Onlayn ictimai-siyasi qəzet
Ermənistanın tutduğu Avrounteqrasiya yolunun hara, nəyə gətirəcəyi aşağı-yuxarı məlum. Çünki o yolu gedənlər, ağzı yananlar var. Üstəgəl, kapitulyant ölkənin Rusiyadan asılılığı heç bir postsovet ölkəsi ilə müqayisəyə gəlməyəcək dərəcədə güclüdür. Bütün sferalarda. İrəvan rəsmiləri yəqin ki, bunun da fərqindədirlər.
Əlbəttə ki, BMT üzvü olan ölkə regional xarakterli istənilən iqtisadi, siyasi və hərbi bloka, yaxud quruma qoşula bilər. Əsas odur, bu üzvlük üçüncü dövlətin, illah da qonşu məmləkətlərin əleyhinə yönəlməsin. Necə ki, Azərbaycan bu kursu təchiz edir. O sırada ölkəmizin Türk Dövlətləri Təşkilatında təmsilçiliyi hər hansı digər ölkə, o cümlədən Rusiya və Ermənistana qarşı yönəlməyib.
Əfsus ki, Ermənistan haqda eyni şeyi demək qeyri-mümkündür. Bu baş tutmamış ölkə zaman-zaman həm başqalarını, özəlliklə də öz qonşularını qorxutmağa çalışır, həm də özü də qorxur. Çünki qonşularla anlaşma yox, düşmənçilik fonunda Qərblə aparılan “inteqrasiya”nın bədəli ağır olur...
“Ermənistan Qərblə əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirir. Onlar bizim demokratik islahatlarda əsas tərəfdaşlarımızdır və Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə böyük maraq göstərirlər. Beləliklə, biz Avropa İttifaqı ilə yeni sıx əməkdaşlıq yoluna qədəm qoyuruq. Ancaq hələ kimsə bu “səyahət”in bizi hansı istiqamətə aparacağını proqnozlaşdıra bilməz”.
Belə bir qeyri-nikbin fikri dünən Ermənistan xarici işlər naziri Ararat Mirzəyan dilə gətirib. Mirzəyan bununla əslində öz toplumuna mesaj verir ki, Avropa, ABŞ yolu da umulan nəticəni verməyə bilər.
Verməyəcək də. Əsas səbəbi yuxarıda yazdıq: özünü dağa-daşa vuran Ermənistan öz xoşbəxtliyini yenə də axmaqcasına digərlərinin bədbəxtliyi üzərində qurmağa çalışır, rifah və inkişafın yolunu qapıbir qonşularla dil tapmaqda yox, həmin qonşuların köklü maraqları hesabına Qərblə yaxınlaşmaqda görür. Qərbə ümid edən isə “şamsız” yatar.
Bir azdan bunu qonşu toplum da anlayacaq. Nə qədər ki, bu xalq başına gələnlərdən düzgün nəticə çıxarmayıb, lazımi dərsi götürməyib, başqa cür ola bilməz. Bu bir həyat fəlsəfəsi. Bu xüsusda erməni politoloq Sergey Melkonyanın sitatı diqqət çəkir: “Nəinki Ermənistan, heç Rusiya da tarixdən dərs almır. Amma Bakıda, Ankarada və ondan kənarda bunu yaxşı öyrəndilər”...
Öz növbəsində baş nazir Nikol Paşinyan bu gün 5 aprel Brüssel görüşündən danışarkən narazılığını gizlətməyib. O, ABŞ başda olmaqla, Qərbin Ermənistan iqtisadiyyatının şaxələndirilməsi prosesində yaranacaq maneələri asanlaşdırmağa və arzuolunmaz nəticələri aradan qaldırmağa hazır olduğuna dair təminat almadığını etiraf edib. Məsələn, Rusiya Lars (Gürcüstan) yolunu bağlasa, yaxud başqa əngəllər yaratsa, Avropa o saat alternativ təklif edəcəyinə söz vermir. Bununla belə, N.Paşinyan hesab edir ki, Qərblə əməkdaşlıq davam etdirilməlidir.
Olsun, amma təkrar edirik, Ermənistanın xilas yolu əsla Rusiyadan imtina edib Qərbin qucağına tullanmaqdan keçmir. Gerçək bundan ibarətdir və Azərbaycan və Ermənistan arasında aparılan sakit, vasitəsiz diplomatiya da göstərir ki, xüsusilə ABŞ və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi olmazsa, Bakı və İrəvan sülhə və bu istiqamətdə ciddi nəticələrə daha tez imza atarlar...
Təəssüf ki, Qarabağ məsələsinin bitməsi ilə regiona, xüsusilə Azərbaycana təsir vasitələrindən məhrum olan ABŞ ciddi-cəhdlə yeni “Minsk Qrupu” formatları fikirləşməyə və regionu təzədən boyunduruğa salmağa çalışır. Azərbaycana davam edən təzyiqlər fonunda Ermənistanı militarizasiyaya sürükləmək bu gizli və riyakar planın tərkib hissəsidir. Halbuki İrəvan sivil qaydada davranarsa, öz maraqlarından çıxış edərsə və başqalarının əlində alət olmazsa, Güney Qafqazda davamlı sülh tam şəkildə təmin oluna bilər.
Erməni siyasi yetkilələri bu bəsit gerçəyi nə qədər tez əxz etsələr və eyni şeyi öz cəmiyyətlərinə qəbul etdirsələr, bir o qədər özləri üçün faydalı olar. Nəhayət, bədxah qonşular bir həqiqəti də qəbullanmalıdırlar ki, Bakı Cənubi Qafqazda artıq yeni geosiyasi reallıq və status-kvo yaradıb. Onun özəyində isə regionun güclü və lider dövləti olan Azərbaycan dayanır.
Prezident İlham Əliyev bu xüsusda çeşidli məkrli ssenariləri alt-üst edib, dövlətimizin ali iradəsini ortaya qoyub. Bu iradə ilə hamı hesablaşmaq zorunda. Əks halda, yəni Azərbaycanın “xeyir-duas”ından kənar Güney Qafqazda heç bir plan, xüsusən də Ermənistan üzərindən qurulan oyun baş tutmayacaq. “Suyu süzülə-süzülə”, pisliyi özlərinə qalanlar isə bu dəfə də qonşular olacaq...
Siyasət şöbəsi,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ