Onlayn ictimai-siyasi qəzet
Braziliyanın federal məhkəmə hakimi, Braziliya Federal Məhkəmə Hakimləri Assosiasiyasının aviasiya hüququ komissiyasının koordinatoru Marselo Honorato Rusiya səmasında vurulmuş Azərbaycan təyyarəsi ilə bağlı məqalə yazıb.
Aviasiya hüququ üzrə professor Marselo Honorato Rusiyada vurulmuş Azərbaycan təyyarəsinin “qara qutu”larını təhlil etmiş Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENİPA) də çalışır (ştatdankənar professor kimi).
Onun “Azərbaycan təyyarəsinin qəzası: günahkarlar cəzasını alacaqmı?” başlıqlı məqaləsi “Consultor Juridica” (“Hüquq məsləhətçisi”) elektron jurnalında dərc edilib.
Novator.az-ın məlumatına görə, Marselo Honorato “Consultor Juridica” jurnalında dərc etdirdiyi məqaləsində yazır ki, ilk dəfə deyil mülki təyyarə səhvən vurulur: “38 nəfərin ölümü ilə nəticələnmiş "Embraer 190" insidentinə qədər də bu cür hadisələr qeydə alınıb. 1983-cü ildə Cənubi Koreyanın, 1988-ci ildə İranın, 2017-ci ildə Malayziyanın, 2020-ci ildə Ukraynanın mülki təyyarələri vurulub. Cənubi Koreya təyyarəsində 279, İran təyyarəsində 290, Malayziya təyyarəsində 289, Ukrayna təyyarəsində 176 nəfər həlak olub".
Marselo Honorato bir neçə konkret bu kimi olaylardan yazır və gəldiyi nəticə budur ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin hava hücumundan müdafiə sistemi ilə vurulduğu rəsmən təsdiqini taparsa, günahkarların cəzalandırılması perspektivi məhduddur: “Dövlətlərin suverenliyi məsələsi cinayət işləri üzrə çıxarılan cəzaların yerinə yetirilməsi məsələsinə hələ də ən böyük maneə olaraq qalır, xüsusilə də cinayəti beynəlxalq gücə malik ölkənin vətəndaşları törədibsə.
Hava hüququ sahəsindəki bəzi müqavilələr “ya cəzalandır, ya təhvil ver” şərti ilə bağlanıb. Yəni dövlət təqsirləndirilən şəxsi məsuliyyətə cəlb edə də bilər, onu təhvil verə də bilər. Belə bir ikili prinsip isə yurisdiksiyada bəhanələrə əl yeri qoyur, cəzasızlıq üçün də şərait yarada bilir.
Başqa bir çətinlik istintaq prosesi ilə bağlıdır. Beynəlxalq qaydaya əsasən, təyyarə qəzasının istintaqı hadisənin baş verdiyi ölkədə aparılmalıdır. Hava təhlükəsizliyinin təmin olunması baxımından zəruri bir qaydadır, çünki aviasiya insidentinin istintaqını yerində, hadisənin baş verdiyi ölkədə aparmaq, əlbəttə, daha asan, daha əlverişlidir.
Amma təyyarələrin vurulması halında bu prinsip açıq-aşkar maraqların toqquşmasına gətirir. Çünki istintaq həmin hava nəqliyyatının vurulmasına görə məsuliyyət daşıyan dövlətin öhdəsinə buraxılır.
Bu normanın dəyişdiriləcəyi isə real görünmür, çünki mülki təyyarələr adətən hava hücumundan müdafiə sistemləri ilə vurulur, bu da öz növbəsində hərbi sirr və suverenlik məsələlərini ehtiva edir".
Professor Marselo Honorato məqaləsinin sonunda vurğulayır ki, bütün bu problemləri aradan qaldırmaq üçün hüquqi aktlara dəyişiklik edilməlidir: “Məsələn, Beynəlxalq Mülki Aviasiya Təşkilatı kommersiya təyyarələrinin beynəlxalq uçuşlar zamanı vurulması hadisələrinin araşdırılmasına nəzarəti həyata keçirmək üçün beynəlxalq komissiyalar yarada, həmçinin mülki təyyarə hava hücumundan müdafiə sistemi ilə vurulduqda üzv dövlətlərin vətəndaşlarının beynəlxalq cinayətləri araşdıran orqanlara tabe olması haqda beynəlxalq müqavilələr təklif edə bilər. Normativ hüquqi aktlar təkmilləşdirilməlidir. Bu baş verməyincə, raketlər hava məkanında sərbəst uçmağa davam edəcək”.
Bu arada “Embraer-190" sərnişin təyyarəsinin pilotları ilə dispetçerlər arasında söhbətin tam stenoqramı internetin Rusiya seqmentində yayılıb. Rusiya mətbuatı söhbətin stenoqramından istifadə edərək, təyyarə heyətinin Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, sonra yenidən Bakıya uçmaq və sonda Aktauya uçmaq barədə bütün qərarları müstəqil qəbul etdiyini xüsusi qabardır. Həmçinin quşlarla toqquşma, eləcə də göyərtəsində partlayan qaz balonu versiyalarının ekipaj tərəfindən səsləndirilməsi faktı geniş təbliğ olunur.
Rusiya mətbuatı təyyarə heyətinin Qroznı aeroportunun dispetçerinə eniş etmək istəyərkən qəfildən 2 GPS sisteminin ikisinin də sıradan çıxdığına dair dediklərini açıqlamır. Eyni zamanda təyyarəyə zərbə dəydiyinə dair deyilənlərin üstündən ötəri keçilir, pilotlar təyyarədə fövqəladə vəziyyət elan etməməkdə suçlanır.
Maraqlıdır ki, Rusiya İstintaq Komitəsi AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib. Bu barədə Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
O qeyd edib ki, dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, hava hücumundan müdafiə qüvvələrinin vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün kompleks komissiya təşkilati və texniki məhkəmə ekspertizası təyin edilib. Qurum rəsmisi qeyd edib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir. “Qroznı, Mahaçqala və "Mineralnıye Vodı"nın dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Kompleks aviasiya texniki ekspertizası təyin olunub", - Petrenko qeyd edib. Onun sözlərinə görə, hava gəmisinin bütün sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ