İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bu TƏLƏBİ İrəvanı qorxuya saldı - DETALLAR

Çingiz Qənizadə: “Onlar Azərbaycana qarşı törətmiş olduqları hərbi, iqtisadi və insanlıq əleyhinə cinayətlərinə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklərlər”

2024-cü il noyabrın 19-da Azərbaycan dövlətininin Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim etməsi haqda xəbər vermişik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bir daha yada salaq ki, həmin məlumata əsasən, sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq təqdim edilib. Bildirilib ki, iddia sənədi 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj məhkəməsi 2023-cü il sentyabrın 8-də təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş 2024-cü il yanvarın 12-də keçirilib.

Qeyd olunub ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib. Ermənistanın beynəlxalq hüquq normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın əhəmiyyətli bərpa olunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına icazə verməkdən imtina etməsini qeyd etmək olar. Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpa olunan enerji mənbələri, habelə digər resurslar daxildir.

Çingiz Qənizadə: Ermənistanda baş qaldıran revanşistlər “dəmir yumruğ”un  “dadı”nı unutmamalıdırlar - AZƏRTAC

Ermənistan tərəfi qanunsuz işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları lisenziyalaşdırıb və tənzimləyib, bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına maneçilik törədib. 

XİN-in məlumatında həmçinin vurğulanıb ki, Azərbaycan, öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcək.

Ancaq Ermənistan tərəfi bu haqlı məhkəmə iddiasının da əsassız olduğunu “isbatlamağa” girişib. Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisindən bildirilib ki, “Azərbaycanın Ermənistana qarşı enerji resursları ilə bağlı iddiasının çox həssas tərəfləri var və Ermənistan tərəfi öz mövqeyini məhkəmədə bildirəcək”. İddia edilir ki, guya Bakı İrəvanı Azərbaycanın enerji ehtiyatlarını qanunsuz istismar etməkdə ittiham etməklə Beynəlxalq Enerji Xartiyasının müddəalarını və məqsədlərini təhrif edir. 

İşə bax, yəqin on illər boyu ərazilərimizi talan edən, altını üstünə çevirən, torpaqlarımızda etnik təmizləmələr, digər bəşəri cinayətlər törədən yadplanetlilər imiş...

Ermənilər təbii ki, Azərbaycanda ərazimizdə törətdiyi cinayətlərə görə nə vaxtsa cavab verəcəyini anlayaraq, qorxur və indidən ön “hazırlıqlar” görməyə, “qara məni basınca mən qaranı basım” prinsipi üzrə hərəkət etməyə çalışırlar. 

Bəs kapitulyant ölkəyə qarşı təzminat tələblərimiz nə vaxt məhkəmə qərarı şəklini alacaq? İrəvanın uydurduğu kimi, Azərbaycan Beynəlxalq Enerji Xartiyasının müddəalarını və məqsədlərini necə təhrif edə bilər? 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, uzun illərdir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü yalnız torpaqların işğalı ilə məhdudlaşmayıb. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində insanlığa sığmayan vəhşiliklər törədiblər: “İşğaldan əvvəl və işğal dövründə əllərinə fürsət düşdüyü hər məqamda xalqımıza qarşı terrorçuluq, soyqırımı aktları həyata keçirərək, insanlarımıza ən vəhşi formada işgəncələr veriblər. Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürüdən, azərbaycanlılara qarşı soyqırımı, terror aktları, olmazın vəhşiliklər törədən Ermənistan bu cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Bunun üçün Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinə müraciətlər edib. Azərbaycanın müvafiq rəsmi instansiyaları bu istiqamətdə iş aparır. Ermənistan eyni zamanda Azərbaycana qarşı çox böyük miqyaslı iqtisadi cinayətlər də həyata keçirib. Azərbaycanın ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olub. Azərbaycanın qanuni ərazilərini işğalda saxlayaraq Azərbaycana həmin ərazilərin resurslarından istifadə etməyə imkan verməyib. Beləliklə ölkəmiz həmin resursları istifadə etməkdən 30 ilə yaxın müddətdə məhrum qalıb. Nəticədə Azərbaycana milyardlarla dollar ziyan dəyib, Azərbaycan milyardlarla dollar gəlirdən məhrum olub. Ona görə də Azərbaycan tamamilə haqlı olaraq, beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan Daimi Arbitraj Məhkəməsinə sənədlər təqdim edib, şikayətlər ünvanlayıb. Onlardan biri də 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərimizdəki su elektrik stansiyalarından istifadə ilə bağlıdır. Məhkəməyə sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq təqdim edilib. Azərbaycanın tamamilə haqlı olduğunu təsdiqləyən sübutlar, dəlillər yer alır həmin sənəddə. Artıq məlumat verildiyi kimi, Azərbaycanın müraciəti əsasında proses başlayıb və bir neçə prosedur reallaşıb. Ona görə də Ermənistan tərəfi qorxuya düşüb və Azərbaycanın iddialarını neytrallaşdırmaq istiqamətində addımlar atmağa çalışırlar. Lakin Ermənistan haqsız tərəfdir və gec-tez haqlı tərəf olan Azərbaycanın beynəlxalq məhkəmələr qarşısında qaldırdığı iddialar məntiqi, hüquqi nəticəsini verəcək. Ermənistan 30 illik işğal dövründə respublikamıza vurduğu ziyana görə təzminat ödəyəcək. Ermənistan tərəfi Azərbaycana qarşı törətmiş olduğu hərbi, iqtisadi və insanlıq əleyhinə cinayətlərinə görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq. Onların işğal dövründə respublikamıza vurduğu ziyan milyardlarla dollar səviyyəsində ölçülür. İrəvanı qorxuya salan da budur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR