İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz niyə Nargin adasını abadlaşdırıb, camaatın üzünə açmırıq?”

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki müzakirələrdə çıxış edib. O bildirib ki, əslində Zəfər ilində görülən bu qədər işlərin qarşılığında xırda problemlər heç müzakirə olunmaz. 

Musavat.com-un məlumatına görə, deputat qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, müdafiə və təhlükəsizlik məsələlərinə önəm verilməsi və digər önəmli məsələlər büdcədə əksini tapıb.

S.Rüstəmxanlı bildirib ki, Neftçala əhalisinin əsas ehtiyacı yeni iş yerlərinin açılması ilə bağlıdır.

“İnsanlar sosial yardımla yanaşı, iş istəyirlər. Bütün rayonlar üçün bu problem var. Nefçalanın 15-ədək kəndində qaz yoxdur. Qaz çıxarılan rayonda bu, bir paradoksdur”, - deyə deputat bildirib.

S.Rüstəmxanlı deyib ki, bu gün bizim Böyük Qayıdış proqramımız var. O əlavə edib ki, ikinci qayıdış proqramına da ehtiyac var, bu da ucqarlardan iş ardınca Bakıya gələnlərin öz yurdlarına qayıdışı ilə bağlıdır. Deputat Bakıya axın edən vətəndaşlarımızın bölgələrə qayıdışını təmin etməkdən ötrü iş yerlərinin yaradılmasını zəruri sayıb.

Deputat genefondumuza vurulan zərbədən də danışıb. Onun sözlərinə görə, xaricdəki donor təşkilatların əli ilə aparılan təhlükəli təbliğatdan biri də budur ki, analar bir uşaq dünyaya gətirsinlər və uşağa süd verməsinlər.

Eyni zamanda deputat Türk əsri ilə əlaqədar görülməli olan işlərdən danışıb. Bildirib ki, Türk əsri naminə dövlət başçıları zəruri addımlar atır, amma digər sahələrdə də atılmalı addımlar, görülməli işlər var.

“Bakının coğrafi mühiti, yüklənməsi tələb edir ki, bir sıra müəssisələr, universitetlər Xankəndiyə, Ağdama köçürülsün. Biz niyə Nargin adasını abadlaşdırıb, camaatın üzünə açmırıq?”, - S.Rüstəmxanlı çıxışını bu sözlərlə bitirib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR