Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hökumətinin sülh sazişini imzalamaq fikri yoxdur, son gedişat da bunu göstərir. Sülh sazişi ilə bağlı yeni, aidiyyəti olmayan mövzuları gündəmə gətirirlər: silahlara nəzarət, kommunikasiya xətlərinin hamısının açılması. Bu mövzular sülh sazişinin mətnində yer almır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a açıqlamasında bildirdi.
Ekspert İrəvandan səslənən şərtlərin qəbulolunmazlığından bəhs etdi: “Silahlara nəzarətə gəldikdə isə ümumiyyətlə, rəsmi Bakı bu mövzunu müzakirə etmir. Çünki məntiqsizdir. Məğlub ölkə qalib ölkəyə təklif edir ki, gəl, silahlara bir yerdə nəzarət edək. Bu, dünya tarixində olmayan bir hadisədir ki, qalib ölkə məğlub ölkənin şərtini yerinə yetirsin. İkincisi də Azərbaycanın silahlanması, ordusunu gücləndirməsi yalnız Ermənistanla bağlı deyil. Yəni bölgədə çox ciddi hadisələr cərəyan edir”.
E.Şahinoğlu bildirdi ki, mövcud durumda çağırışlar var və Azərbaycan hər zaman bu çağırışlara hazır olmalıdır: “Kommunikasiya xətlərinin açılmasına gəldikdə, Azərbaycan bəli, Zəngəzur dəhlizindən maneəsiz keçid tələb edir. Bunun əvəzində Paşinyan diqqəti yayındırmaq üçün deyir ki, bütün kommunikasiya xətləri açılsın. Yaxud bildirir ki, Zəngəzur dəhlizi də İran dəhlizi kimi işləsin. Bununla da Zəngəzur dəhlizinə Ermənistanın nəzarət etməsini istəyir. Bu da onu göstərir ki, Paşinyan hələ də Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinədir”.
E.Şahinoğlu hesab edir ki, bu gedişlə sülh danışıqları elə yerində sayacaq: “Baxmayaraq ki, bu günlərdə Paşinyanın başqa bir açıqlaması da oldu. Bildirdi ki, guya konstitusiya dəyişikliklərinə hazırdır. Amma bunun üçün də uzun bir vaxt seçiblər, gələn ilin parlament seçkilərindən sonra. Yəni bu o deməkdir ki, 2025-ci ildə də sülh sazişinin imzalanması sual altında olacaq. Sülh sazişi bu il imzalanmasa, bölgədə gərginlik arta bilər. Çünki Ermənistan ordusunun içərisində də “5-ci kolon” mövcuddur, bunu Paşinyan da bir neçə dəfə deyib. Həmin “5-ci kolon” gərginliyi artıra, Ermənistanda hakimiyyət çevrilişi baş verə, təmas xəttində atəş aça bilər. Atəş açılacağı təqdirdə təbii ki, biz artıqlaması ilə bunun cavabını verəcəyik. Üstəgəl, soydaşlarımızın Ermənistana, Qərbi Azərbaycana qayıdışı da müzakirə predmeti olmalıdır. Bu barədə Paşinyanın ümumiyyətlə, açıqlaması yoxdur”.
ELŞAD,
Musavat.com
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ