İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya XİN səfirliyimizə hücumdan 3 gün sonra xəbər tutdu - nəticə olacaqmı?

Fərid Şəfiyev: “Bu məsələdə Britaniya məsuliyyət daşıyır və müvafiq addımlar atmalıdır, amma...”

Avqustun 6-da Azərbaycanın Londondakı səfirliyində dini radikalların törətdiyi vandallıq aktına dair Britaniya Xarici İşlər Nazirliyi, nəhayət, 3 gün sonra “xəbər tutub”, kiçik bir açıqlama verdi. Nazirlikdən bildirilib ki, Azərbaycan səfirliyinə hücuma dair təhqiqata dəstək vermək üçün polislə işləyirlər:

“Biz etirazçıların Azərbaycanın Londondakı səfirliyinə icazəsiz daxil olması ilə bağlı insidentdən xəbərdarıq və polislə birgə təhqiqata dəstək vermək üçün işləyirik”.

Məlumatda qeyd edilib ki, Böyük Britaniya Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasından irəli gələn öhdəliklərinə ciddi yanaşır, diplomatik ictimaiyyətin və onların binalarının təhlükəsizliyinin mühüm əhəmiyyət kəsb etdiyini qəbul edir.

Əslində baş verən hadisənin cinayət yükü çox böyükdür və bunun qarşılığında Britaniya XİN-in 3 gün sonra soyuqqanlı bir açıqlaması bu canilərin himayə olunmasına dair növbəti sübut sayıla bilər. Neçə gündür bu adamların kimliyi bilindiyi halda saxlanılmayıblar, bu haqda bir məlumat yoxdur. Ehtimal bundan ibarətdir ki, “Mehdinin xidmətçiləri” adlı terrorçu qruplaşmaya liberal yanaşılır. Bu, rəsmi London üçün utancverici bir olay kimi tarixə yazılır.

Üstəlik, daha bir ciddi məqam var - Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun APA-ya verdiyi müsahibədən belə aydın olur ki, səfirliyə basqın etmiş 8 nəfər saxlandıqdan 24 saat sonra mümkündür ki, azad ediliblər. Bunun özü ciddi skandaldır.

Yaranmış durumda Azərbaycan tərəfi hansı addımları atmalıdır? Hansı hüquqi prosedurların həyata keçirilməsi gərəkir?

Fərid Şəfiyev: Azərbaycanda rus məktəbləri məsələsi siyasiləşdirilir -  14.09.2020, Sputnik Azərbaycan

Fərid Şəfiyev

Mövzu ilə bağlı Azərbaycanın Kanadada və Çexiyada səfiri olmuş, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Yeni Müsavat”a danışıb: “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına əsasən bu məsələdə bütün öhdəlik Britaniya tərəfindədir. Təbii ki, Britaniya bu cür baş vermiş cinayətə qarşı müvafiq addımlar atmalıdır. Təəssüflər olsun ki, bunu etmirlər. Azərbaycan tərəfindən, o cümlədən Xarici İşlər Nazirliyimiz tərəfindən bütün addımlar atılıb. Belə ki, XİN Britaniya səfirliyinin nümayəndəsini quruma dəvət edərək, öz etirazını bildirib. Eləcə də səfirliyimiz də Britaniyada müvafiq addımlar atır.

Doğrudan da suallar yaranır ki, niyə Britaniya bu məsələdə passivdir? Həmçinin bu təşkilat açıq şəkildə fəaliyyət göstərir və niyə bu günə qədər ona qarşı addım atılmayıb? Belə çıxır ki, Britaniya bu təşkilatı himayəsi altında saxlayır. Yəni bunu belə qələmə vermək olar. Amma bir daha qeyd edirəm ki, biz təzyiq mexanizmlərimizi etmişik.

Britaniya ilə Azərbaycan arasında dostluq əlaqələri var. Britaniya “G5" ölkələrindən biri olaraq hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Yəni bizim mükəmməl dostluq əlaqələrimiz mövcuddur. Belə hesab edirəm ki, həmin təşkilat Azərbaycana qarşı deyil, yaxın Şərqdə digər ölkələrə qarşı istifadə olunur. Bəzi müşahidəçilər hətta qeyd edir ki, ola bilsin burada müəyyən təxribat xarakterli addım da var. Bu təxribatın arxasında kim durub, onu araşdırmaq lazımdır.

Bir daha qeyd edirəm ki, bu məsələdə Britaniya məsuliyyət daşıyır və müvafiq addımlar atmalıdır, amma buna getmir. Əlbəttə ki, bu, Britaniya üçün ciddi skandaldır. Yəni dünya miqyasında digər ölkənin səfirliyinə hücum olunması nadir görünən haldır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR