İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Sumqayıt yolunun əbədi tıxac dərdi: “manatlıq taksi”, nəzarətsiz zolaq - ARAŞDIRMA

Bakı-Sumqayıt yolunda illərdən bəri tıxac problemi qalmaqdadır. Aidiyyəti qurumlar məsələnin həlli üçün bəzi işlər görsə də, nəticə dəyişməyib. Dövlət başçısının sərəncamı ilə sözügedən yolun dəfələrlə genişləndirilməsinə rəğmən, problem yerində qalıb. Pik saatlarda yolda vəziyyət yenə həddindən artıq bərbad olur.

Təxminən 4 ay əvvəl yolda tıxacı aradan qaldırmaq üçün daha bir üsul tətbiq edildi. Yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və eyni zamanda, əks istiqamətinə ikitərəfli xüsusi avtobus zolağı çəkildi. Həmin zolaq çəkiləndə bəzi sürücü və sərnişinlər buna etiraz etsə də, əslində qərar təqdirəlayiqdir. Sərnişinlərin vaxtında mənzil başına çatması üçün bu addım çox vacibdir. Əgər həqiqətən də həmin zolaq yalnız sərnişin avtobusları və operativ nəqliyyat vasitələrinin istifadəsində olarsa.

Manatlıq taksi, yoxsa operativ nəqliyyat vasitəsi?

WhatsApp Image 2023-12-21 at 13.41.55.jpeg (67 KB)

Əslində bu zolağa günün pik saatlarında nəzarət edilsə, həqiqətən sərnişin avtobusları mənzil başına vaxtında və təhlükəsiz çatar. Amma…

Zolağın nəzarətsiz qalması yolda tıxacı demək olar, daha da artırıb. Təxminən 10 kilometrə yaxın çəkilmiş zolağa nəzarət demək olar ki, yoxdur. Zolaqboyu müşahidə kameralarının kifayət sayda olmaması, yol polislərinin zəif nəzarəti zolağın özündə tıxac yaradır. Sərnişin avtobusu və operativ nəqliyyat vasitələri üçün çəkilmiş zolaqda həmin nəqliyyat vasitələrindən çox şəxsi avtomobillər hərəkət edir. Əsasən imkanlı şəxslərin avtomobilləri və el arasında “manatlıq taksilər” kimi tanınan şəxsi avtomobillər sərnişin avtobuslarının zolağa çıxmasına belə mane olmaqdan çəkinmir. Əsasən səhər saatlarında zolağı zəbt edən bu avtomobillərə görə sərnişin avtobusları saatlarla tıxacda qalmaq məcburiyyətindədir. Nəticədə nə zolaq yada düşür, nə marşrut xətti. Hətta səhər saatlarında yolda hərəkət edən təcili tibbi yardım avtomobilləri də tıxacdan çıxıb xüsusi zolaqdan istifadə edə bilmir. Həmin “manatlıq taksilər” yolda heç nədən çəkinmədən zolağa istənilən yerdən daxil olub avtobus və digər hərəkətdə olan sürücülərə maneə törədə bilir. İş o yerə çatıb ki, artıq Bakı-Sumqayıt yolundan istifadə edən sərnişinlər də bu “taksilər”ə ironiya ilə “operativ nəqliyyat vasitəsi” deyir. Pik saatlarda mənzil başına tez çatmağa can atan sərnişinlər də avtobusların gec hərəkət edəcəyini zənn edib “manatlıq”lara üstünlük verir.

Yol polisləri xüsusi zolaqlara niyə nəzarət edə bilmir?

Ciddi nəzarət olunmalı zolaqda əslində vəziyyət necədir? Yolboyu cəmi iki yerdə müşahidə kamerası quraşdırılıb. Həmin kameralar zolağın başlanğıcı və sonunda yerləşdirilsə də, zolaqboyu digər nəzarət vasitəsi yoxdur. Yəni, 10 kilometrlik yolun başlanğıc və sonunda nəzrət kamerası quraşdırılması kifayətdirmi? Məsuliyyətsiz sürücülər yolboyu zolağa daxil olmayacaq səviyyədə mədənidirlərmi? Həmin yola ən azı 10 yerdə texniki nəzarət vasitələri quraşdırmaq olmazmı?

Zənnimcə, bununla bağlı aidiyyəti qurumların imkanı kifayət qədərdir. Xüsusi zolağın yaradılması barədə qərarı icra edənlər bu prosesə nəzarəti gücləndirmək əvəzinə, yolda daha da tıxacın yaranmasına şərait yaradıb. Bundan istifadə edən “manatlıq taksilər” və digər məsuliyyətsiz sürücülər nəzarət kameralarını keçən kimi zolağa maneəsiz daxil ola bilir.

İş o həddə çatıb ki, hətta zolaq üzərində fəaliyyət göstərən Respublika Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Postu da bu prosesə müdaxilə edə bilmir. Pik saatlarda özünü yoldakı tıxacı aradan qaldırmağa cəhd edən kimi göstərən yol polisləri sadəcə, bu biabırçı mənzərəni izləməklə kifayətlənir. Məsuliyyətsiz sürücülər Ekoloji Nəzarət Postunun yanında da xüsusi zolağa daxil olur, yol polislərinin gözü qarşısında sərnişin avtobuslarının hərəkətinə mane olur. Yol polislərinin gözü qarşısında xüsusi zolağa daxil olan imkanlı şəxslərin avtomobilləri və qanunsuz fəaliyyət göstərən taksilər hansısa amilə arxayın olub mənzil başına tez çatmaq üçün rahat hərəkətini davam etdirir. Amma zolaqda birbaşa hərəkəti nəzərdə tutulan marşrut avtobusları saatlarla tıxacda qalır, qrafik gecikir. Beləcə, Bakı-Sumqayıt yolunda uzun illərdən bəri böyük problemə çevrilmiş tıxac məsələsinin həlli daha da qəlizləşir...

Samir Əli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR