Onlayn ictimai-siyasi qəzet
Başa çatmaqda olan 2024-cü il Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar, uğurlu il oldu. Bu il bir çox əlamətdar hadisələrlə yaddaşlara həkk olundu.
Bu barədə Musavat.com-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Deputat xatırladıb ki, bu il müstəqil Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri ölkənin bütün ərazisində keçirildi:
“Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdi. Bu il fevralın 7-də keçirilmiş prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazandı. Hər birimiz seçki günü xalqımızın məntəqələrə axın edərək, səsvermədə yüksək fəallıq nümayiş etdirdiyinin şahidi olduq. Xalqımız onu 30 ilin natamamlıq kompleksindən xilas edən, milli mənliyini, qürurunu, özünəinam hissini özünə qaytaran, yüz illik saxtakarlığı tarixin qaranlığına atan Böyük Şəxsiyyətə, Qalib Liderə təşəkkürünü ifadə etdi. Bu, bir xalqın öz liderinə vəfa borcunu ödəməsi idi. Bu, həm də Azərbaycan xalqının Prezident İlham Əliyevin 20 illik fəalliyyətinə verdiyi qiymət idi”.
Parlamentari bildirib ki, bu il həm də Xocalı və Şuşa şəhərlərinə qayıdışın başlanğıcı kimi tarixə həkk olundu:
“Bu gün Azərbaycan dövləti öz vəsaiti hesabına işğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işləri aparır. Artıq bir çox bölgələrimizə keçmiş məcburi köçünlərin qayıdışı təmin edilib. Orada insanlarımızın yaşaması və işləməsi üçün dövlətimiz tərəfindən lazımi işlər görülüb. Görülən işlər onu deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur ölkəmizin və dünyanın ən gözəl yerlərindən birinə çevriləcək”.
Səbinə Salmanova onu da əlavə edib ki, Prezident İlham Əliyevin uğurlu diplomatiyasının və düşünülmüş siyasətinin məntiqi nəticəsində bu ilin aprel ayında Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşma əldə olundu:
“Bu, Azərbaycanın qüdrətinin tarixdə görünməmiş bir zirvədə olduğunun göstəricisidir. Bir güllə belə atılmadan Azərbaycanın beynəlxalq hüquqla tanınmış qeyri-anklav kəndlərinin sahiblərinə qaytarılması diplomatiya tariximizdə önəmli məsələdir”.
Millət vəkili xatırladıb ki, bu il həm də 30 ildən sonra ilk dəfə Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçirildi:
“2024-cü il Azərbaycan parlamentarizm tarixində əhəmiyyətli iz qoyub, ölkəmiz bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib, istər Qoşulmama Hərəkatının Parlament şəbəkəsi, həmçinin digər səviyyədə uğurlu parlament diplomatiyası realizə olunub. Həmçinin 2024-cü il qanun yaradıcılığı və məhkəmə hüquq sistemində islahatların davam etdirilməsi baxımından uğurlu il hesab olunmalıdır”.
Deputat qeyd edib ki, ilin ən yaddaqalan hadisələrindən biri də 11-22 noyabr tarixində Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi oldu:
“Ölkəmiz bu beynəlxalq tədbirə uğurla ev sahibliyi etdi. Dünyanın diqqətlə izlədiyi bu tədbirə 196 ölkədən 72 min iştirakçı qatıldı. Tədbirdə dünyamızın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən sənədlər qəbul olundu”.
Səbinə Salmanova təəssüflə bildirib ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayıb:
“Hadisə nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar oldu. Qəzada həyatını itirənlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Yaralıların tezliklə sağalmalarını arzu edirəm. Allah dövlətimizi və xalqımızı bütün bəlalardan qorusun!”
Qanunverici orqanın üzvü söyləyib ki, 2025-ci ildə həm dövlətimizin, həm də hər bir vətəndaşımızın arzuları və planları böyükdür:
“Fürsətdən istifadə edərək dövlətimizə və xalqımıza qarşıdan gələn 2025-ci ildə uğurlar arzulayıram”.
Etibar SEYİDAĞA,
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ