Onlayn ictimai-siyasi qəzet
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 41-ci ildönümünə həsr olunan tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Türkiyənin Azərbaycandakı Səfirliyinin və ölkəmizdəki diplomatik korpusların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı səfiri Ufuk Turganer Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 41-ci ildönümünü Azərbaycanda qeyd etməkdən qürur duyduğunu bildirib.
O, Şimali Kiprin müstəqillik mübarizəsindən bəhs edərək, Mustafa Kamal Atatürkün bu yolda Şimali Kipr xalqına böyük dəstəyinin unudulmadığını qeyd edib:
"Şimali Kipr Türk Cümhuriyyəti daim bölgədə sülhün tərəfdarı olub, lakin Cənubi Kiprin qeyri-konstruktiv mövqeyi buna imkan verib. Onu da bildirmək istəyirəm ki, Cənubi Kiprin Avropa İttifaqına üzv olmasını biz ədalətsiz qərar hesab edirik. Biz Azərbaycanın Qarabağda qazandığı qələbəsini yüksək qiymətləndiririk. Onu da bildirmək istəyirəm ki, bu il Azərbaycanın Milli Məclisi ilə Şimali Kiprin Parlamenti arasında dostluq qrupunun yaradılması ölkəmizə və xalqımıza verilən dəstəyin ən güclü nümunəsidir. Bu müddət ərzində dəfələrlə qarşılıqlı səfərlər gerçəkləşdirilib. Bu səfərlər çərçivəsində əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün önəmli addımlar atılıb. Bizim dövlətimizin və xalqımızın təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynadığına görə Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinə minnətdarlığımızı bildirirəm".
Milli Məclisin üzvü Cavanşir Feyziyev Azərbaycanın Şimali Kipr ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun təşviqində mühüm rol oynadığını qeyd edib:
"1983-cü il Kipr türklərinin tarixində mühüm dönüş nöqtəsi olub. O vaxtkı çətinliklərə baxmayaraq Şimali Kipr dövləti və xalqı mövcudluğunu qorumağı bacarıb. Milli Məclis və bütövlükdə Azərbaycan xalqı adından Şimali Kipr Türk Cümhuriyyətinin Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Müstəqilliyin elan edilməsindən ötən 41 il ərzində Şimali Kipr üzləşdiyi siyasi və iqtisadi çətinliklərə mətinliklə tab gətirir. Son referendumdan sonra Şimali Kipr Türkləri dünya ictimaiyyətinin qərəzli yanaşması ilə üzləşib. Azərbaycan Şimali Kipr ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun təşviqində mühüm rol oynayır. Bu ilin 5 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi ilə Şimali Kiprin Parlamenti arasında əlaqələrə start verilib. Bu müddətdə qanunverici orqanlar səviyyəsində səfərlər gerçəkləşdirilib. Biz ümid edirik ki, mövcud əlaqələrimiz daha da genişləndiriləcək. Parlamentlərarası Dostluq Qrupumuz bu istiqamətdə səylə çalışacaq".
Tədbirdə ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyinə inam ifadə olunub.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ