İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəyannamə də var, bəyanat da... - tarixi Şuşa sənədinin unikallığı

Moskva bəyannaməsinin ratifikasiya edilməməsi sənədin hüquqi dəyərinə və əhəmiyyətinə xələl gətirirmi?

22 fevral (2022) Moskva bəyannaməsi, heç şübhəsiz, Azərbaycanla Rusiya arasında imzalanan ən mühüm sənədlərdən biridir. Onu hətta müttəfiqlik sənədi də hesab edirlər. Bəyannamədə Rusiya tərəfdən ölkəmizin suverenliyi və ərazi bütövlüyü birmənalı şəkildə təsbit olunur, separatizmə, terrorçuluğa, milli təhlükəsizliyə təhdid yaradan digər hallara qarşı birgə mübarizə aparılması nəzərdə tutulur.

Bu xüsusda fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ilə 2021-ci il iyunun 15-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” arasında müqayisələr, paralellər aparılır. Hərçənd Şuşa Bəyannaməsi ilk növbədə iki qardaş dövlət arasında hərbi-strateji müttəfiqliyi ən yüksək səviyyəyə qaldıran tarixi sənəd sayılır.

Şərti olaraq Moskva bəyannaməsi adlandırılan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” 43 bənddən ibarətdir. Şuşa Bəyannaməsi isə 35 maddədən ibarətdir. Lakin ekspertlər, təhlilçilər hesab edir ki, bəyannamənin həcminə yox, orada yazılanların əhəmiyyətinə önəm vermək və qiymətləndirməni də həcmə deyil, sənəddəki bəndlərin maraqlarımıza nə dərəcədə cavab verdiyinə əsasən aparmaq daha düzgündür.

Hər iki bəyannamədə ən çox oxşar mahiyyət kəsb eləyən bəndlər var. Məsələn, Moskva bəyannaməsinin 2-ci bəndində yazılır: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər”.

Şuşa Bəyannaməsinin 7-ci bəndində isə qeyd edilir: “Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər”.

Moskva bəyannaməsinin 1-ci bəndində “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar” fikirləri əksini tapıb.

Şuşa Bəyannaməsinin 5-ci bəndində təxminən bu fikirlərə yaxın fikir qeyd olunur: “Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər”.

Rusiya ilə müttəfiqlik bəyannaməsinin 6-cı bəndindəki “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər” öhdəliyi ilə Türkiyə-Azərbaycan arasında imzalanmış müttəfiqlik bəyannaməsinin 9-cu bəndi bir-birinə müəyyən qədər oxşardır: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Bununla yanaşı, müəyyən oxşarlıq olsa da, Şuşa Bəyannaməsinin qeyd olunan bəndində məsələnin daha konkret və birmənalı müttəfiqliyi ifadə etdiyi göz önündədir.

Ekspertlər hesab edir ki, ümumi götürülsə, Moskva bəyannaməsində müəyyən müsbət və mənfi məqamlar var. Bu sənəd nə hansısa tarixi bir qələbə, nə də Rusiyanın nəzarəti altına keçmək deyil. Amma Azərbaycan üçün orta mərhələdə müsbət nəticələr yaratmaq potensialı var.

Bununla belə, fakt budur ki, hər iki bəyannamə prezidentlər səviyyəsində imzalanıb. Lakin məsələ ondadır ki, Şuşa sənədi həm də Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiya da edilib. Moskva bəyannaməsinə münasibətdə isə hələ bu addım atılmayıb. Görəsən, niyə? Beynəlxalq hüquq nə deyir: ratifikasiya edilməməsi Moskva sənədinin hüquqi dəyəri və əhəmiyyətinə xələl gətirmir ki? Bu prosedur vacibdirmi?

Fərhad Mehdiyev: “Bəyanatın qəbul edilməsi diplomatiyamızın zəifliyidir”

Fərhad Mehdiyev 

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, hüququn tələbinə görə, bu cür bəyannamələr əgər milli qanunlarımızda hansısa dəyişikliklərin və ya əlavələrin edilməsi zərurətini yaradırsa, o halda mütləq parlamentdə ratifikasiya edilməlidir: “Məsələnin digər tərəfi də var ki, adətən bütün dövlətlərarası müqavilələr Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya edilir. Dövlətlərarası münasibətləri özündə ehtiva edən və onu nizamlayan bu cür sənədlər beynəlxalq öhdəlik yaradan sənədlər kateqoriyasına aiddir. Bu baxımdan yanaşdıqda, bu cür sənədlər hər bir ölkənin parlamenti tərəfindən də ratifikasiya edilməlidir. Ratifikasiya edilməzsə, onda bu sənədlərin hüquqi qüvvəsi və gələcəkdə işləyə bilməsi problemli ola bilər.

Ancaq hüquqda belə bir anlayış da var ki, əgər dövlətlərarası müqavilələr həmin dövlətlərin daxili qanunvericiliyində dəyişiklik zərurəti yaratmırsa, həmin müqavilələr parlamentdə ratifkasiya edilməyə bilər. Moskva bəyannaməsindən ümumi yadımda qalan maddələrə istinad etsək, həmin sənəd əslində ratifikasiya tələb etmir. Amma daha dəqiq fikir bildirməyim üçün gərək o sənədə dəqiqliklə bir daha baxım və daxili qanunvericiliyimizi də nəzərdən keçirim".

Hüquqşünas maraqlı bir məqama da toxunaraq qeyd etdi ki, 10 noyabr üçtərəfli bəyanatı əslində Azərbaycan, Rusiya və Ermənistan parlamentləri tərəfindən ratifikasiya olunmalıdır: “Azərbaycan parlamenti ona görə o sənədi ratifikasiya etməlidir ki, bizim ölkəmizə başqa bir dövlətin silahlı qüvvələri sülhməramlı kimi yerləşdirilib. Rusiyada öz əsgərlərinin xaricə göndəriləməsi qaydası ilə bağlı çərçivə qanunu varsa, onların parlamentinin ratifikasiyasına ehtiyac yoxdur. Əgər belə bir qanunları yoxdursa, üçtərəfli bəyanatı Rusiya Dövlət Duması ratifikasiya etməlidir. Ermənistan parlamenti isə ona görə ratifikasiya etməlidir ki, Ermənistanın üzərinə öz ərazisindən Zəngəzur dəhlizinin açılmasını təmin etmək öhdəliyi qoyulub”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR