Onlayn ictimai-siyasi qəzet
İnsanlığın tarixi kişi və qadın rollarının fərqli bölgüləri ilə zəngindir. Ancaq zaman keçdikcə, bu rollar həm dəyişimə uğrayıb, həm də yenidən yazılıb. Özəlliklə, Türk dünyasında qadın sadəcə ailənin qayğıkeş üzvü deyil, eyni zamanda, toplumun önəmli bir qabaqcılı (aktoru) kimi çıxış edib.
Uluslararası düzeydə, qadın hüquqları mübarizəsinin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının (aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş ortamına qarşılıq olaraq) tətil etməsi qəbul edilir. Qəbul edilsin - indi buna bir söz deməyək, bununla belə, bizim ulusun qadınlara münasibətdə sayğılı, adil davranması 168 il öncədən deyil, 1168 ildən də çox öncələrdən başlayır.
Örnəyi, b.e.ö. 570-520-ci illərdə yaşadığı təxmin olunan və Arazın quzeyində yerləşən Massaget çarlığına başçılıq etmiş Tomrisi xatırlayaq. Tomris b.e.ö. 530-cu ildə onun ölkəsinə doğru hücuma keçən, o dönəmin ən böyük imperiyası olan Əhəmənilərin hökmdarı II Kiri yenməsilə qədim dünya tarixində iz qoyub. Demək, Tomrisə güvənən, ona meydan tanıyan, uğuruna uğur qatan mühit olub.
Gəncəli dahi Nizaminin “İsgəndərnamə” əsərinə inansaq, özü özünə elçilik edən İsgəndəri yüksək ləyaqətlə qarşılayıb-yola salan Bərdə hökmdarı Nüşabənin ədalətli və müdrik qadın hökmdar obrazını da bu yerdə vurğulaya bilərik.
Dədəm Qorqudun “qızı olanı - qızılı çadıra” göndərmək buyruğu, Çingiz Xanın öz həyat yoldaşına “xanım” deməsi, Süleyman Şahın həyat yoldaşı Nayma Xatunun örnək ömrü, Anadoluda “Dövlət Ana” qavramının meydana gəlməsi, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatunun Gündoğarın ilk diplomat qadını hesab olunması, Türk-İslam Gündoğarında ilk cümhuriyyət olan Azərbaycan Demokratik Cümhuriyyətində qadınlara seçmək-seçilmək haqqının tanınması və daha neçə hadisə, neçə-neçə İLKlər, necə adlar… əcdadımızın qadına baxışını göstərir.
“Qadınları oxudunuz!” - bu isə Hacı Vəli Bektaşinin öyüdüdür.
Ayrıca, Tanrının sonuncu elçisinin buyurduğu kimi, “Cənnət anaların ayaqları altındadır”sa, deməli, dini baxışın da milli baxışı tamamladığını görürük…
Bu geniş planı yörük qadınının bənövşəyi çəpkəninə bağlayaraq, Qadınlar Gününün əsl anlamını yenidən düşünməkdə zərər olmadığı qənaətindəyəm:
Yörük qadını və bənövşəyi çəpkən
(Mətn “sosial şəbəkə”dən götürülüb)
Yörük qadını yaşlandıqca və təcrübə topladıqca “Kezbəncə” adlanır. O, artıq oba içində ağbirçək kimi qəbul edilən, gənəşilən bilikli bir insana çevrilir.
Köçəri yörük gələnəyində qadınlara verilən ən yüksık haqlardan biri “bənövşəyi çəpkən”dir. Bu, kişilərin qorxulu yuxusu, qadınların isə qurtuluş simvoludur.
“Bənövşəyi çəpkən” Qaracaoğlanın türkülərində də yer alıb. Günümüzdə, qardaş Türkiyənin Egey, Muğla, Antalya və Toros yörüklüyündə yaşlı qadınlar arasında hələ də tanınır.
Yörük qızlarının cehiz sandığına ilk öncə “Bənövşəyi çəpkən” qoyular. Sarı naxışlarla işlənmiş bu bənövşəyi geyim (arxalıq, içlik), yörük qızlarının öz sevdiyi ilə evlənə bilməsinin rəmzi sayılırdı.
“Başlıq parası” kimi vərdişlər onlarda yox idi. “Bənövşəyi çəpkən”, yörük qadınının evlilikdə çarəsiz duruma düşdüyü zaman ərindən boşanma hüququnun simvolu idi.
Bənövşəyi rəng – xəyanətə uğramış, aldadılmış sevginin rəngidir.
Əgər biz bu gələnəyi dünyaya tanıda bilsəydik, 8 Mart – Qadınlar Gününü “Bənövşəyi çəpkən Günü” kimi vurğulamış olardıq...
Evli yörük qadını xəyanətə uğradıqda (və ya əri onu döyüb alçaltmağa çalışdıqda), “Bənövşəyi çəpkən”i geyib hamının görə biləcəyi bəlli bir yerə oturardı.
Bu, “Mən bu kişidən boşandım” demək idi.
Masal analar və doğum əbələri həmən “Bənövşəyi çəpkən” geyinmiş qadının çevrəsinə toplaşardı. Ona xəyanət etmiş əri isə evindən çölə çıxammaz, şenniyə gedə bilməz, el-oba onun üzünə baxmazdı.
Əgər kişi çox böyük fədakarlıq edib qadını “Bənövşəyi çəpkən”dən imtina etdirməzdisə, dul qalardı. El-obadan heç kim ona hətta dul və ya kor qızını belə verməzdi…
Köçəri yörük qadınının sahib olduğu haqlara və azadlığa baxın! - Bəli, bu haq-hüquq Günbatar ölkələrinin bizə qadın haqları mövzusunda “dərs” verməyə qalxışmasından yüzillər öncənin hadisədir…
Haşiyə:
Bənövşəyi çəpkəndən danışmışkən digər rənglərdə olan çəpkənlərə də diqqət çəkək.
Azərbaycan qadınlarının geyimlərində rənglərin anlamı həm tarixi gələnəklərdə, həm də milli geyim örnəklərində öz əksini tapıb. Özəlliklə çəpkən, arxalıq və kürdü kimi üst geyimlərdə rənglərin sosial statusu, yaş dövrü və qadının ailə həyatı ilə bağlı anlamları vardı:
Qırmızı çəpkən – Subay qızlar və yeni gəlinlər geyinərdi.
Bəzən ilk uşağını dünyaya gətirən qadınlar da (bəxtəvər analıq nişanəsi kimi) qırmızı çəpkən geyinərdi;
Yaşıl çəpkən – Dini dəyərlərə bağlı ağbirçəklər geyinərdi.
Xan qızları, şair qadınlar, dini təriqətlərin qadın öndərləri də yaşıl çəpkən geyinərdi.
Mavi çəpkən – Analar və himayədar qadınlar geyinərdi;
Sarı çəpkən – Əri səfərdə olan qadınlar, yaxud dul qalan xanımlar bir müddət sarı çəpkən geyinərdi (BÜLBÜLün oxuduğu mahnıda keçən “sarı çəpkən”i xatırlayaq)…
Sarı həm də Günəş işığını, həyat enerjisini ifadə etdiyi üçün, bu rəngi bilgə və hikmət sahibi qadınlar da geyinə bilərdi;
Ağ çəpkən – Sayğıya layiq ağbirçəklər geyinərdi.
Həmçinin, bəzi bölgələrdə toy günü gəlinin ağ rəngli çəpkən geyinməsi də adət idi;
Qara çəpkən – Yas tutan qadınlar geyinərdi…
***
Beləliklə, köklü mədəniyyət hadisəsinin nişanəsi olan, əlbəttə, birdən-birə meydana çıxmamış yörük bənövşəyi çəpkəni Türk dünyası qadın manifesti dəyərindədir.
Yörük qadınlarının bənövşəyi çəpkən gələnəyi isə qadının azadlığının və hüquqlarının çox qədimdən mövcud olduğunu göstərən tarixi bir simvoldur. - Evliliyində haqsızlığa uğrayan qadın, bənövşəyi çəpkən geyinərək, boşanmaq haqqını duyura bilirdisə, bu, qadının təkcə ailədə deyil, toplum içində də hüquqlarının tanındığını sübut edən bir gələnəkdən xəbər verir.
Bəli, türk mədəniyyətində qadın hər zaman önəmli sima olub. Xatun, sadəcə ailə başçısının həyat yoldaşı deyil, o, həmçinin müxtəlif düzeyli yönətimlərdə alınan qərarların adillik ayarlayıcısı və hətta, döyüş meydanında alp əri ilə çiyin-çiyinə dayanan zərif şəxsiyyətdir.
Tarixi qaynaqlarda türk qadınının dövlətin quruluşunda və yönətimində necə önəmli rol oynadığı bəlli biçimlərdə görünür. “Bəy torpaq qazanır, xatun o torpağı yurda çevirir” deyimi, isti yuva quran qadının yaradıcı gücünü vurğulamaqdadır.
Xanımların hər günü bayram dadında, bayram ovqatında keçsin!
Şəhid analarının əlindən,
şəhid balalarının gözündən öpürəm!
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ