İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qarşıdurma: Blokun qapısı hörüldü, sakinlər ayağa qalxdı - VİDEO

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 7-11 və Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında yerləşən "Pilot Residence” MTK tərəfindən inşa edilmiş binanın sakinləri sözügedən tikinti şirkətinin fəaliyyətindən narazıdırlar.

Bina sakinlərinin şikayəti üzərinə daha əvvəl mətbu orqanlarda yer alan xəbərlərdə qeyd olunur ki, MTK tərəfindən yaşayış kompleksində inşaat-təmir işləri dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş verib. Həmçinin yaşayış binasının daxili həyətində təsdiqlənmiş layihədə ümumiyyətlə mövcud olmayan iri ticarət obyektinin inşası həyata keçirilib. Bildirilir ki, mövcud problemlərlə bağlı sözügedən binada mənzil sahibi olan 22 nəfər adından dəfələrlə bir sıra səlahiyyətli qurumlara şikayət məktubu ünvanlansa da, bu, bir fayda verməyib.

Bu dəfə bina sakinləri ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya kollektiv şikayət məktubu ünvanlayıblar. Həmin məktubun bir nüsxəsini də "AzPolitika"ya göndəriblər.

Sözügedən məktubda tikinti layihəsinə uyğun olaraq, "Pilot Residence” MTK-nın bir sıra öhdəliklərini icra etmədiyi bildirilir. Belə ki, layihədə nəzərdə tutulan tikililəri həyata keçirmədiyi, yaşayış kompleksini 2019-cu ilin sonunadək sahiblərinə tam təhvil vermə öhdəliyinə riayət etmədiyi və digər qanunsuzluqlara yol verdiyi qeyd olunur.

Sakinlərin sözlərinə görə, Səbail Rayon İcra Hakimiyyətinin (RİH) 2 iyun, 2017 il tarixli Sərəncamı ilə təsdiqlənmiş yaşayış kompleksi layihəsinin icraatı hələ də yarımçıq qalıb. Qeyd olunur ki, Səbail RİH binanın Dövlət Qəbul Komissiyası tərəfindən qəbulunu təsdiqləsə də, layihə ilə nəzərdə tutulan yaşayış kompleksinin tərkibindəki qapalı həyət və istirahət zonası, yeraltı dayanacaq mərtəbəsi, Rostropoviçlər küçəsinə avtomobil və piyada giriş-çıxış yolları hələ də hazır deyil.

"Çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında “Pilot Residence” MTK tərəfindən təxminən 700-800 kv.m. sahəni əhatə edən ərazidə binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili inşa edilib. Faktiki etibarsız olan icarə müqaviləsi əsasında fəaliyyət göstərən supermarket bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün problem yaradır. Həm “Pilot Residence” MTK, həm də supermarket faktiki sakinlərə məxsus olan, onların layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə tutublar",-deyə şikayət məktubunda bildirilir.

Müraciətdə o da qeyd olunur ki, sakinlər tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Səbail RİH-ə müxtəlif vaxtlarda müraciətlər olunsa da, MTK tərəfindən davam etdirilən qanunsuzluqlar dayandırmayıb. Şikayətçilər qeyd edirlər ki, icra başçısı Vüqar Zeynalov və layihənin kuratoru, başçının birinci müavini Vüqar Şıxəmmədov sakinlərin saysız-hesabsız şikayətlərini nəzərə almayıblar. MTK tərəfindən layihə üzrə görülməli işlər yarımçıq saxlanıldığı halda Dövlət Aktı təsdiqlənib və yaşayış kompleksindəki yekun işlərin dondurulmuş vəziyyətdə saxlanılmasına bəraət qazandırılır.

Sakinlər məktubun sonunda Birinci vitse-prezidentə müraciət edərək, “Pilot Residence” yaşayış kompleksinin rəsmi layihəsinə uyğun şəkildə yekunlaşması istiqamətində dövlət orqanlarına göstəriş verilməsini xahiş edirlər.

Yazıda qeyd olunanlarla bağlı "Pilot Residence” MTK, eləcə də müvafiq dövlət qurumlarının mövqeyini işıqlandırmağa hazırıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR