Onlayn ictimai-siyasi qəzet
Biləsuvarda film kimi cinayət hadisəsi baş verib.
Hadisənin əsas qəhrəmanı 50 yaşlı fermer Tacəddin Əliyev və onun görüşə çağırdığı iki qadındır.
Tacəddin uzun illər kənd təsərrüfatı ilə məşğul olub, fermasında iri və xırda buynuzlu heyvanlar saxlayıb. Lakin yaz günlərinin birində baş verən hadisə onun həyatını tamamilə dəyişib.
Quzu qarşılığında görüş və müəmmalı yoxa çıxan əşyalar
Hadisədən əvvəl Tacəddin yaxın rayonlardan olan iki qadını fermaya çağırıb. Aygün və Səbinə (adlar dəyişdirilib-red) hərəsi bir quzu qarşılığında görüşə razılaşıblar.
Görüş günü fermanın həyətində açıq havada içki məclisi qurulub. Lakin qısa müddət sonra Səbinə çantasındakı boyunbağı və digər qiymətli əşyalarının yoxa çıxdığını deyib. Bu məsələ mübahisəyə səbəb olub.
İstintaq materiallarında yazır ki, Tacəddin əsəbiləşərək qadınlara müxtəlif nahiyələrindən zərbələr endirib, yüngül xəsarət yetirib.
Baş verənlərə görə Aygünlə Səbinə fermanı tərk etmək istəsələr də, Tacəddin buna imkan verməyib. O, qadınların ikisini də fermaya salaraq qapını bağlayıb. Qaçmalarının qarşısını almaq üçün isə itlərdən silah kimi istifadə edib, onları zəncirdən azad edərək fermanın ətrafına buraxıb.
Bu hərəkəti ilə Tacəddin iki nəfəri qanunsuz azadlıqdan məhrum etmə cinayətini törətmiş olub.
İtlərin dövrəyə aldığı zərərçəkmişlərdən birinin özündə saxlaya bildiyi telefonu onları xilas edib. Bir neçə saat sonra polis köməyə gəlib.
Tacəddin məhkəmədə baş verənləri təsdiq etsə də, qadınları qanunsuz azadlıqdan məhrum etməsi ittihamı ilə razılaşmayıb. Deyib ki, qadınlar özlərini ora-bura vuraraq qəsdən yüngül xəsarət alıblar. Heç birini də fermaya salıb ağızlarını qıfılla bağlamayıb. Əgər belə fikri olsaydı telefonlarını da əllərindən almış olardı.
Zərərçəkmiş şəxslər məhkəmədə baş verənləri ətraflı danışıblar. Etiraf ediblər ki, iki quzu qarşılığında fermaya gediblər. Sonra yaşananlar isə ittihamda deyildiyi kimidir.
Biləsuvar Rayon Məhkəməsi fermeri iki nəfəri qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli bilib.
Hökmə əsasən, Tacəddinə azyaşlı uşaqlarına görə güzəşt tətbiq edilməklə 3 il həbs cəzası verilib. Hökm apellyasiya məhkəməsi tərəfindən də təsdiqlənib.\\qafqazinfo.az
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ