Onlayn ictimai-siyasi qəzet
Kardioloq İdris Xəlilov: “Son 30 ildə ürək-damar xəstəliklərindən ölümlər qlobal miqyasda 60 faiz artıb, amma ölkəmizlə bağlı məlumat yanlışdır”
Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdədir. “World Statistics” resursunun hesabatında belə deyilir. Dərc olunan cədvəldən görünür ki, ölkəmiz hər 100 min nəfərə 388 ölüm faktı ilə yalnız Tacikistandan geri qalır. O da cəmi bir ölüm faktı fərqi ilə. Tacikistanda bu göstərici 389-dur. İlk onluğa Özbəkistan (354 ölüm), Ukrayna (305 ölüm) və Belarus (282 ölüm) da daxildir. Siyahıda Rusiya 27-ci, Qazaxıstan 35-ci, İran 54-cü, Türkiyə isə 117-ci yerdədir. Yaponiya, Fransa və Cənubi Koreya daha az riskli ölkələr kimi sıralanır və reytinqdə ən aşağı üç yeri tutur: 181-ci, 182-ci və 183-cü. Bu statistika Azərbaycanda səhiyyə sistemindən tutmuş sosial həyata qədər vəziyyətin necə olduğuna dair müəyyən təsəvvür yaradır.
Qeyd edək ki, ötən il də buna bənzər statistik məlumat yayılmışdı. Sosial şəbəkələrdə ürək-damar xəstəliklərinin dünya ölkələrindəki miqyasını əks etdirən statistikada bildirilirdi ki, kişilərdə ürək-damar xəstəliklərindən hər 100 min nəfərə düşən ölüm hallarına görə Azərbaycan dünyada 1-ci yerdədir. İlk “beşlik”də həmçinin Tacikistan (2), Belarus (3), Özbəkistan (4) və Ukrayna (5) yer alıb.
Gürcüstan 18-ci, Rusiya 21-ci, Ermənistan 26-cı, İran 66-cı, Türkiyə isə 117-ci yerdədir. Ən sonuncu yerdə isə Yaponiya (182) və Cənubi Koreyadır (183). Yəni yaponlar və cənubi koreyalılar arasında infarktdan ölənlər minimumdur. Qadınların eyni statistikasına əsasən isə Azərbaycan 2-ci sırada qərar tutub. Başqa sözlə, bu göstərici üzrə də antirekordçuyuq.
Dünyada məşhur və ən çox istinad edilən mənbələrdən biri olan “worldlifeexpectancy”nin məlumatlarına görə də, ölkəmizdə sözügedən xəstəliklərlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz ötən il Tacikistandan sonra ikinci yerdə qərarlaşmışdı. Ölkəmizin 183 ölkə sırasında reytinq dərəcəsi 388.41 olub. Rusiya isə 204.50 reytinq dərəcəsi ilə siyahıda 27-ci yerdə qərarlaşıb və bununla ürək, qan-damar sistemi xəstəliklərinə görə Azərbaycanla yanaşı ən riskli ölkələrdən biri hesab edilib. Ən riskli ölkələr sırasında Ukrayna 4-cü, Gürcüstan 24-cü, Ermənistan 28-ci olub. Türkiyə isə riskin daha az olduğu ölkə kimi dəyərləndirilərək reytinqdə 127-ci yerdə qərarlaşıb.
Bakı Baş Səhiyyə Mərkəzinin 2023-cü il üçün yaydığı hesabata görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir. Odur ki, mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırır. Statistikaya görə, dünyada və o cümlədən də Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri kimi insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.
İdris Xəlilov
Tanınmış kardioloq İdris Xəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, “World Statistics” resursunun hesabatı doğru deyil: “Kiçik bir araşdırma aparsaq, başqa bir statistik məlumatlar qarşımıza çıxır. Ürək-damar xəstəliklərindən ölüm halları Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində daha yüksəkdir. Xüsusilə bu göstərici üzrə lider mövqeləri Ukrayna, Belarus və Qazaxıstan tutur. Bu ölkələrdə ürək-damar xəstəliklərindən ölüm nisbəti hər 100 000 nəfərə 8 000-dən çox ölüm nisbətinə malikdir. Dünya Ürək Federasiyasının da hesabatına nəzər salsaq, görərik ki, son 30 ildə ürək-damar xəstəliklərindən ölümlər qlobal miqyasda 60% artıb. Yüksək ölüm göstəriciləri Lesoto və Konqo kimi Afrika ölkələrində, həmçinin İndoneziya və Laos kimi Cənub-Şərqi Asiya ölkələrində də müşahidə olunur. Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada 75-ci yerdədir. Ümumiyyətlə, Avropa, ABŞ Azərbaycanla bağlı əksər vaxtlarda yalan məlumatlar verir. Azərbaycanda insanların həyat şəraiti heç də Afrikadan, ya da Orta Asiyadan geridə deyil. Əksinə, Avropa ölkələri ilə eyni səviyyədədir. 45 ildir həkim kimi fəaliyyət göstərirəm. Son 20 ildə Azərbaycanda insanların orta ömrü indiki kardiologiya nailiyyətləri sayəsində 20-30 il artıb. Heç bir Avropa ölkəsi bizim ölkəmizdəki statistikanı bizdən yaxşı bilə bilməz. Çünki onların bu statistikanı aparmağa imkanları yoxdur. Öz müşahidələrimə görə deyə bilərəm ki, 80-70-ci illərdə insanlar bu qədər uzun ömürlü deyildilər. İndi istənilən ürək xəstəliklərinin diaqnostikası Azərbaycanda mümkündür. Həmçinin son illərdə artıq pulsuz aparılır, sığorta öz öhdəsinə götürür. Avropa ölkələrində kardioloqun növbəsinə düşmək üçün altı ay vaxt lazım olur. İndi bəzi Avropa ölkələrindən pasiyentlər Azərbaycana gəlir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ