İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir gün Prezident sərt üzünü göstərəcək və soruşacaq ki...”

“Bu gün abituriyentlər  güc-bəla ilə nəyisə əzbərləyib birtəhər universitetlərə qəbul olurlar, sonra da görürlər universitet mənaasız bir şey imiş. Düşünürlər ki, lap bu universiteti bitirdim, sabah harada işləyəcəyəm? İşləsəm guya nə qədər maaş alacağam ki? Bu cür problemləri düşünməkdən gəncin başı “çevrilir”. Axırda da deyir ki, əşşi, onsuz da oxumaq mənasızdır və universiteti atır...” 

Bu sözləri Yenisabah.az-a Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. Son illər universitet tələbələrinin qəfildən ali təhsilini yarımçıq qoyması ilə bağlı problemdən danışan Vəziroğlu bunun səbəblərini sadalayıb: 

“Universitet tələbələri tez-tez bu addımı atırlar, çünki gənc ali təhsildə bir perspektiv, məna görmür, istəyir ki, öz yolu ilə addımlasın. 

Ona görə bu gün gənclər ya həqiqi təhsilin ardınca xaricə üz tutur, ya da buna imkanı çatmırsa, deyir ki, heç mənə lazım da deyil Azərbaycanda ali təhsil. Gənclərin havayı itirəcəkləri illərə heyfi gəlir və universitetdən çıxıb “Mall”da satıcı, restoranlarda ofisiant işləyir. 

Bu aralar cənab Prezidentimizin başı çox qarışıqdır. O boyda müharibədən çıxmışıq, vandalların xarabaya çevirdiyi torpaqları bərpa edirik. Bütün bunları görən məmurların vicdanı yoxdur desinlər ki, ay balam, bu Prezident böyük işlərlə məşğuldur, gəlin biz də bizə tapşırılan sahədə uğur əldə edək. Yox, bir çox məmur bunu düşünmür, vicdanla vəzifəsini icra etmir. Yalandan “quş” qoymaq xatirinə guya nələrsə edirlər, tədbirlər, forumlar keçirirlər, amma ortada heç nə yoxdur”.

Şair qeyd edib ki, problemlər kökündən həll edilməli, təhsil sahəsində ciddi islahatlar aparılmalıdır:

“Mən inanıram ki, cənab Prezident sərt üzünü göstərəcək və həmin məmurlardan soruşacaq ki, siz bu illər boyu nə ilə məşğul olmusunuz?! Niyə təhsilimiz, səhiyyəmiz bu gündədir? Mən həmin günü gözləyirəm, ümid edirəm o gün tez gələcək. Çünki artıq böyük problemlər öz həllini tapır, Qarabağımız qurulur, xarici siyasətdə hər şey qaydasındadır. 

Amma daxili siyasətdə məmurlarımız haqda bunu demək olmaz. Mən dəfələrlə demişəm ki, bizim məmurlar heç Prezidentimizə yaraşan məmurlar deyillər. Təsəvvür edin ki, xarici bir jurnalist gəlir, ölkə prezidenti ilə danışır, onun biliyinə, dünyagörüşünə, davranışına hayıl-mayıl olur, sonra gəlib bir məmurumuzla ünsiyyət qurur, təəcccüb edir ki, bu şəxslərin ikisi də azərbaycanlıdır? 

Artıq parlament buraxıldı, ümidvaram ki, yeni qurulan parlament Prezidentə yaraşan parlament olacaq və kadrlar da yavaş-yavaş dəyişəcək. Düşünürəm ki, bu sahədə də tezliklə 180 dərəcəlik bir dönüş olacaq. Yalandan, kosmetik düzəlişlərlə problemlər həll olunan deyil, bizə radikal dəyişikliklər lazımdır, problemli sistemlər yenidən qurulmalıdır”. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR