İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinləri ağaclara görə etiraz aksiyasına hazırlaşırlar: “Günahkarlar cəzalandırılmalıdır” – Fotolar  

Bakının Nizami rayonu, Rüstəm Rüstəmov 66 ünvanında yaşayan sakinlər yenidən Musavat.com-a müraciət ediblər.

Sakinlər qeyd olunan ünvanda sağlam ağacların, xüsusilə də böyük palıd ağacının qeyri-normal şəkildə budanmasına qəzəbləndiklərini, bununla bağlı etiraz aksiyası keçirməyə hazırlaşdıqlarını bildiriblər.

Onlar iddia edirlər ki, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacları düz budamayıblar və xüsusi məqsədləri var:

“Həyətimizdə böyük palıd ağacı var idi. Amma indi həmin ağacın heç yarısı qalmayıb. Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları məqsədyönlü şəkildə palıd ağacının 42 sm diametrində olan budaqlarını kəsiblər. Biz etiraz edəndə isə əsas gətirdilər ki, guya ağac təhlükəli vəziyyətdə idi, kiminsə baş düşə bilərdi. Halbuki xeyli sayda təhlükəli vəziyyətdə olan ağaclar var. Dəfələrlə müraciət etmişik ki, gəlib həmin ağacları kəssinlər. Amma onları deyil, gəlib məhz sağlam olan, yaşıl  ağacı kəsiblər. Televiziya, mediaya da açıqlama verib deyirlər ki, guya biz sakinlərin istəyi ilə ağacları kəsiblər.

Buna görə sakinlər olaraq, çox qəzəbliyik. Ağaclar canlıdır, bir canlını da kəsmək, məhv etmək cinayətdir. Sakinlər olaraq sabah etiraz aksiyası keçirməyi düşünürük. Aidiyyəti orqanlardan tələbimiz budur ki, bu hadisəni törədən şəxslər cəzalandırılsın”.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, ərazi nümayəndəliyinin müraciəti, budaqların qırılmasının qarşısının alınması, həmçinin ağacların cavanlaşdırılması məqsədi ilə ərazidə budama işləri görülüb: “Ərazidə yerləşən quru ağacların kəsilib götürülüməsi ilə bağlı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi olmadığına görə tərəfimizdən yalnız budama işləri aparılır. Heç bir ağac kəsilmir”.

Məsələ ilə bağlı  görüntüləri təqdim edirik:

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR