Onlayn ictimai-siyasi qəzet
“Rusiya sülhməramlılarının Qarabağdan tam çıxarılması 2025-ci ilə qədər davam edəcək. Hələlik bu prosesin başlanmasından söhbət gedir. Artıq başlanmış proses özü də müsbət hadisə kimi dəyərləndirilməlidir”.
Bunu Musavat.com-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Rusiya rəhbərliyinə çox da etibar etməyi mümkün saymayan partiya sədri hesab edir ki, onların niyyətlərinin nə olduğu da hələ bilinmir:
“İstisna halda bu hadisə Azərbaycanın bölgədə nüfuzunun artması ilə bağlıdır. Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan aparıcı dövlətə çevrilib. Rusiya da bu faktorla hesablaşmalı olub. Ən ümumi rəy bundan ibarət ola bilər”.
Akif Nağı ABŞ Dövlət Departamentinin sülhməramlıların gedişinə təəccüb doğuran reaksiyasından bəhs edərkən bildirib ki, Amerika rəhbərliyinin məsələyə fərqli və gözlənilməz mövqeyi də dolayısı ilə bu faktora bağlıdır:
“Ona görə də Rusiyanı “etibarsız müttəfiq” olmaqda ittiham edir. Bir tərəfdən bununla Ermənistanı Rusiyadan daha tez uzaqlaşdırmaq üçün bu hadisədən istifadə edir, erməniləri “etibarsız Rusiya”dan daha sürətlə ayrılmağa həvəsləndirmək istəyirlər. Digər tərəfdən isə Azərbaycanın regionda artan gücü ilə Rusiyanın hesablaşmasına qıcıq nümayiş etdirirlər. Bu mənada Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını da qabardar, yeni situasiyadan istifadə etmək həvəsinə düşə bilərlər”.
A.Nağı qeyd edib ki, regionda yeni şərait, yeni münasibətlər formalaşmaqdadır:
“Biz bundan öz maraqlarımızı qorumaq üçün yararlanmağı bacarmalıyıq. Yəqin ki, yaxın vaxtlarda niyyətlər ortaya çıxacaq. ABŞ rəhbərliyi regionda Ermənistanın platformasının güclənməsini istəyir. Biz də Türkiyə ilə birlikdə öz istəklərimizi ortaya qoymalıyıq”.
E.Paşasoy,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ