Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları fonunda çoxsaylı seksual xarakterli zorakılıq hallarını sənədləşdirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Quterreşin hərbi münaqişələrlə bağlı zorakılıq mövzusunda Təhlükəsizlik Şurasına təqdim etdiyi illik hesabatda qeyd olunur.
Hesabatda “etibarlı məlumatlara” istinad edilərək bildirilir ki, “Rusiya silahlı qüvvələri, təhlükəsizlik xidmətləri və onlara bağlı silahlı qruplar” tərəfindən, xüsusilə Ukrayna və Rusiyada saxlanılan ukraynalı hərbi əsirlərə qarşı kütləvi hüquq pozuntuları törədilib. Söhbət 50 rəsmi və 22 qeyri-rəsmi həbs yerində qeydə alınmış zorakılıqdan gedir.
Qeyd olunan hallara cinsiyyət orqanlarına qarşı zorakılıq, o cümlədən elektrik cərəyanı ilə işgəncə, döymə və yandırma, məcburi soyundurulma və uzun müddət çılpaq vəziyyətdə saxlanma daxildir. Bunların əsas məqsədinin alçaltma və məcburi etiraf alma olduğu vurğulanır.
Quterreş Rusiyanın bu cür hərəkətlərinə görə “ciddi narahatlıq” ifadə edib və Moskvanı rəsmi şəkildə xəbərdar etdiyini bildirib. O, həmçinin xəbərdarlıq edib ki, gələn il Rusiya “zorlamalarda və ya digər cinsi zorakılıq formalarında əsaslı şübhəli olan və ya buna görə məsuliyyət daşıyan tərəflər” siyahısına daxil edilə bilər. Oxşar xəbərdarlıq İsrailə də ünvanlanıb.
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəliyi məsələ ilə bağlı jurnalistlərin sorğusuna cavab verməyib. Quterreş əlavə edib ki, Rusiya hakimiyyəti onun bu mövzular üzrə xüsusi elçisi ilə əməkdaşlıq etməyib.
BMT-nin 2024-cü il hesabatında bildirilirdi ki, Rusiya əsirliyindən azad edilmiş ukraynalı hərbi əsirlərin 95%-i mütəmadi olaraq işgəncələrə məruz qalıb. Əsirlikdə tətbiq edilən işgəncələrə döymə, elektrik cərəyanı ilə əzabvermə, boğma, seksual zorakılıq, uzun müddət ağrılı vəziyyətdə saxlanma, edamın imitasiyası, boğulma, yuxusuzluq və digər üsullar daxildir.
Xatırladaq ki, iyul ayında ATƏT-ə üzv olan 40-dan çox dövlət Rusiyanın ukraynalı hərbi əsirlərə qarşı qəddar rəftarına dair müstəqil araşdırma aparılması çağırışı etmişdi. Bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp məlumat vermişdi.
Musavat.com
14 Avqust 2025
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ