Onlayn ictimai-siyasi qəzet
Polşa Avropa Komissiyası tərəfindən Covid-dən sonrakı bərpa üçün ayrılmış vəsaitlərin 6,2 milyard avrosunu müdafiə ehtiyaclarına yönləndirəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Varşavanın bununla bağlı müraciətinə Avropa Komissiyası müsbət cavab verib. Beləliliklə, Polşa pandemiyadan sonrakı bərpaya ayrılan vəsaitləri müdafiəyə yönəldən ilk Aİ ölkəsi olacaq. Varşavadan verilən məlumata görə, bu, ölkə ÜDM-nin təxminən 5 faizinin müdafiəyə xərcləməsini təmin edəcək. NATO üzvü olan ölkələr üçün bu, rekord göstəricidir.
Polşanın Baş naziri Donald Tusk mart ayında Nazirlər Kabinetinin iclasında post-Covid fondlarının təxminən 10 faizini geri yönləndirmək niyyətində olduğunu açıqlayıb. O, bunu “sülh aktı” adlandırıb: “Ordunun modernləşdirilməsi, müdafiə sənayesinin inkişafı və sərhədlərin möhkəmləndirilməsi ilə bağlı hər bir qərar müharibəni təxirə salır”.
Polşa rəsmi olaraq Brüsselə belə bir müraciət edən ilk Aİ ölkəsi oldu.
Vəsait Polşa Milli Bankı vasitəsilə xərclənəcək ki, bu da ona Avropa Komissiyasının müəyyən etdiyi ciddi müddət tələblərindən yan keçməyə imkan verəcək.
Polşa vəsaitlə ikili təyinatlı infrastruktur layihələrini maliyyələşdirmək imkanı qazanacaq. Bura hərbi texnikanın hərəkəti üçün yolların, sığınacaqların və bomba sığınacaqlarının tikintisi, müdafiə müəssisələrinə subsidiyalar, hərbi texnologiyalara investisiyalar daxildir.
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ