Onlayn ictimai-siyasi qəzet
Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın razılığı olmadan Ermənistana verilən kəndlə bağlı hüquqi prosedur necə olacaq?
İlk dəfə olaraq Ermənistan rəhbərliyi 1992-ci ildə Azərbaycan Ordusu və hərbçilər tərəfindən nəzarətə götürülmüş Başkənd (Artsvaşen) kəndinin ərazisinin bu ölkəyə qaytarılmasından danışmağa başlayıb.
Bu barədə baş nazir Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, “Artsvaşen Ermənistanın suveren ərazisinin bir hissəsidir və onlar bu məsələ ilə məşğul olmaq barədə razılığa gəliblər”.
Paşinyanın danışıqlarından belə çıxır ki, Bakı kəndin Ermənistana verilməsinə razı olmayıb. (mənbə: “Turan”) “Bilirsiniz ki, Ermənistan bu məsələdən imtina edə bilməz, çünki Artsvaşen bizim ölkəmizin suveren ərazisinin bir hissəsidir. Biz eksklavın mövcudluğunu de-yure əsaslandırmaq niyyətindəyik. Artsvaşen demarkasiya prosesindədir və Ermənistan hökumətinin belə əsaslandırması var, bundan sonra Artsvaşen ətrafında demarkasiya prosesi həyata keçiriləcək, görək, hansı qərarlar olacaq”.
O, Bakı ilə danışıqlarda razılaşdırılmış mühüm vəziyyəti açıqlayıb. Baş nazirin sözlərinə görə, mübahisəli kəndin qaytarılmasının Bakı tərəfindən təsdiqindən əvvəl ilkin tədbir kimi dörd kəndin demarkasiyası həyata keçirilir.
Sovet dönəmində Ermənistan SSR-in Azərbaycan SSR ərazisindəki anklavı olan Başkənd kəndi hazırda Gədəbəy rayonuna aiddir. Kəndin mənsubluğunu mübahisələndirən Ermənistanın inzibati-ərazi bölgüsünə görə, Başkənd Ermənistanın Geqarkunik vilayətinə məxsusdur. Başkənd anklav (eksklav) ərazilərdən ən böyük kənddir (40 km.)
Anklavlar məsələsi sərhəd kəndləri məsələsindən fərqlidir, sülh müqaviləsi imzalanmayana qədər bu anklavlarla normal kommunikasiya qurmaq mümkün deyil. Əgər sabah Ermənistan hökuməti anklavların da geri qayıtdığını bəyan edib onları təmizləsə, o zaman Azərbaycan bu kəndlərə birbaşa çıxışı olmadığı üçün hələ də onlardan istifadə edə bilməyəcək.
Ekspertlərə görə, bu məsələnin hərtərəfli həllinə ehtiyac var ki, yalnız sülh müqaviləsi imzalandıqdan sonra münasibətlərin ümumi konfiqurasiyası çərçivəsində həyata keçirilə bilər. Erməni ekspertlər anklavların bərabər mübadiləsini də istisna etmir. Anklavlar mövzusunda ermənilərlə anlaşmaq üçün daha uzun zaman lazım ola bilər.
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Başkəndin Ermənistana verilməsinin mümkünsüz olduğunu söylədi: “İstər Başkənd əməliyyatında, istərsə də Qazax torpaqlarında xalqımızın igid övladlarının qanı var. O ki qaldı ərazilərin qaytarılması və ya mübadiləsi məsələlərinə, bütün bunlar dərin analiz tələb edir. Bunun üçün çox böyük ehtimal ki, bütün strukturları ilə Azərbaycan dövləti analitik bir fəaliyyətə başlayacaq. Nədir bu fəaliyyət? Qazağın digər kəndləri də geri qaytarılarsa, onların dövlət üçün iqtisadi, geosiyasi, hərbi, tranzit, insani əhəmiyyəti Başkənddən yüksək olarsa, gələcəkdə bu və ya digər formada ərazilərin qarşılıqlı təhvil verilməsi ehtimalından danışmaq olar. Ancaq bunun tam əksinə, Başkənd dərin hərtərəfli analiz nəticəsində Azərbaycan dövləti üçün daha önəmli olarsa, daha böyük geosiyasi mənfəətlər səbəbi ilə Ermənistana verilməz. Amma burada tələsik fikirlər bildirmək lazım deyil. Bir də burada daha bir variant ərazilərin mübadiləsidir. Amma necə? Lakin bu da Qazax camaatının öz torpaqlarına gedə bilməməsi anlamını daşımır. Çünki onsuz da strateji perspektivdə Azərbaycan Qərbi Azərbaycandan qovulmuş insanlarımızın da öz yurdlarına qayıdacağını dilə gətirir. Eyni zamanda hətta ərazi mübadiləsi baş verərsə, bu, Azərbaycanın demoqrafik olaraq tarixi bölgələrə dönməməsi anlamına gəlmir. Onsuz da bir zaman gələcək ki, Azərbaycan Qərbi Azərbaycana da Qazağın indi dörd kəndinə qayıdar kimi qayıdacaq. Amma bu, iqtisadi resurslarla olacaq. Azərbaycanın iqtisadi və maliyyə genişlənməsinin həyata keçirilməsi hesab edirəm ki, çox güman strateji perspektiv addımlar içərisində var. Məhz bu səbəblərdən Qazağın digər kəndləri və Başkənd məsələsinə də baxmaq lazımdır. Çünki Azərbaycan Başkəndi Allahın izni ilə şəhid və qazilərin əməyi ilə azad edib. Onun üçün Başkənd məsələsinin dövlətin və xalqın ali mənfəətləri çərçivəsində nizamlanacağını düşünürəm ”.
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Başkəndin, ümumiyyətlə, anklav olmadığını bildirdi: “Ermənistanın Azərbaycanın ərazisində heç bir anklavı yoxdur. İrəvanın iddia etdiyi Başkənd Azərbaycan torpağıdır. Ermənilər Rusiyanın əli ilə torpaqlarımızı zaman-zaman və hissə-hissə zəbt ediblər. Başkənd Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın razılığı və fikri öyrənilmədən Mərkəzi Komitə tərəfindən Ermənistana hədiyyə verilib. Sonrakı illərdə də oradan əsl sahibləri, yəni azərbaycanlılar köçürülərək ermənilər yerləşdirilib. 1978-ci ildə Azərbaycan-türk izini itirmək üçün digər qədim tarixi adları dəyişdirdikləri kimi Başkəndin də adını dəyişdirərək Artsvaşen qoyublar. Başkənd strateji mövqeyinə görə də çox əlverişli yerdə yerləşir. Birinci Qarabağ müharibəsi zamanı erməni işğalçıları buradan Gədəbəyin və Tovuzun bir çox kəndlərini atəş altında saxlayırdılar. Qəhrəman gədəbəylilərin şücaəti və Məzahir Rüstəmovun şücaəti, polkovnik Cahangir Rüstəmovun sərkərdəlik bacarığı nəticəsində erməni silahlılarının qan yuvasına çevrilmiş Başkənd azad olunub həqiqi sahiblərinə qaytarılıb.
Ermənistanın baş naziri təkcə Başkəndə iddia etmir. Paşinyanın iştahası daha böyükdür. Onun uydurduğu 31 kənd də guya Azərbaycanın nəzarətindədir və qaytarılmalıdır. Mən Başkəndin Ermənistanın anklavı olaraq danışıqlar masasında müzakirələrdən rəsmi Bakı tərəfindən imtina edilməsini təqdirəlayiq sayıram. Ümumiyyətlə, mövqeyim ondan ibarətdir ki, Azərbaycanın bir qarış torpağı müzakirə predmeti olmamalıdır. Ermənistanın işğalı altında qalan digər ərazilərimiz də qaytarılmalıdır. Azərbaycanın anklavı hesab edilən kəndlər də əslində bütün əarzilərimizə daxil olub. Müxtəlif vaxtlarda həmin kəndlərin ətrafı SSRİ rəhbərliyi tərəfindən Ermənistana peşkəş edildiyindən anklav halına salınıb. Fikrimcə, həmin ərazilər də Azərbaycana qaytarılmalıdır. Çünki dediyimiz kimi, Azərbaycanın fikri öyrənilmədən ermənilərə verilib. Mən şübhə etmirəm ki, gec-tez Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik fəaliyyəti və yürütdüyü siyasət Azərbaycanın bütün tarixi torpaqlarını öz sahiblərinə qaytarmağa imkan verəcək".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ