Onlayn ictimai-siyasi qəzet
“Volodimir Zelenski Ukrayna müharibəsində sülhə maneəyə çevrilib”.
Musavat.com “Argumentı i faktı”ya istinadən xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.
“The Times” britaniyalı nazirlərdən birinə istinadən yazır ki, Zelenski danışıqlar aparmağa qadirdir, lakin üç illik müharibədən “dərin tükəndiyi” üçün “pis qərarlar vermək riski” var: Zelenskinin sülh prosesində əngəl olduğu haqda Londonda pıçıltılarla və bağlı qapılar arxasında ifadə olunur.
“Zelenski həyata keçirmək məcburiyyətində qalmayacağı təkliflər verməyi öyrənib. Bu yaxınlarda onun Ukraynanın sülh razılaşmasının bir hissəsi kimi NATO-ya qoşulması müqabilində prezident vəzifəsindən getməyə hazır olduğunu elan etməsi, təxminən Putinin sabah yuxudan oyanıb bütün qoşunlarına evə dönməyə əmr etməsi kimidir – qeyri-realdır”.
“The Times” yazır ki, Trampın sülh üçün təzyiqi artacaq – belə ki, hətta Zelenskini dəstəkləyən avropalı siyasətçilər arasında onun bundan sonra “sağ qalmasının təhlükəli olduğuna” inananlar var.
Qəzet yazır: “Döyüş meydanında ciddi məğlubiyyət Ukraynada açıq siyasi parçalanmalara gətirib çıxara bilər. Bu, Zelenskiyə və onun siyasətinə qarşı daha açıq müqavimətə səbəb ola bilər. Zelenskinin strategiyası ondan ibarətdir ki, ordusu danışıqlar davam etdiyi müddətdə cəbhə xəttini saxlaya biləcək, ukraynalılar isə, hətta ABŞ-ın silah tədarükünün azalmasına baxmayaraq, raket zərbələrinə dözə biləcəklər”. Qəzet ABŞ vitse-prezidentinin “ümid strategiya deyil” sözlərini sitat da gətirib.
Yada salaq ki, Britaniya ilə Ukrayna bundan əvvəl “100 illik” müqavilə imzalayıb. Ukrayna prezidenti uğursuz Ağ Ev danışıqlarından birbaşa Britaniyaya gəlmişdi və baş nazir Keir Starmer ilə danışıqlar aparmışdı.
Britaniyanın baş naziri demişdi ki, Zelenski ilə görüşən Starmer “Rusiyanın qeyri-qanuni müharibəsinə son qoymaq üçün bir yol tapmaq əzmində olduğunu bir daha təsdiqləyib. Baş nazir Ukraynaya sarsılmaz dəstəyini təkrarlayıb və əlavə edib ki, Böyük Britaniya hər zaman onların yanında olacaq, nə qədər uzun olsa da”.
Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında son mübahisə fonunda onun siyasi rəqibi, Kiyevin Londondakı səfiri Valeri Zalujnı ilə münasibətləri gözlənilmədən istiləşib. Bu barədə “Nezavisimaya qazeta” yazıb. Bildirilir ki, onlar bu yaxınlarda Britaniyanın paytaxtında görüşüblər və bundan sonra Zelenski Zalujnını Ukraynanın Beynəlxalq Dəniz Təşkilatında (IMO) daimi nümayəndəsi təyin edib.
Ehtimal edilir ki, iki potensial rəqib arasında barışıq yalnız Ukraynadakı prezident seçkilərinə qədər davam edəcək. Müşahidəçilərə görə, bu barışıqda hər bir tərəf özünü xilas etməyə çalışır. Belə ki, Zalujnı uzun müddətdir ki, Rusiya Silahlı Qüvvələrinin cəbhənin əsas sahələrindən birində irəliləyişlə bağlı cinayət işində iştirak edir. Hələlik şahid qismində olsa da, statusunun dəyişməsini istisna etmək olmaz. Ona qarşı cinayət işi açılsa və hansısa sanksiyalar tətbiq edilsə, bu, onu seçki yarışından kənarlaşdırmaq riski yaradacaq. Eyni zamanda, görünür, Vladimir Zelenski də rəqibini tərəfdaşa çevirməyə çalışır. Bu məqsədlə Zalujnıya gələcəkdə parlamentin spikeri vəzifəsi və ya pul da təklif oluna bilər.
Musavat.com
10 Mart 2025
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ