İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgələrin inkişafına verilən yeni vədlər...

Azər Badamov: “Bərpaolunan enerji mənbələrinin yaradılması həm regionların, həm də ölkə iqtisadiyyatının inkişafına yeni impuls verəcək”

Xəbər verildiyi kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP 29 bu il Azərbaycanda keçiriləcək. COP 29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla yanaşı, Prezident ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində də bu məsələyə xüsusilə nəzər salıb: “Digər vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə, 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro - su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcək. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib”. 

Bəs görəsən, beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsi regionlara öz təsirini necə göstərəcək? “Yaşıl enerji” ilə bağlı regionlarda nə kimi işlər görülür? 

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov

İqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, COP 29 Beynəlxalq Konfransı qlobal əhəmiyyətli bir tədbirdir: “Bu tədbirə ev sahibliyi etməyimiz ilk növbədə ölkəmizin beynəlxalq arenada olan nüfuzunun göstəricidir. Bu gün dünyada  baş verən qlobal proseslərə qarşı mübarizəyə  könüllü şəkildə qoşulmuş Azərbaycan Respublikası var. Ölkəmiz hər zaman dünyanı narahat edən məsələlərin aradan qaldırılması üçün öz üzərinə könüllü öhdəlilkılər götürməklə bu problemlərin həll olunmasına öz töhfəsini verir. O cümlədən 2030-cu ilə qədər ölkəmiz 5 min meqavatt enerjisinin istehsalını bərpa olunan enerji resurslarının üzərinə keçirmiləməsini hədəfləyib. 

COP 29-un ölkəmizdə keçirilməsi bərpaolunan enerji potensialının reallaşdırılmasına öz töhfəsini verəcək. Bu gün ölkəmizin bərpaolunan enerji potensialı sahəsinə investisiyalar yatırmaq istəyən şirkətlərin sayı günü-gündən artır. Deyə bilərik ki, bu sahə üzrə investisiyaların yatırılmasına bir rəqabətlilik mühiti yaranıb. Hesablamalara görə, ölkəmiz 200 Qiqavat bərpaolunan enerji pöotensialına malikdir. Bu enerji potensialının 157 Qiqavatı dənizdə, qalan hissəsi isə quruda dəyərləndirilib. Quruda dəyərləndirilən  bərpaolunan enerji potensialı əsasən regionların payına düşür. Artıq bərpaolunan enerji potensialının mövcud əraziləri üzrə xəritəsi tərtib olunub. Bu gün Qaradağda böyük günəş elektrik stansiyası istifadəyə verilib. İşğaldan azad olunmuş ərazilərdə günəş və külək stansiyalarının tikintisi ilə bağlı işlər davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə kiçik hidroelektrik stansiyaların bərpası prosesi sürətlə davam etdirilir. Digər regionlarda da hidro, külək və günəş elektrik stansiyaların tikintisi ilə bağlı işlər görükəcəkdir. Bu, ilk növbədə ekoloji təmiz enerjisinin istehsalı deməkdir. Digər tərəfdən də yeni iş yerlərin açılması deməkdir. Hər bir bərpaolunan enerji  stansiyasının tikintisini həyata keçirən ərazidə yeni infrastruktur yaradılır. Bu infrastruktur eyni zamanda o ərazidə yaşayan insanların rahat yaşayışına xidmət edəcək. Digər tərəfdən, açılan hər bir yeni müəssisə vergi ödəyicisi olur və həmin regionun büdcəsinə vəsaitlər ödəyəcək. Bu baxımdan bərpaolunan enerji mənbələrinin regionlarda inşası o regionların iqtisadiyyatına da müsbət təsir göstərəcək. Bərpaolunan enerjinin istehsalının artması həm də ümumi ölkə iqtisadiyyatının artmasına töhfə verir. Belə ki, bərpaolunan enerjinin istehsalı artdıqca onun ixracı da artacaq. Bu da ölkəmizə yeni mənbələrdən valyuta daxil olmasına yol açacaq. Beləliklə, deyə bilərik ki, bərpaolunan enerji mənbələrinin yaradılması həm regionların, həm də ölkə iqtisadiyyatının inkişafına yeni impuls verəcəkr". 

Yazını hazırladı: Afaq MİRAYİQ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR