İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan və Macarıstan İrandakı səfirliklərini Azərbaycana köçürdü  

Bolqarıstan Tehranla İsrail arasında artan gərginliyə görə İrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini Azərbaycana təxliyə edib.

Musavat.com xəbər verir ki, Reutersin məlumatına görə, bu barədə ölkənin baş naziri Rosen Jelyazkov bildirib.

Onun sözlərinə görə, bu qərar İsrailin sakinlərə Tehranın üçüncü rayonunu tərk etməyi tövsiyə etməsindən sonra verilib. Bolqarıstan səfirliyi məhz bu rayonun yaxınlığında yerləşirdi.

"Bizim səfirliyimiz bu rayonun yaxınlığında yerləşir və biz qərara gəldik ki, diplomatlarımız ölkəni tərk etsinlər. Səfirlik Bakıdan işləməyə davam edəcək", – Jelyazkov izah edib.

İrandan ümumilikdə 12 diplomat və ailələri təxliyə edilib.

Eyni zamanda Macarıstan öz vətəndaşlarını İrandan Azərbaycana təxliyə edib və səfirliyini Tehrandan müvəqqəti köçürüb. Bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto bildirib.

"Yaxın Şərqdə döyüşlər getdikcə şiddətlənir, ona görə də İranda yaşayan bir neçə Macarıstan vətəndaşı bizdən onları oradan çıxarmağımızı xahiş edib", – Siyarto videomüraciətində bildirib. Onun sözlərinə görə, diplomatlar və onların ailə üzvləri İrandan çıxarılaraq müvəqqəti olaraq Azərbaycanda yerləşdirilib: "Səfirliyin əməkdaşları və onların ailə üzvləri, uşaqlar da daxil olmaqla, ümumilikdə on beş nəfər Azərbaycana gedib, ona görə də təhlükəsizlik şəraiti yaxşılaşana qədər Tehrandakı səfirliyin işi müvəqqəti olaraq oradan aparılacaq".

O, Macarıstanın Tehrandakı səfirliyində çalışan digər diplomatları və onların ailə üzvlərini də İranı tərk etməyə çağırıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR