İnsanlara hürriyət, millətlərə istiqlal!

Baltikyanı ölkələrin Azərbaycanla “buz kimi siyasəti”

Ekspert: “Litva, Latviya və Estoniya torpaqlarımız işğal altında olduğu vaxtlarda belə heç vaxt Ermənistan əleyhinə bəyanat verməyib”

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm”. Ermənistan mətbuatı xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna X-dəki mikrobloqunda yazıb. “Mən vurğuladım ki, Estoniya Ermənistana borcludur, çünki biz "erməni soyqırımı"nı tanımırıq və mən bu prosesə Estoniya parlamentində başlayacağam", - Tsahkna qeyd edib. 

Baltikyanı ölkələrə qədər uzanan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan nəqliyyat infrastrukturuna böyük maliyyə resursları ayırır.  Əslində Baltikyanı ölkələrlə əməkdaşlığın gücləndirilməsi həm siyasi, həm iqtisadi baxımdan Azərbaycanın maraqlarına uyğundur.  

Amma Baltikyanı ölkələrin Azərbaycana münasibətində həmişə  bir ayrıcalıq da hiss olunub. Məsələn, son vaxtlara qədər Baltikyanı ölkələr, xüsusilə də Litva Azərbaycan-Ermənistan qarşıdurmasında ermənilərə rəğbəti ilə seçilirdi. Bu, erməni lobbisinin təbliğatı və daha çox isə məlumatsızlıqla bağlı idi. Azərbaycan diplomatiyası və oradakı diaspor təşkilatlarımızın fəaliyyəti nəticəsində vəziyyət qismən dəyişdi.   

Azərbaycan və Estoniya  arasında müxtəlif sahələrdə, həmçinin təhsil, elektron idarəetmə və digər istiqamətlərdə müvəffəqiyyətli layihələr həyata keçirilir. Estoniya  Azərbaycanın ərazi bütövlüyünə dəstək verir və regionda sülhün, təhlükəsizliyin davamlı olmasında maraqlıdır. Prezident İlham Əliyevin Estoniyaya, Estoniyanın dövlət başçısının Azərbaycana səfərləri zamanı prezidentlər tərəfindən imzalanmış birgə bəyannamələr ölkələr arasında gələcək ikitərəfli münasibətlərin geniş inkişafına möhkəm əsaslar yaradıb. 

Dövlətlərimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulub. Bu da ölkələrin inkişafı üçün əlavə potensial deməkdir. Estoniya Respublikasının Prezidenti Azərbaycanın Avropa İttifaqı ilə olan münasibətlərini dəstəkləyir və bunu uğurlu addım hesab edir. 

Azərbaycan və Estoniya arasında əlaqələrin yüksək səviyyədə olması müxtəlif sahələrdə, həmçinin təhsil, elektron idarəetmə və digər istiqamətlərdə müvəffəqiyyətli layihələrin həyata keçirildiyinə zəmin yaradıb. Hər iki ölkə qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır. Bu istiqamətdə qanunverici orqanların da rolu danılmazdır və yüksək qiymətləndirilir.  

Hazırda hər iki dövlət nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlarını işə salmaqdadır. Estoniyada yaşayan azərbaycanlıların dövlətlərimiz arasında əlaqələrin genişlənməsinə fəal şəkildə qoşulması ikitərəfli əlaqələrin inkişaf etməsinə öz töhfəsini verir. Azərbaycanda reallaşdırılan layihələrdə, eyni zamanda işğaldan azad edilən ərazilərin yenidən qurulmasında Estoniya şirkətləri də iştirak etməkdə maraqlıdır.

Estoniya və Azərbaycan arasında ikitərəfli, o cümlədən çoxtərəfli münasibətlərin genişlənməsinə təsir edən amillərindən biri də ölkə parlamentləri arasında uğurlu əməkdaşlığın mövcud olmasıdır. Bu isə ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Lakin bu qədər əlaqələrin mövcudluğuna baxmayaraq Baltikyanı ölkələr, o cümlədən Estoniya Bakı ilə münasibətlərdə yenə erməni tərəfini daha çox tutur. Bunun səbəbi nədir? Bizim Rusiya ilə münasibətimiz onları narazı salır?

Yusif Bağırzadə: Ermənistan kimi qonşusu olan bir ölkə olaraq bizim daim  hazır vəziyyətdə olmamız şərtdir - "İki sahil"

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Estoniya xarici işlər nazirinin erməni maraqlarından çıxış etməsi yeni bir şey deyil. Hələ keçən ilin dekabrında Estoniya Xarici İşlər Nazirliyinin Qarabağ ermənilərinin blokadası adı altında başlayan anti-Azərbaycan kampaniyasında iştirakı, öz bəyanatlarında Qarabağ ərazilərini köhnəlmiş sovet adları ilə adlandırması Azərbaycan Xarici İşlər Nazirliyinin haqlı narazılığı ilə qarşılanmış və bununla bağlı Estoniyaya etiraz bildirilmişdi: “Və bu təkcə Estoniya ilə də bağlı deyil. Eyni şəkildə digər Baltikyanı ölkələr də Azərbaycana qarşı sistemli, ardıcıl xarakter almış qərəzli mövqe sərgiləməklə məşğuldurlar. Litva və Estoniyanın ekoloqların keçirdiyi dinc aksiyanı ermənilərə "humanitar böhran" yaşatmaq kimi təqdim etməsi və ya 44 günlük Vətən savaşı zamanı Baltikyanı ölkələrdən olan siyasətçilər, politoloqlar və jurnalistlərin Azərbaycanı Qarabağı qaytarmaq üçün hərbi yol seçdiyinə görə tənqid etməsi hər kəsin xatirindədir.

Ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, Litva, Latviya və Estoniya torpaqlarımız işğal altında olduğu vaxtlarda belə heç vaxt Ermənistanı günahlandıran bəyanatlarla çıxış etməyib və bununla bağlı fikir səsləndirməyiblər.

Rəsmi olaraq bu ölkələrdən hər biri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsalar da, amma pərdəarxasındakı fəaliyyətləri bunun tam əksi olub. Səbəblər isə müxtəlifdir. Ən vacib səbəblərdən biri Baltikyanı ölkələrdə erməni lobbisinin təsir imkanları ilə bağlıdır. Açıq etiraf etmək lazımdır ki, Azərbaycanla müqayisədə Baltikyanı ölkələrdəki erməni lobbisi kifayət qədər üstün mövqeyə malikdir. Digər vacib səbəb isə adıçəkilən ölkələrdə dini millətçiliyin üstünlük təşkil etməsi ilə bağlıdır. Başqa sözlə desək, bu ölkələrin erməni sevgisinin arxasında həm də xristian təəssübkeşliyi dayanır. Bu səbəbdəndir ki, həmin dövlətlərdə Azərbaycana qarşı milli və dini ayrı-seçkilik özünü qabarıq şəkildə büruzə verir".

Qabil Hüseynli: “Consonun istefasında Rusiyanın Qərbə rüşvət qismində  ötürdüyü pulların rolu az olmadı”

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli isə bildirdi ki, Estoniya və ümumiyyətlə, Baltikyanı ölkələr Avropa İttifaqının üzvü olaraq Rusiya ilə soyuq münasibətdədir: "Onların Rusiya ilə ikitərəfli münasibətləri də zaman-zaman gərginliklərlə müşahidə olunur. Xüsusilə də Ukrayna müharibəsi başlayandan bəri Rusiya ilə münasibətlər kəskinləşib. Onlar Rusiyaya qarşı qəbul edilən bir çox sanksiyalara qoşulublar. Rusiya ilə münasibətləri isti olan Azərbaycan kimi dövlətlərə münasibətlərinə də bu faktorlar təsir göstərir. Ermənistanı bir çox məsələlərdə bizdən üstün tutmaları isə son illərdə Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşmaq xətti götürməsi, Rusiya ilə münasibətlərini xeyli soyuqlaşdırması ilə əlaqəlidir. Baltikyanı ölkələrin Türkiyə ilə də münasibətlərində soyuqluq onların Ermənistanın "başını sığallamasında", “erməni soyqırımı” məsələsini gündəmə gətirmək istəklərində öz təsirini göstərir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR