İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yeni təşkilat yaranır - açıqlama

Azərbaycanda yeni təşkilat yaradılır.

Musavat.com bildirir ki, bu barədə milli azadlıq hərəkatının aktiv simalarından olmuş Zəlimxan Məmmədli sosial şəbəkədə anons edib.

Z.Məmmədli bu barədə yazıb: “Bu gün - 31 dekabr Azərbaycanımızı ikiyə bölən sərhəd dirəklərinin söküldüyü gün – Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Yeni təqvim ilinə qədəm qoyuruq. Güneyli, Qüzeyli Azərbaycanımızı, Türk Dünyasını, Qafqazı və mütərəqqi dünyanı təbrik edir, 2025-ci ildə bəşəriyyəti çalxalayan təlatümlərdən dünyanı xilas etməkdə Türk millətinə Tanrıdan güc, qüvvət arzulayırıq”.

Siyasətçi daha sonra məqsəd-məramı barədə aşağıdakıları vurğulayıb: “Dəyərli millətimiz! Bu gün 31 dekabr tarixində xoşməramlı niyyətimizi sizinlə bölüşmək qərarına gəldik. Bu tarixi seçməyimiz bizim həmrəylik, birlik və bərabərlik, milli etimad düşüncəmizdən qaynaqlandı.

Ola bilər ki, siyasi proseslər sizi xeyli yordu, ancaq uğurlarımız da az olmadı. Suverenliyimiz təmin olunmuşdur. Bu zəfərdə əməyi olan hər kəsə təşəkkür borcumuz var. Tanrı bu yolda həyatlarını qurban vermiş şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə sağlıq və rifah dolu ömür versin.

Bundan sonra böyük ideallarımız sıralanmışdır. Bu ideallara qovuşmaq üçün çalışmalı, fədakarlıq etməliyik.

Bir sıra könül dostlarımızla uzun müddətli müzakirələrdən sonra səfərbər olunmağı və yeni bir ictimai platformada - BÖYÜK BİRLİK HƏRƏKATInda birləşməyi qərara aldıq. İlk təşəbbüs qrupu cəmiyyəti məlumatlandırmaq üçün mənə səlahiyyət vermişdir.

Azərbaycanmızın qarşısında mühüm hədəflər olduğunu düşünərək, bildiririk ki:

- Ölkəmizin və millətimizin bütövlüyü;
- Türk Dünyasının birliyi;
- Qafqazın bütövlüyü;
- Demokratik dəyərlərinin qorunması və inkişafı istiqamətində maarifləndirici fəaliyyət Böyük Birlik Hərəkatının əsas amalı olacaqdır.

BBH təşəbbüs qrupu hesab edir ki, Dövlət, Millət, Bayraq toxunulmazdır və hər kəs bu kutsal dəyərləri qorumağa borcludur!”
Z.Məmmədli qeyd edib ki, fəaliyyətimizdə Azərbaycanın milli qanunvericiliyinin tələblərinə və beynəlxalq hüquqa istinad ediləcək: “BBH bütün ictimai və siyasi qurumlarla bərabər məsafədə duracaq, fərliliklərə toletant yanaşacaq, cəmiyyətin geniş intellektual potensialını müqəddəs ideallar yolunda səfərbər etməyə çalışacaqdır. İnanırıq ki, xalqımızın geniş təbəqələrinin iştirakı ilə bu tarixi missiyanın öhdəsindən gələcəyik. BBH-nin təsis yığıncağını sizlərin himayəsi, dostların məsləhəti ilə yaxın, uyğun bir zamanda gerçəkləşdirəcəyik. Allah Dövlətimizi, Millətimizi, Bayrağımızı, Türk Dünyasını və müqəddəs yolumuzu qorusun.
Bir daha bayramlarınız mübarək olsun, bizə uğur diləyən ürəkləriniz var olsun. BBH təşəbbüs qrupu adından Zəlimxan Məmmədli
31 dekabr 2024
Bakı şəhəri”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR