İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının 5 prinsipi beynəlxalq sənəd halına gəlir - revanşistlərin “kitabı” bağlanır!

Danışıqları köhnə formata qaytarmaq istəyənlərə Brüssel mesajı; sülh müqaviləsi olmayacaqsa, Ermənistan da  olmayacaq

Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında 4-cü görüş də reallaşdı. Budəfəki danışıqlar 44 günlük müharibədən sonra hələ də öz aktuallığını saxlayan “hərb, yoxsa sülh” dilemmasına xeyli dərəcədə aydınlıq gətirməli idi. Ən azı, avqust ayında erməni təxribatları nəticəsində yaşanan bir neçə silahlı insident, o sırada Azərbaycanın “Qisas” antiterror əməliyyatı keçirməyə məcbur qalması bunu diktə edirdi.

Bu mənada 31 avqust görüşü bir növ dönüş nöqtəsi ola bilərdi. 4 saat çəkən üçtərəfli görüşdən sonra Şarl Mişelin verdiyi açıqlama bu xüsusda nikbinliyi artırdı.

“Fikir mübadiləmiz açıq və məhsuldar oldu. Mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Görüş zamanı biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılıq əldə elədik. Xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimat verilib”, - Mişel bəyan eləyib.

Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişellə təkbətək  görüşü başlayıb

Bununla yanaşı, məlum olub ki, görüşdə humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, əsirlərin və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirələr aparılıb. Mişel həmçinin üçtərəfli formatda keçiriləcək növbəti görüşün vaxtını açıqlayıb. “Gündəliyimizdəki məsələlərin bütün spektrini nəzərdən keçirdik. Razılaşdıq ki, bu formatda növbəti görüş noyabrın sonuna qədər baş tutsun”, - deyə o qeyd edib.

Demək, qarşıda təxminən üç ay var. Bunun bir ayı sülh müqaviləsinin mətnini hazırlamağa sərf olunmalı, oktyabr-noyabr ayları isə yəqin ki, daxili auditoriyada ictimai müzakirə üçün gərək ola bilər. Xüsusən də Ermənistanda. Çünki Azərbaycan tərəfinin xalqı sülhə hazırlamaq problemi yoxdur. Bakı sülh müqaviləsinin əsasını təşkil etməli olan 5 prinsipi çoxdan açıqlayıb. Qalır Paşinyan iqtidarının yenə “nala-mıxa” vurub-vurmayacağı.

Aİ Şurasının prezidenti Azərbaycana səfər edəcək   

Şübhə yox ki, dövlətlərarası sülh müqaviləsinin mətni həmin 5 prinsip əsasında hazırlanacaq. Bunu həmçinin ondan görmək olar ki, Aİ Şurasının Prezidenti 22 may görüşündəki kimi budəfəki açıqlamasında da “status”, “Minsk Qrupu” ifadələri işlətmədi. Ümumiyyətlə, “Qarabağ”ın adını çəkmədi. Demək, sülh danışıqları Bakının gündəliyi əsasında irəliləyir.

Odur ki, Mişelin açıqlaması köhnə formata qayıtmaq istəyənlərə, özəlliklə Brüssel görüşü ərəfəsində ATƏT-in Minsk Qrupuna təzə həmsədr təyin eləmiş ABŞ-a mesajdır. Bəs Minsk Qrupundan faktiki imtina eləmiş Rusiya niyə narahat olsun?

Məsələ ondadır ki, rəsmi Moskva budəfəki Brüssel görüşünə də, ümumən danışıqların Brüssel formatına qısqanc yanaşmasını davam etdirib. Görüş başlamazdan bir neçə saat öncə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sülh moderatoru kimi çıxış edən rəsmi Brüsseli qeyri-səmimilikdə suçlayaraq deyib ki, guya Avropa Birliyi Cənubi Qafqazda geostrateji ambisiyalardan çıxış edir, nəinki sülh anlaşmasına çalışır .

“Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi konkret nəticəyə köklənib. Brüsselin məqsədi isə problemləri həll etmək deyil, Rusiyanı qabaqlamaqdır. Avropa İttifaqı pevdo-təşəbbüslər (qeyri-real - red.) irəli sürür”, - Zaxarova deyib.

Mövzuya birbaşa dəxli olmasa da, maraqlıdır ki, Rusiya prezidenti V. Putin məhz Brüssel görüşü günü Azərbaycanla sülh müqaviləsini Qarabağ məsələsi ilə (“öz müqəddəratını təyinetmə” haqqı) ilə bağlayan erməni radikal müxalifətin liderlədindən birinə - Robert Köçəryana ad günü təbriki göndərib. Belədə sual yaranır: Moskva da Bakı-İrəvan barışığında səmimi şəkildə maraqlıdırsa, yəni eyni hədəfi güdürsə, o zaman Kreml Brüssel uğuruna sevinmək əvəzinə, niyə narahat olur?

Bu arada alternativ Laçın yolunda Rusiya hərbçilərindən savayı “artsax polisi”nin də postlar qoyduğu məlum olub.  Bu haqda erməni mediası yazıb. Yenə sual yaranır: o zaman Rusiya sülhməramlılarının Qarabağda nə işi? Onlar bu təxribata niyə göz yumurlar? Hansı “arsax polisi”? 10 noyabr sənədində belə bir şey varmı? Yoxdursa, o zaman sülhməramlılar nədən öz funksiyalarını yerinə yetirmir? Axı bu ilk belə hal deyil. Bir müddət öncə “artsax polisi” xüsusi fərqlənmə nişanı və geyimdə rus sülhməramlıları ilə birgə erməni kəndindən keçən Azərbaycan yük maşınlarını yoxlamaq cəsarətində bulunmuşdu.

Başqa yandan, əgər İrəvan ciddi şəkildə sülhdə, qonşu ölkələrlə əməkdaşlıqda maraqlıdırsa, onda Qarabağdan “artsax polisi” də daxil, bütün qanunsuz silahlı dəstələrin çıxmasını təmin eləməlidir. Özü də qısa zamanda. Əks halda, bunu Bakı edəcək. Hansı yolla, o də məlum.

“Hazırda böyük sülhə daha çox İrəvanın ehtiyacı var. Ermənistan həm siyasi və hərbi, həm də sosial və iqtisadi olaraq çox çətin vəziyyətdədir. İrəvan sülh prosesini sürətləndirməyəcəyi təqdirdə uçuruma gedəcək. Buna görə də sülh daha çox ermənilərə lazımdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Publika.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

Oxu.az - Yücel Karauz: “Ermənistanın insanlıqdan kənar hərəkətlərinə  baxmayaraq, Azərbaycan hərbi mövqeləri hədəf alır”

Brüssel görüşü ilə bağlı Karauz qeyd edib ki, bu görüş 10 noyabr sazişində Ermənistanın bu günə qədər ayağını dirədiyi, vaxt qazanmağa çalışdığı məsələləri sürətləndirəcək: “Qarabağ məsələsi Azərbaycanın haqq savaşıdır. Hüquqi, əxlaqi, siyasi və hərbi baxımdan güclü olan tərəf də məhz Azərbaycandır. Digər bir önəmli məsələ isə ABŞ və Fransa səfirlərinin Şuşaya səfərindən imtina etməsi Brüssel görüşlərinə müəyyən mənada kölgə salmasıdır. Çünki Vaşinqton və Paris yenidən ATƏT-in Minsk qrupunu canlandırmağa, burada çözümsüzlüyü daimilik halına gətirərək hər bir dövləti özündən asılı vəziyyətə salmağa çalışır. Buna görə də sülh prosesinin sürətləndirilməsi məsələsi Avropa İttifaqının və digər ölkələrin davranışına bağlıdır. Bu, Azərbaycan üçün də iqtisadi və sosial məsələləri tezliklə həll edərək gələcəyə baxması baxımından vacibdir. Amma sülh müqaviləsini imzalamağa daha çox ehtiyacı olan Ermənistan tərəfidir”.

Y.Karauz əlavə edib ki, bölgədə sülh istəyən dövlətlər olduğu qədər, bunun baş tutmaması üçün xüsusi canfəşanlıq göstərənlər də az deyil: “Sülhün olmaması, münaqişənin davam etməsi, Ermənistan və Azərbaycanın onlardan asılı olması, Rusiyanın, İranın Cənubi Qafqazdakı gücünü təsirsiz hala gətirməsi, regiondakı ölkələrin bir araya gəlib öz talelərini həll etməməsi üçün çalışan başda Fransa və ABŞ olmaqla bir çox dövlətlər var. Azərbaycan Avropa İttifaqı və Britaniyanı məsələyə qataraq tez bir zamanda sülh müqaviləsini Ermənistana imzalatması lazımdır. Amma Brüssel görüşündən dərhal sonra sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Çünki Ermənistan hazırda siyasi böhran içindədir. Bu, bir müddət davam edəcək. Sülhə gedən yolda hələ daha çox Brüssel və Moskva görüşləri olacaq”.

Ancaq enində-sonunda sülh müqaviləsi imzalanacaq. Əks halda, yəni sülh müqaviləsi olmayacaqsa, Ermənistan da olmayacaq...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR