. Məhz bu kontekstdə keçiriləcək Bakı sessiyası Asiyanın gələcəyi baxımdan qərarların qəbulu ilə də yaddaqalan olacaq. Çünki tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ