İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq ictimaiyyət bu cür həqiqətləri eşitməyə hazırdırmı?

Bakı növbəti dəfə nüfuzlu beynəlxalq siyasi tədbirə ev sahibliyi etdi. Noyabrın 24-də Azərbaycan paytaxtında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Bəli, vətəndaşlarımız artıq sözün əsl mənasında alışıblar ki, təkcə paytaxtımızda yox, bölgələrimizdə də davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. “Bakı növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etdi” ifadəsi isə yüzlərlə məqalə və reportajın başlığına çevrilib.

Bu fikirlər politoloq A.Adilin “Beynəlxalq ictimaiyyət bu cür həqiqətləri eşitməyə hazırdırmı?” sərlövhəli məqaləsində yer alıb. 

Musavat.com məqaləni təqdim edir.

Bəzən bu “alışqanlıq” həmin tədbirlərin ölkəmiz üçün oynadığı əhəmiyyəti adekvat şəkildə dəyərləndirməyə mane olur. Ancaq bu, bir reallıqdır, Azərbaycan artıq dünyada nüfuzlu siyasi meydanlardan, platformalardan birinə çevrilib. Azərbaycan, sözün əsl mənasında, artıq dünyanın beynəlxalq siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin keçirildiyi ünvanlarından biridir. Dünyanın siyasi xəritəsində qalib xalqın ölkəsi olan və müasir dünya üçün aktual hesab edilən humanitar mesajları beynəlxalq münasibətlər sisteminə ötürən artıq tamamilə yeni Azərbaycan var. Əlbəttə ki, bu, bizim hamımızın uğurudur və əlbəttə ki, bu cür nailiyyətlər qaragüruhla yox, məhz diplomatik peşəkarlığın və ardıcıl siyasətin sayəsində əldə olunur. İllər, əsrlər sonra Azərbaycanın ən parlaq tarixi səhifəsini və unudulmaz Qələbəmizi yada salanlar məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını vurğulayacaqlar, qaragüruhçuların “şüvənliyi”ni yox.

Hər bir beynəlxalq platformanı ölkəmizin milli maraqların qorunması və inkişaf etməsi üçün legitim fürsətə çevirən Prezident İlham Əliyev olduqca aktual və bəzi ölkələr üçün ağır “həzm” olunan mesajları növbəti dəfə dünyaya ötürdü. Sıravi vətəndaş kimi fəxr edirəm ki, dünya üçün həyati əhəmiyyət kəsb edən çağırışlarla çıxış edən dövlət başçısının rəhbərlik etdiyi bir ölkədə yaşayıram. Bu çıxış və ifadələr niyə də dillər əzbəri olmasın? Niyə bu çıxışlar beynəlxalq mətbuatda dərc olunan məqalələrin başlıqlarına çevrilməsin? Yoxsa böyük siyasətə və qlobal çağırışlara dair hansısa ölkənin inhisarçılığı var və onlar bu inhisarçılığı əldən buraxmaq istəmir?! Sual açıqdır və mütləq olaraq təhlil olunmalıdır.

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin ötürdüyü açıq mesajlar onları ölkəmizin artan nüfuz və gücü ilə hesablaşmağa vadar edir. Çəkinmədən deyə bilərik ki, bu dəfə də tədbir çərçivəsində Azərbaycan Prezidentinin səsləndirdiyi növbəti fikir beynəlxalq münasibətlər sisteminin müasir əxlaq kodeksinin fəlsəfəsini müəyyən etmək iqtidarındadır: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil”. Prezidentin bəzi ölkələrin beynəlxalq siyasi “əxlaqsızlığına” işarə edərək öz fikrini növbəti sözlərlə inkişaf etdirdi: “Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir.”

Əlbəttə ki, Prezident İlham Əliyevin sözügedən sözlərinin ünvanı, ilk növbədə, Azərbaycanın qonşusu olan Ermənistandır. Ancaq “iki və ya daha çox stulda oturmaq istəyi” xəstəliyinə yoluxmuş ölkələrin sayı heç də az deyil. Müasir beynəlxalq münasibətlər sisteminin özəl xüsusiyyətlərini ifşa edən bu cür mesajlar qaçılmaz olaraq ölkələrarası münasibətlərdə yeni yanaşma və baxışlarının formalaşmasını labüd edir.

Burada oxucuda təbii olaraq bir sual yarana bilər: “Beynəlxalq ictimaiyyət bu cür həqiqətləri eşitməyə hazırdırmı?”. Əslində, ən maraqlı mülahizələr elə bu sualın ətrafında aparıla bilər. Axı bu cür suallar və onların ətrafında aparıla biləcək fikir mübadiləsi özünü super güc hesab edən ölkələrin statusu üçün təhdid yaradır. Bu cür taleyüklü suallara cavabların axtarışı ölkələrarası yeni münasibətlər formatına gətirib çıxara bilər. Məhdud sayda olan beynəlxalq təşkilatların əlində manipulyasiya alətinə çevrilmiş beynəlxalq hüquq tükənib. Uzun illər ərzində hökm sürən “ikili standartlar siyasəti” ifadəsi öz birincilik estafetini tədricən “beynəlxalq münasibətlər sistemin mövcud formatının effektivliyi tükənib” ifadəsinə ötürür.

Mövcud konteksti inkişaf etdirmək üçün Prezident İlham Əliyevin sözügedən çıxışından digər fikirlərinə müraciət edək: “Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq”. Mütləq nəzərə alınmalıdır ki, dövlət başçısının bu sözləri sadəcə Qələbənin konstatasiyası deyil. Bu sözlər, ilk növbədə, o deməkdir ki, “separatizm” mövzusu Azərbaycana qarşı bir manipulyasiya aləti kimi beynəlxalq təşkilatların əlindən artıq alınıb və Prezident bu fikirləri vurğulayaraq beynəlxalq təşkilatlarının sözügedən siyasətinin fərqində olduğunu bir daha bildirmiş olur.

Prezident İlham Əliyevin siyasi mesajlarla dolu digər fikirlərinə də diqqət yetirək: “Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”. Razılaşın ki, bu sözlər dolayısı ilə ona işarə edir ki, xaos yaratmaq və bundan faydalanmaq niyyətində olan güclərin hədəfi məhz konkret ölkələrdə yaşanan siyasi sabitlikdir. Odur ki, XVIII-XIX əsrlərin “vəhşi Qərb” dövrünü xatırladan XX əsrin 80-ci illərinə qayıtmamaq üçün həmrəyliyimizi göz bəbəyimiz qədər qorumalıyıq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR