İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı hava ilə bağlı XƏBƏRDARLIQ: Təhlükə 2-3 gün davam edəcək

“Son günlərdə havadakı tozun miqdarının normadan (yol verilən qatılıq həddindən) çox olması mövcud sinoptik şəraitlə - Orta Asiyadan ölkəmizin ərazisinə quru və isti havaların daxil olması əlaqədardır”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında meteoroloq Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, bəzi hallarda bu hava axınları səhraların narın sarı rəngli tozu ilə doymuş olur: 

“Bu zaman tutqun hava şəraiti yaranır, meteoroloji görünüş məsafəsi pisləşir, məhdudlaşır, bəzən havanın nisbi rütubətliyi sıçrayışla 30%-dən aşağı düşür. Yaranmış əlverişsiz hava şəraiti həm insanlara diskomfortluq yaradır, həm də bitkilərin ziyan görməsinə səbəb olur. Adətən, bu proses Qazaxıstan üzərində antisiklonik şərait yarandığı zaman baş verir. Xəzər dənizi üzərindən keçərkən qızmar səhralardan gələn hava axınlarının yalnız alt təbəqəsinin temperaturu 3-4°C azala, rütubətlik isə 10-20% arta bilir. İsti və tozlu hava kütlələrinin 2-3 km hündürlüyədək yayılan qatı isə öz fiziki xassələrini dəyişmədən hava məkanımıza daxil olur. Qazaxıstan üzərində yaranmış antisiklon şərqə doğru uzaqlaşdıqdan sonra həmin istiqamətdən gələn hava axınları dayanır və havada müşahidə olunan tozun miqdarı da tədricən azalır”. 

Meteoroloq bu vəziyyətin nə qədər davam edəcəyini də açıqlayıb:

“Hal-hazırda havada tutqunluq yaradan tozun miqdarının sinoptik şəraitlə əlaqədar olaraq həmin istiqamətdən gələn hava axınlarının dayanması və yaxın 2-3 gün ərzində tədricən normallaşması ehtimal edilir”. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR