İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla sərhəddə böyük sükut - Ermənistan “qınına” çəkilib, Fransa isə...

Hərbi ekspert: “Ermənistan həqiqətən sülh istəyirsə, o zaman söyləyə bilərik ki, 1 aydır müşahidə olunan sakitlik uzunmüddətli, hətta daimi ola bilər”

Azərbaycan Ordusunun Qarabağda 23 saatlıq antiterror tədbirləri və saxta qurumun özünü buraxmasından sonra maraqlı situasiya yaranıb. Məsələ ondadır ki, artıq bir aya yaxındır nəinki daxildə hərbi mövqelərimizə qarşı erməni silahlılarının təxribatları qeydə alınmır, elə Ermənistanla şərti sərhəddə də sakitlikdir.

Bu sükunət nə qədər çəkə bilər? Ermənistan həqiqətənmi həmişəlik “qınına” çəkilib və daha sərhəd təxribatlarının şahidi olmayacağıq, yoxsa hansısa yeni avantüraya hazırlaşır? Belə çıxmırmı ki, bu təxribatlar sırf Qarabağdakı kriminal xuntanın varlığı ilə əlaqəli olub?

Əlbəttə, “izqoy”, cırtdan və yoxsul Ermənistanın özünə qalsa, bir də Azərbaycan tərəfə güllə atmaz. Əfsus ki, “böyük bacı” Fransa başda olmaqla, bur sıra məkrli güclər kapitulyant ölkəni hələ də hərbi təxribatlara sövq etmək üçün hər şeyi edir, hətta İrəvana silah-sursat vəd edir.

Məsələn, iki gün öncə Fransanın Ermənistandakı səfiri Olivye Dekotiny Avropa İttifaqı missiyası ilə birlikdə “Cermuk” adlanan (İstisu) ərazidə olub və “Ermənistan ərazisinin Azərbaycan tərəfindən işğal olunduğunu” bəyan edib. “Cermukda (İstisu) Aİ-nin Ermənistandakı missiyası ilə birlikdə mən Ermənistan ərazisinin bütöv bir hissəsinin Azərbaycan tərəfindən işğalını qeyd etdim”, -deyə səfir fitnəkar status da yazıb.

Bəs, sərhəddəki sükut nə dərəcədə daimidir?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, əslində Ermənistan 44 günlük müharibədəki məğlubiyyətindən sonra sərhəddəki indiki sakitliyi nümayiş etdirməli idi. Lakin Ermənistan bunun əksini etdi-az qala hər həftə sərhəddə atəşkəsi pozmaq yolunu seçdi. Qarabağdakı separatçı rejimin silahlı dəstələri də Ermənistanın sərhəddə törətdiyi təxribatlardan həvəslənirdi və onlar da Azərbaycan əsgərlərininin yerləşdiyi mövqeləri atəşə tuturdular, müxtəlif təxribatlar törədirdilər. Əslində Ermənistanla Qarabağdakı xunta rejimi bir-biri ilə əlaqəli sinxron hərəkət edirdilər. 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından 19 sentyabr 2023-cü ilə qədər onlar əsasən bu cür fəaliyyət göstərdilər: “Ermənistan separatçı rejimin xidmətinə verdiyi hərbi birləşmələrini həm də buna görə geri çağırmırdı. 19 sentyabrda Azərbaycan anti-terror tədbirləri həyata keçirməklə məsələni kökündən həll etdi. Və Qarabağ müharibəsi tarixində ilk dəfə məhz həmin gün Ermənistan sərhəddə təxribatlara əl atmadı və sərhəd boyunca müharibəyə qatılmadı. Bu, Nikol Paşinyanın əslində doğru qərarı idi. Çünki Ermənistan sərhəddə hərbi təxribatlara başlasaydı misli görünməmiş sərt cavab alacaqdı. 19 sentyabrdan sonra tamamilə yeni reallıq yaranıb. Ermənistan bu bir ayda sərhəddə təxribatlara getməməklə, sükutu pozmamaqla bu reallıqla barışdığını göstərmiş oldu. İndi qarşıda sərhədlərin delimitasiyası və demarkasiya, həmçinin sülh müqaviləsinin imzalanması dayanır. Əgər Ermənistan bu sükutu davam etdirəcəksə qeyd olunan işləri mümkün qədər tez bir zamanda həyata keçirmək mümkün olacaq. Ona görə də Ermənistan hökuməti Azərbaycanla sərhəddə sakitliyin daimi xarakter alması üçün bütün mümkün olanı etməlidir. Azərbaycan tərəfi onsuz da dəfələrlə bəyan edib ki, sülh sazişini imzalamağa hazırdır və Azərbaycan heç vaxt sərhəddə atəşi ilk açan tərəf olmayıb. Əgər Ermənistan həqiqətən sülh istəyirsə o zaman söyləyə bilərik ki, 1 aydır müşahidə olunan sakitlik uzunmüddətli, hətta daimi ola bilər. Yox əgər Ermənistan qarşıdakı mərhəldə sərhəddə atəşkəsi pozsa, təxribat törətsə Azərbaycan tərəfindən ən sərt cavab tədbiri görüləcək”.

Hərbi ekspert qeyd etdi ki, Ermənistanda olan separatçı qüvvələr, revanşist Qarabağ klanı, həmçinin Fransa səfirin timsalında yenə də gərginlik yaratmaq, aranı qatmaq istəyir. Nikol Paşinyan və onun hökuməti onların bu planlarının həyata keçməsinə şərait yaratmamalıdır. Eyni zamanda Fransanın qızışdırıcı, təhrikçi hərəkətlərinin təsiri altına düşməməlidir: “Nikol Paşinyan qətiyyən bu xəyallara düşməsin ki, yeni silahlar almaq üçün vaxt udsa vəziyyəti bir müddət sonra Ermənistanın xeyirinə dəyişə biləcək. Bu, mümkün deyil. Ona görə də Paşinyan nə qədər gec deyil sərhədlərin delimitasiya və demarkasiyasını tezləşdirməli, sülh müqaviləsini imzalamalıdır. Yeganə çıxış yolu budur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR