Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin Çin səfəri davam edir. Şanxay Əməkdaşlıq Təşkilatının indiyə qədərki ən böyük sammitində iştirak üçün nəzərdə tutulan səfər zamanı dövlət başçısına Çin rəhbəri, eləcə də sammitdə iştirak edən ölkələrin rəhbərlərinin ayırdığı diqqət, ən yüksək səviyyədə qalib ölkənin qalib lideri ilə keçirdikləri görüşlər dünya gündəminin əsas müzakirə edilən mövzuları sırasına çevrilib.
Musavat.com xəbər verir ki, siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında yeni - sürətli inkişaf mərhələsinin başlanğıcıdır:
“İki ölkə arasında viza rejiminin hələ bu səfərdən öncə ləğv edilməsi onu göstərir ki, Bakı ilə Pekin arasında təkcə ticari-iqtisadi əlaqələr yox, həm də turizmin inkişaf potensialı üçün “yaşıl işıq” yandırılıb. Digər tərəfdən, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan qlobal iqtisadi layihənin əsas logistik mərkəzi kimi Çindən Britaniyaya uzanan yol qovşağının döyünən nəbzinə çevrilib. Eyni zamanda, Bakı Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı tərəfdaşlarındandır.
Çox güman ki, yaxın gələcəkdə ölkəmiz ŞƏT-dəki statusunu bir qədər də yüksəldəcək. Çin və Rusiya kimi ölkələr də bu məsələdə maraq göstərirlər. Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Bunu təkcə Azərbaycan Prezidenti yox, Çinin ali rəhbərliyi, eləcə də aparıcı beyin mərkəzləri etiraf edirlər. Ölkə başçısı İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirdi ki, biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Bununla da Azərbaycana investisiya axınının sürətlənməsi üçün hər hansı problemin qalmadığı, əksinə, hər kəs üçün çox gözəl şəraitin olması ilə bağlı birbaşa cənab Prezident tərəfindən üzv ölkələrin diqqətinə çatdırıldı. Bunun əyani sübutu da mövcuddur. Belə ki, Azərbaycan ÇXR sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biridir. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir. Çinlə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafı üçün möhkəm bünövrə mövcuddur. Belə ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü dəstəkləyən dövlətlərdəndir.
Eyni zamanda, Azərbaycan Çinin Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib. Ölkə başçısı da öz çıxışında vurğuladı ki, Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq. Bir sözlə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan-Çin münasibətlərində mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Tiencində keçirilən görüşdə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında aparılan danışıqlar həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli nəticələrdən soraq verir. Azərbaycanla Çin arasında imzalanmış sazişlər iki ölkənin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırır.
Yaxın gələcəkdə Azərbaycanın Çinlə yeni strateji iqtisadi əlaqələr quracağına heç kim şübhə ilə yanaşmır. İki dövlət arasındakı ticari-iqtisadi əlaqələrin bugünkü səviyyəsi, əlaqələrin yüksələn xətlə sürətli inkişafı bunu deməyə əsas verir”.
Cavanşir ABBASLI
Musavat.com
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ