Onlayn ictimai-siyasi qəzet
Avqustun 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.
Artıq iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, komissiyaların birgə fəaliyyəti haqqında əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar. Söhbət anlaşmanın yerli konstitusiyaya uyğunluğundan və parlamentlər tərəfindən ratifikasiya edilməsindən gedir. “Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə haqqında saziş Avropa Birliyinin mülki missiyasının Ermənistandan çıxarılması üçün kifayət qədər əsasdır”. “Yeni Müsavat” bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. “Xüsusilə qeyd etmək lazımdır ki, sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır. Yəni sülh və qarşılıqlı anlaşma şəraitində, iki dövlət arasında həyata keçirilən bu prosesin gedişatını nəzərə alaraq, hesab edirik ki, artıq Avropa İttifaqının sərhəd missiyasının da Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməsinə də ehtiyac yoxdur. Və bu missiyanın fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”, - Hacızadə qeyd edib.
Xatırladaq ki, Azərbaycanla sərhəddə Avropa Birliyinin uzunmüddətli mülki (əslində yarım-hərbi, casus) missiyası Bakının razılığı olmadan həyata keçirilməkdədir və heç də xoşməramlı sayılmaz. Bu mənada Bakının tələb-çağırışı yerindədir. Bəs bu tələb İrəvanda nəzərə alınacaqmı?
Qabil Hüseynli
Professor Qabil Hüseynli Ermənistanın Aİ missiyasını sərhədə yerləşdirməsində iki məqsəd güddüyünü düşünür. Onun fikrincə, birincisi, kəşfiyyat regiona cəlb olunub, ikincisi, Qərb Rusiyanı bölgədən çıxarmaq üçün strateji cəhətdən Ermənistanda möhkəmlənmək xətti götürüb. Professor üçüncü faktoru da istisna etmir - rus hərbçilərini sərhəddən çıxarmaq və atəşkəs pozulanda Aİ vasitəsilə Azərbaycanı ittiham etmək. Q.Hüseynliyə görə, mülki missiyası adı ilə sərhəddə yerləşən qüvvələr arasında hərbi güclər var: “Bizimlə yanaşı İran da bu məsələyə etiraz etməlidir. Tehranın Azərbaycanda axtardığı "sionizm" yerinə, qucaqladığı Ermənistanda düşmənlərini görməsi yaxşı olardı... Ümumiyyətlə, bölgəyə kənar güclərin gətirilməsi ilə Ermənistan təhlükəsizlik sahəsində yeni müttəfiq seçdiyini elan edir. Amma Rusiyanı Ermənistandan çıxarmaq üçün 200 nəfərlik mülki missiyası ilə heç nə etmək olmaz. Bu missiya heç bir səbəb olmadan sərhəddə guya müşahidə aparır. Halbuki atəşkəsi pozan ermənilərdir, səslərini çıxarmırlar. Bəs o zaman onların gündəlik fəaliyyəti nədən ibarətdir? Deməli, Avropa İttifaqı kəşfiyyat işləri həyata keçirir. Azərbaycana da təklif olmuşdu, biz imtina etdik. Ermənistan da onları heç bir əsas olmadan sərhədə gətirib. Birmənalı şəkildə onlar getməlidirlər, onların sərhəddəki vəziyyətə dair görəcəyi bir iş yoxdur. Əgər ürəkləri yanırsa, İrəvana təzyiq etsinlər ki, delimitasiya sürətlənsin, sülh sənədi imzalansın".
Politoloq, bununla belə, edilən çağırışlara Ermənistanın məhəl qoymadan missiyasının fəaliyyətini genişləndirəcəyini gözləyir: “Onlar regiona uzunmüddətli gəlib. Rusiya bu məsələdə hədsiz dərəcədə qəzəblidir. Paşinyan açıq şəkildə şantaja keçib. Necə olur ki, Ermənistanın sərhədlərini ruslar qorusun, amma hakimiyyət Avropa İttifaqına şərait yaratsın?! Məncə, bu siyasət Paşinyana rahatlıq verməyəcək. Moskva İrəvanda mövqeyinin itirilməsi ilə barışmır. Son rəsmi çıxışlarda da qeyd olunur ki, Ermənistan Rusiyanın müttəfiqidir. Yəni mövcud hakimiyyətlə ölkəni ayırd edə bilirlər. Beləliklə, Cənubi Qafqaz uğrunda geosiyasi mübarizənin getdikcə kəskinləşəcəyini gözləyirəm. Bu da Ermənistanda ciddi siyasi böhranla nəticələnə bilər”.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli Aİ-nin mülki missiyasının kəşfiyyat-casus şəbəkəsi olduğunu hesab edir. Onun sözlərinə görə, hətta Aİ üzvü olmayan Kanadanın atlı polisi də regiona yerləşdirilib: “Əslində NATO bu adla bölgəyə daxil olub. Ermənistanın bu oyunları onun başına bəla olacaq. Region ölkələrinin heç biri bu addımlardan məmnun deyil. Rusiya, İran, Türkiyə, Azərbaycan altılıq platformasına çağırır. Ancaq Paşinyan elə bilir ki, Qərb bölgədə yerləşdikcə götürdüyü öhdəliklərdən yayınmaq üçün təhlükəsizlik təminatı ala biləcək. Sadəcə, bu gedişat gec-tez Ermənistanda hakimiyyəti sıxılmış bir vəziyyətə salacaq. Ona görə də Azərbaycan tələb edir ki, əgər sərhədləri dəqiqləşdirmək üçün birgə komissiyasının əsasnaməsi təsdiqlənibsə, ortada etimad mühiti yaranırsa, o zaman bu missiyanın sərhəddə müşahidə nəyə lazımdır? Onlar haranı müşahidə edirlər? Bizim postlara baxırlarsa, hansı məlumatlara sahib olmaq istəyirlər? Bu, tamamilə beynəlxalq hüquqa ziddir”.
Hərbi ekspertin fikrincə, həmin müşahidəçi qrup Azərbaycana hesabat verməlidir, fəaliyyəti haqda məruzə etməlidir: “Ermənistan tərəfdən dayanıb bizim sərhədi seyr edirsənsə, məqsədini açıqlamalısan. Əgər şərti sərhəddə monitorinq aparılmasından söhbət gedirsə, 200 nəfər bu uzunluqda sərhədə tam kontrol edə bilməz. Bu, absurd iddiadır. Sadəcə, Qərb varlığını nümayiş etdirmək üçün bu addımı atır və guya Rusiyanın vassalı olan ölkəyə girdiyi gözdağı verməyə çalışır. Bütün hallarda Ermənistan cırtdan ağlı ilə bu siyasi manevrlərini uzada bilməyəcək. Əgər sülh müqaviləsini imzalamaq istəyirsə, ərazi iddialarına konstitusiyada son qoymalı, Minsk Qrupunun ləğvi de-yuri reallaşmalı, Zəngəzur koridoru açılmalı, eləcə də bu casus missiyasını sərhədlərindən rədd etməlidir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ