Onlayn ictimai-siyasi qəzet
Azərbaycan hüquqi dövlət quruculuğunda hər bir ölkəyə dəstək verməyə hazırdır; GUAM-da yeganə ölkəyik ki...
Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkisini tanımır". Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında belə bildirilib. “Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "növbədənkənar prezident seçkisi"ni, həmçinin onun nəticələrini tanımır. Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır", - sənəddə qeyd olunub. Rəsmi Bakının bəyanatı göstərir ki, Azərbaycan bu problemi 30 ildən artıq yaşamış bir ölkə olaraq, separatizmdən zərər çəkən dövlətlərin yanındadır. Vaxtilə Qarabağda da belə qondarma seçkilər keçirilirdi. İndi özlərini prezident elan edənlər Bakıda mühakimə olunurlar - Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan. Sonuncu isə Samvel Şahramanyan idi ki, bu “vəzifə”də heç 10 gün qalmadı və antiterror əməliyyatından sonra başını götürüb qaçdı.
Yəni Azərbaycan hüquqi dövlət quruculuğu prosesini Qarabağın bütün ərazilərində bərqərar etdi. Orada indi qanuni idarəçilik mövcuddur. Buna qədər isə heç bir dövlətin müstəqilliyini tanımadığı saxta bir rejimin əski parçası olan bayrağı, polisi, prokuroru varıydısa, onların hamısı tarixin zibilliyinə göndərildi. İndi isə Azərbaycanın Abxaziyadakı qondarma seçkilərlə bağlı rəsmi mövqeyi göstərir ki, biz separatizm probleminin nə olduğunu yaxşı bilirik və bu gün ondan əziyyət çəkənlərə dəstək verməyə hazırıq. Çünki hüquqi dövlət quruculuğu ən prioritet məsələdir. Ona görə də Azərbaycan bu problemin həllində hər zaman təkcə Gürcüstan deyil, Ukrayna, Moldova kimi dost ölkələrin də yanındadır. Bəllidir ki, Moldovanın Dnestryanı, Ukraynanın isə Donbas kimi separatçı bölgələri var. Hazırda Rusiya 2014-cü ildə separatizm baş qaldırmış Luqansk və Donetski ilhaq edir. Dnestryanı ərazidə isə bunu etmək mümkün olmur, çünki quru sərhəd yoxdur. Əgər ruslar Odessanı götürə bilsəydilər, onda Moldovanın həmin bölgəsinə quru yolu təmin edəcəkdilər. Abxaziya və Cənubi Osetiya isə ilhaq üçün əlverişlidir, lakin hələlik Moskva burada daha çox separatizm olmasında maraqlı görünür. Beləliklə, GUAM üzvü olan 4 ölkənin hər biri separatizm problemi ilə üzləşib, yalnız Azərbaycan 2023-cü ildə bu yaralı məsələni ordu gücünə həll edib.
Onların qarşısındakı isə birbaşa Rusiyadır, yəni həmin ərazilərdə qoşun saxlayırlar. Azərbaycanın əlini gücləndirən faktor isə xunta rejiminin mövcud olduğu dövrdə rus hərbçilərinin orada bazalarının yerləşdirilməməsi idi. Eləcə də antiterror əməliyyatı zamanı sülhməramlı kontingent prosesə qarışa bilmədi. Odur ki, indi hüquqi dövlət quruculuğu sözügedən ölkələr üçün olduqca ağrılı məsələdir. Çünki bu problemlərin həlli yaxında görünmür. Ona görə də rəsmi Bakının Abxaziyada keçirilmiş qondarma seçkilərə dair bəyanatı məntiqlidir. Bununla göstərdik ki, öz problemimizi həll etməklə heç də başqalarının yaşadığı oxşar çətinliyi unutmuruq, əksinə, beynəlxalq hüquqa söykənirik. Çünki hüquqi dövlət quruculuğu beynəlxalq hüquqda təməl daşıdır.
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayevanın fikrincə, Azərbaycan separatizmdən əziyyət çəkdiyi dövrdə bir sıra Qərb dairələri, eləcə də ABŞ-dan qondarma rejimə humanitar yardım adı ilə dəstək verilirdi: “Azərbaycan öz gücünə bu terrorçu rejimə son qoydu. Bizə beynəlxalq dəstək olmadı. Az qala bizi erməniləri etnik təmizləməyə məruz qoymaqda ittiham edirdilər. Halbuki onlara qalmaq və Azərbaycan vətəndaşı kimi yaşamaq təklif edilmişdi. Biz dinc ermənilərə müraciət etdik ki, hüquqi dövlət quruculuğu Qarabağın onlar yaşayan hissəsinə çatacaq, saxta pasport deyil, Azərbaycanın şəxsiyyət vəsiqəsini alaraq yaşayacaqsınız. Sadəcə, qalmaq istəmədilər və biz də məcbur edə bilməzdik. Bu gün Gürcüstan da separatizmə qarşı mübarizə üçün Qərbdən dəstək ala bilmir. Moldova avrointeqrasiya yolunu tutsa da, onun separatçı bölgəsi ilə bağlı Avropadan böyük dəstək müşahidə edilmir. Yalnız Ukraynaya separatçı regionlarda döyüşmək üçün dəstək verilir. Yəni separatizm dünyanın bəlasıdır, Avropanın özündə də var, amma buna qarşı mübarizədə ölkələrə lazımi qədər dəstək yoxdur”.
Z.Qarayeva hesab edir k, hüquqi dövlət quruculuğu olmadan sabitlik və inkişaf mümkün deyil: “Bu gün Qarabağa, onun separatizm mövcud olmuş ərazilərinə sabitlik, normal həyat gəlib. Çünki qanunlar işləyir, xunta rejimi yoxdur, silahlar susub. Dövlət içində dövlət qurmaq istəyəndə, bunun üçün silahlanıb terrorçu fəaliyyətlə məşğul olanda ölkədə sabitlik yaranmır. Azərbaycan Qarabağa bu sabitliyi gətirib. Bu gün məhkəmədən də bəlli olur ki, onlar necə silahlanmışdı. O baxımdan, biz Gürcüstan, Ukrayna, Moldova kimi ölkələrə separatizmlə mübarizədə siyasi-mənəvi dəstəyimizi həmişə verəcəyik. Onlar da bizi nümunə görürlər və problemi necə həll etməyimizə heyrandırlar”.
Hazırladı: Emil SALAMOĞLU
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ