İnsanlara hürriyət, millətlərə istiqlal!

“Breksit”dən məyus olan ingilislər – Geriyə yol var, amma tələsən yoxdur

Bir zamanlar böyük hay-həşirlə Avropa ailəsindən uzaqlaşamağa, “heçi-köçü ayrı” dövlətə çevrilməyə çalışan Böyük Britaniya, deyəsən, “Breksit”in nəticələrinin umduğu, gözlədiyi kimi alınmadığının fərqinə varmaqdadır. Təmayül bu istiqamətdədir.

O zamanlar bu təşəbbüsü ən çox dəstəkləyən BB-nin xarici işlər naziri postunu tutan, sonradan baş nazir seçilən, daha sonra vəzifəsindən istefa verən Boris Conson idi. O, xalqı Avropanı gözləyən böhrandan yeganə çıxış yolunun Böyük Britaniyanın Avropa Birliyindən qopmaqda olmasına inandırmışdı.

Hazırda isə gələn xəbərlər göstərir ki, Brüssel və London arasında əlaqələrin genişləndirilməsi zərurəti yaranıb. İqtisadiyyat və təhlükəsizlik sahəsində əlaqələrin bərpasının tərəfdarları arasında britaniyalılar daha çoxdur.

Aparılan müvafiq sorğu göstərir ki, Böyük Britaniya respondentlərinin üçdə ikisi BB-nin Avropanın vahid bazarına qayıtması müqabilində avropalıların ölkəyə sərbəst səyahət etməsinə icazə verilməsinə razıdır. Sorğuda Böyük Britaniya, həmçinin Almaniya, Fransa, Polşa, İspaniya və İtaliyadan 9 mindən çox sakin iştirak edib. Hər bir ölkədə reinteqrasiya əleyhinə olanlar tərəfdarlardan daha az olub. Əgər ingilislər öz nöqteyi-nəzərini iqtisadi problemlərlə əlaqələndirirlərsə, avropalılar da öz baxışlarını təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək zərurəti ilə əsaslandırırlar.

Əvvəllər fransızlar ən çox Britaniyanın Aİ-dən çıxmasının Fransa iqtisadiyyatına necə təsir edəcəyindən narahat idilər. Paris ingilislərin heç bir rəqabət üstünlüyünə malik olmamasını təmin edib. İndi narahatlıqlar fərqlidir.

Ən maraqlısı odur ki, “Brexit”in nəticələrindən məyus olanlar məhz buna səs verənlər olub. 2016-cı ildə Aİ-dən çıxmağa səs verənlərin 54%-i avropalıları əvvəlki kimi ölkəyə buraxmağa hazır olduqlarını bildiriblər. Ümumilikdə britaniyalıların 68%-i hərəkət azadlığının bərpasının tərəfdarıdır, 18%-i isə kəskin şəkildə bunun əleyhinədir. Bu da təbiidir. İstənilən ölkədə ətraf dünyadan təcrid olunmağı daha üstün tutan kontingent tapmaq olar.

Reinteqrasiyaya meyllilik Avropa ilə əməkdaşlığa qarşı olan partiyalar üçün qorxulu xəbərdir. Çünki bu tendensiya güclənərsə (elə olacağı təxmin edilir), onların elektoratı zəifləyəcək. Naycel Farajın partiyasının dövlət strukturlarında möhkəmlənmək üçün real şansı azdır. Britaniyalılar getdikcə daha aydın başa düşürlər ki, “Brexit” uzun illər ölkənin sürətli iqtisadi inkişafı perspektivlərinə son qoyan səhv, hətta fəlakət olub.

Rəy sorğusunun müəllifləri hesab edirlər ki, britaniyalılar güzəştə getməyə hazırdırlar, çünki onlar “Brexit”in əsas problemi - qeyri-qanuni miqrantların “Dumanlı Albion”a axını məsələsini həll etmədiyini anlayıblar. Ölkədə miqrantların sayı heç də az deyil.

Rusiyanın Ukraynaya hərbi təcavüzü, Avropa dövlətlərini, bütövlükdə “qoca qitə”ni təhdid etməsi də göstərir ki, təklənmək, “öz başının çarəsinə baxmaq” heç də ən optimal yol deyil. Həmçinin Avropa ilə “məxməri intriqa” siyasəti yeritməyə hazırlaşan, NATO-nun dağıdılmasından danışan Donald Trampın ABŞ-də hakimiyyətə qayıdışı ingilisləri avropalılarla praktiki olaraq eyni gəmidə olmaları faktıyla üz-üzə qoyub. İndi bütün avropalılar güclü, firavan, təhlükəsiz yaşamlarını davam etdirmək üçün bir-birindən yapışmalıdırlar.

Sorğuda iştirak edən britaniyalıların yarısı Birləşmiş Ştatlarla deyil, Avropa İttifaqı ilə əlaqələrin artırılmasının zəruriliyindən danışıb. Respondentlərin yalnız 17%-i əks mövqedə olub. Əslində, britaniyalılar Britaniyanın Avro-Atlantik ölkə deyil, Avropa ölkəsi olduğunu qəbul edirlər.

Bununla belə, qeyd edək ki, bəzi məqamlarda Böyük Britaniya xalqı sadəcə olaraq köhnə nizamı bərpa etməyə hazır olmayacaq. Məsələn, yalnız 41% respondent Avropa məhkəmələrinin Böyük Britaniya şirkətləri üçün uyğunluq qərarları verməsinin lehinədir. Eyni zamanda respondentlərin 40%-i də bunun əleyhinə olub.

Beləliklə, tendensiyalar göz qabağındadır: avropalılar və ingilislər, xüsusən də ikincilər münasibətlərə yenidən baxılmasını istəyirlər. Lakin buna hələ siyasi liderlərin iradəsi kifayət etmir. Ola bilər ki, yaxın gələcəkdə siyasətçilər öz seçicilərinin fikirlərini nəzərə alacaq və “Brexit” şərtlərinə yenidən baxılması üzərində işləməyə başlayacaqlar.

Ancaq ortaya Boris Conson kimi xarizmatik, fəal, dilli-dilavər, ən ümdəsi yeni bir lider çıxa, ingilisləri Avropadan uzaq durmağın daha sərfəli olduğuna inandıra bilər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR