Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin deputatları Rasim Musabəyov və Anar İsgəndərovun Gədəbəyin Başkənd kəndi ilə bağlı dedikləri ictimaiyyət arasında dərin hiddət doğurub. Xüsusilə, birincinin dedikləri daha çox şok effekti yaradıb. Onun barəsində bu yerdə bir xatırlatma edib əsas mövzuya keçmək yerinə düşər. Rasim Musabəyov o şəxsdir ki, babası bolşevik Qəzənfər Musabəyovdur. Q.Musabəyovun da bacısı hər kəsin tanıdığı Ayna Sultanovadır. Hər iki şəxs Xalq Cümhuriyyətimizə qarşı çıxan və sonralar elə müdafiə etdiləri sovetlər tərəfindən güllələnən şəxslərdir, həmçinin Ayna Sultanovanın həyat yoldaşı Həmid Sultanov...
Rasim Musabəyov deyib ki, Başkəndin strateji əhəmiyyəti yoxdur. Dolayısı ilə ərazi mübadiləsi barədə sarsaqlayıb.
1992-ci ildə Gədəbəydə özünümüdafiə batalyonu yaradaraq Başkəndin ermənilərdən təmizlənməsində mühüm rol oynayan qəhrəman döyüşçü Faiq Mahmudov Musavat.com-a açıqlamasında olduqca sərt danışıb:
“O danışığa diqqətlə qulaq asdım. İnanın ki, özümə yer tapa bilmədim. Yoxlanılsa, bu səviyyəsizin ermənilərlə əlaqəsi belə üzə çıxar. Çünki belə fikir ancaq elə tiplərin başının altından çıxar. Yaşıma hörmət edib, başqa ağır ifadələr işlətmirəm. Başkənd Azərbaycan üçün ən strateji əhəmiyyətə malik olan ərazilərimizdən biridir. Biz o vaxt Başkəndi ala bilməsəydik, onların aşağı düşməyə ehtiyacları belə yox idi. Belə ki, Yasamalın başında durub Kürdən o tərəfi tam, rahat şəkildə götürəcəkdilər. Yevlaxdan üzü Gədəbəyə tərəf ermənilərin tam nəzarətinə keçirdi. İndi görün, bu deputat hansı ifadələri işlədir. Gədəbəyin getməsi dərhal Tovuzun, Şəmkirin, Gəncənin, Yevlaxın, Qazaxın, Samuxun getməsi demək idi. Bu ərazilər ani anda əldən gedəsi idi. Rasimin bu qədər də irəli gedəcəyini heç güman etməzdim. Hansı əsasla deyir ki, Başkəndin heç bir strateji əhəmiyyəti yoxdur? Əgər belədirsə, niyə ermənilər var gücləri ilə bu ərazinin qaytarılmasına çalışırlar? Bu, çox savadsız bir danışıqdır. Bu, şəxsən gədəbəylilərə qarşı bir təhqirdir. Qonşu rayonlar üçün də, bütövlükdə Azərbaycanımız üçün təhqirdir.
Əgər hansısa bir formada Başkənd əlimizdən gedərsə, həyatım orada bitər. O torpağı qanımız bahasına aldıq, nə qədər şəhidlər verdik.
Siz özünüz də o döyüş gedən dağları görmüsünüz. Biz indi Tağlar kəndimizi tələb etməliyik ki, qayıtsın. Siz də bilirsiniz ki, oranın sakinləri indi harada məskunlaşıblar. Sizə və bizə qonşu kənddə yerləşiblər. Nədənsə dövlət səviyyəsində hələ o yer tələb olunmur. Yəqin ki, bu da olacaq. Deyərdim ki, Başkənd Azərbaycanın açarıdır. Bu nadan hələ bu yerin qaytarılmasını istəyir. Bir tərəfdən Qarabağ idisə, digər tərəfdən Gədəbəy idi. Bu başıboş anlamır ki, Başkənd gedərsə, Şınığın 26 kəndi təhlükə altına düşəcək. Digər tərəfdən biz gədəbəylilər üçün bu, təhqir olmazmı? Düşünürəm ki, onun çıxışına hakimiyyət səviyyəsində ən sərt reaksiya verilməlidir. Şəxsən mən özüm neçə şəhidlər verdim, gözümün önündə kimləri itirmədim. Gədəbəydə ilk ordu yaradılanda könüllü orduya daxil oldum.
İvanovka kəndində yaradılan hərbi hissənin təməlini mən qoymuşam. Bunu ona görə deyirəm ki, bu hərbi hissələr həm də Başkənd döyüşlərində iştirak edib, şəhidlər verib. İndi şəxsən mən o yerin qaytarılması ilə sizcə, barışa bilərəm? Əmrah Cabbarlı var. Onunla mənim qədər Başkənd əməliyyatı barədə məlumata sahib şəxslər ola bilməz. Çünki sona qədər onun dəstəsi ilə orada mən qalmışam. Rasim kimi vətən xainləri bunları anlamaz”.
Cavanşir ABBASLI
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ