Onlayn ictimai-siyasi qəzet
Azərbaycan paytaxtı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək
Martın 13-15-də paytaxtımızda XII Qlobal Bakı Forumu keçiriləcək. Məlumat üçün bildirək ki, forum “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusunda keçiriləcək.
Tədbirdə hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, 400-dən çox nümayəndənin iştirakı gözlənilir. Forumda həmçinin Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviç də iştirak edəcəklər.
Qeyd edək ki, forumda Kuala-Lumpurun meri Maimuna Mohd Şərif və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspanın iştirakı da təsdiqlənib.
Azər Badamov
Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bakıda keçirilən Qlobal Bakı Forumu dünya gündəmi üçün əhəmiyyət daşıyan beynəlxalq platformaya çevrilib: “13-15 mart tarixlərində keçiriləcək XII Qlobal Bakı Forumuna da beynəlxalq səviyyədə maraq çox böyükdür. Foruma indiki və keçmiş prezidentlər, hökumət rəhbərləri, siyasətçilər, Nobel mükafatı laureatları, beyin mərkəzlərinin nümayəndələri olmaqla 400-dən çox iştirakçı qatılır. Həm də BMT və digər beynəlxalq təşkilatların nümayəndələrinin foruma qatılması onun əhəmiyyətinin nə qədər yüksək olduğunu göstərir. Bu forumun mövzusu dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi ilə bağlıdır. Bu gün həqiqətən dünya nizamı heç olmadığı qədər çətin dövrünü yaşayır. Baş verən müharibələr və müharibələrin davam olmasına maraqların toqquşması, birləşmiş Qərbin daxilində yaranmış fikir ayrılıqları, o cümlədən qlobal miqrasiyanın yaratdığı çətinliklər və s. qlobal gündəliyin əsas mövzularına çevrilib. Bu gün dünya özünün daha təhlükəsiz və ədalətli nizamının formalaşdırılmasına çalışmalıdır. Əks halda, bəşər tarixinin sonu gələ bilər. Bu baxımdan XII Qlobal Bakı Forumu qlobal gündəliyi narahat edən məsələlərin müzakirə olunduğu nadir platformadır. Bu gün həm də dünyanı bir araya yığaraq qlobal məsələlərdə dialoqa nail olunması üçün müzakirələrin aparıldığı ikinci bir məkan yoxdur. Çünki dünya parçalanıb və demək olar ki, güclü ölkələr zəiflər üzərində hakimiyyəti ələ almağa çalışır. Heç kim dialoqdan, sülhdən, birgə yaşayışdan və əməkdaşlıqdan danışmaq üçün bir platforma yaratmır. Azərbaycan isə artıq 12-ci dəfə bu platformanı qlobal müzakirələrə təqdim edir. Bu həm də ölkəmizin sülh və ədaləti dəstəkləyən niyyət və məqsədlərinin göstəricisidir. Azərbaycan bütün sivilizasiyaların birgə və sülh içində, beynəlxalq hüquqa hörmətlə yaşamasına çağırış edir. Bu, həm də Azərbaycanı dünyaya təqdim etmək üçün bir platformadır. Biz forum çərçivəsində ölkəmizin məqsədlərini və baxışlarını da bölüşə bilirik. Bu həm də ölkəmizə qarşı qarayaxma kampaniyaları, ikili standart siyasəti aparanların istəklərini ifşa etmək üçün bir platformadır. Beləliklə, XII Qlobal Bakı Forumunun həm qlobal məsələləri müzakirə etmək, həm də sözümüzü beynəlxalq arenaya çatdımaq baxımından bir fürsət olduğunu hesab edirəm”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva bu tədbirin əhəmiyyətini olduqca böyük sayır: “Artıq yeni dünya modeli, yeni qlobal dünyanın əsas çağırışları istiqamətində son on ildə aparıcı beyin mərkəzləri öz modellərini ortaya qoyurlar. Hesabatlar, baxış bucaqları müxtəlif elmi-siyasi və iqtisadi dərgilərdə öz əksini tapır. Azərbaycan da yeni dünya düzənində öz fikri və yanaşması olan aparıcı dövlətlərdəndir. Cənab Prezident də dəfələrlə çıxışlarında bildirib ki, BMT-də ciddi islahatlara ehtiyac var. Yəni ötən əsrin qırxıncı illərində qurulmuş təşkilat yeni dünya çağırışlarına cavab vermir. Yeni dünya modeli əslində qütblər və ya çoxqütblülük platformasına söykənir. Hər bir dövlət seçim etdiyi qütbdə yer alaraq mövcudluğunu qorumaq məcburiyyətindədir. Böyük dövlətlər qütb kimi çıxış edirlər. Burada məsələ kiçik dövlətlərin üzləşdiyi problemlərdir. Azərbaycan özünü Türk Birliyi çətiri altında görür. Çünki TDT-nin yeni qütb olmaq yolunda atdığı addımlar göz önündədir və Türk Birliyinin aparıcı ölkələrindən biri də məhz Azərbaycandır. Balkanlardakı və regionumuzdakı kiçik ölkələr də özlərinə yeni çətir arayışındadır. Onlar da prioritet arayışındadır. Bu baxımdan, Bakıda keçiriləcək forumun əhəmiyyəti çox böyükdür. Dəvət olunan ölkələrin rəhbərlərinə bu konfrans seçim etməkdə böyük kömək olacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ